Siyasət

"Milli birlik və siyasi həmrəylik Qələbəmizin rəhnidir" - REKTOR

"Milli birlik və siyasi həmrəylik Qələbəmizin rəhnidir" - REKTOR

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Vətənə ləyaqət nümunəsi sayılacaq ziyalılarımızdandır.

Hacıyev Fuad Hacı oğlu 27 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.
1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və “Mühəndis-texnoloq” ixtisasına yiyələnmişdir. 1994-cü ildə ali siyasi təhsil almışdır – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutununu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirmiş və “Politoloq” ixtisasına yiyələnmişdir.
Təhsil aldıqdan sonra istehsalatda mühəndis texnoloq işləmiş, Azərbaycan Komsomol Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. Müstəqillik dövründə Azərbaycan Respublikası Gömrük Xidmətində məsul vəzifələrdə çalışmışdır. 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışmışdır. 23 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən vəzifə sahiblərindəndir.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Fuad Hacıyevi yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Fuad müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Fuad Hacıyevin haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Fuad müəllim təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız-hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya yüzlərlə xeyirxah əməllərini də artırsaq onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda "Rektor Fuad Hacıyevin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, siz hər şeyi baş-ayaq anlamısız…

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Fuad müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

P.S

“Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir.Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.“

Bunu korrupsiya.com -a Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev bildirib.

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan ölkə ziyalısı deyib: “Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər.Azərbaycanın Qələbəsi regiona yeni əməkdaşlıq formatları gətirib. Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaqdır.Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.“

Rektor deyib: " Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir.Azərbaycanın tarixində yeni səhifə başlanır.Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır."


Şahin Orucov
korrupsiya.com