Gündəm

İlham Əliyevin Zəfər salnaməsi

İlham Əliyevin Zəfər salnaməsi

Faiq Hüseynov
SOCAR-ın Neft qazma trestinin rəis müavini olan


Qüdrətli Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin təntənəsini yaşayırıq. Bütövlüyümüzün, birliyimizin sevincini 11 milyonluq Azərbaycan xalqı olaraq bölüşürük.

44 günlük Vətən müharibəsinin böyük Qələbəsinin ildönümünü alnımız açıq, başımız dik, iftixarla qeyd edirik və əminliklə söyləyə bilərik ki, müstəqilliyimiz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli, vüqarlı, istiqrarlı olmamışıq.

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.

Azərbaycan xalqı qədimlərə söykənən şərəflə yazılmış tarixi ərzində zaman-zaman müdrik qərarlar qəbul edib. Seçimində heç vaxt yanılmayıb, qurub yaratdığı dövlətlər, seçdiyi liderlər qədim dünyanın, orta əsrlərin, müasir tarixin qəhrəmanlıq salnaməsinə, ədalət rəmzinə çevrilib. Bu gün də yaşadığımız parlaq tarix məhz xalqımızın sərrast seçimidir. Arzuladığımız xoşbəxt gələcəyi yaşayırıq, həmin gələcək bax, bu gündür, xalqımızın əzəmətli təfəkkürünün məhsuludur.

Birinci ildönümünü qeyd etdiyimiz şanlı Zəfərimizin memarı Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkliyə çevirən cənab İlham Əliyevdir. Bu Zəfər 18 illik müstəqil, qətiyyətli, prinsipial siyasətin bariz təcəssümüdür. Məhz cənab İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Bu şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu təsdiqlədi.

Ancaq torpaqlarımızın illərlə işğal altında olmasına baxmayaraq, Azərbaycan Prezidenti yürütdüyü siyasətlə hər zaman sülh tərəfdarı olduğunu dünyaya bəyan etdi. Dəvət olunduğu bütün beynəlxalq ali kürsülərdə, konfrans və forumlarda cənab İlham Əliyev xalqın səsini bəyan edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını istədi. Amma ikili standartlar prinsipi heç zaman Azərbaycandan yan keçmədi. Bu cəzasızlıq mühitindən yararlanan Ermənistan Qarabağda daşı daş üstə qoymadı. Bu azmış kimi Ermənistanın indiki rəhbərliyinin tutduğu azğın yol, həyasızcasına səsləndirdiyi bəyanatlar Azərbaycanın və şəxsən cənab İlham Əliyevin səbir kasasını daşdırmaya bilməzdi. Məhz buna görə də Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, Ali Baş Komandan böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi, ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi.

Sentyabrın 27-də xalqa müraciətində Ali Baş Komandan hər kəsi birliyə çağırdı və dövlət-xalq-ordu vəhdəti milli həmrəyliyin bəhrəsi oldu. Cənab İlham Əliyevin xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, qüdrətli Sərkərdə güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi.

Bu dövrdə Azərbaycana beynəlxalq təzyiqlər daha da gücləndi. Amma Ali Baş Komandan qətiyyətlə vurğuladı: “Danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu qələbəni qazandıq. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”

Haqq savaşına başlayan Azərbaycana digər tərəfdən dəstəklər də artırdı. Təkcə 120 üzv və 17 müşahidəçi dövləti, eyni zamanda 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatından Azərbaycana verilən dəstəyi göstərmək yetərlidir. Müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm platformaya sədrlik edən Azərbaycana göstərilən dəstək çox mühüm dəyərləndirilməlidir. Çünki Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycana dəstəyi ölkəmizi istəməyən qüvvələrə tərs sillə oldu. Çünki həmin dövlətlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə istinad etməyən birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan təşkilatın prinsipial mövqeyinə möhkəm sadiqliklərini nümayiş etdirdilər.

Vətən müharibəsi dövründə Prezident İlham Əliyev bütün cəbhələrdə öndə idi. Cənab İlham Əliyev Ali Baş Komandan kimi hərbi fəaliyyətindən tutmuş informasiya cəbhəsində apardığı mübarizəyə qədər hamısından qalib çıxdı. Tutarlı, sərrast cavabları, dəmir məntiqə əsaslanan arqumentləri ilə dünyanın aparıcı media mənsublarına verdiyi müsahibələrdə Ermənistanın bu sahədə apardığı yalan, heç bir həqiqətə əsaslanmayan böhtan dolu təbliğatını alt-üst etdi. Təkcə Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-ə müsahibə verən dövlət başçımız Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında dünya ictimaiyyətində müsbət rəy formalaşdırmağı bacardı. Artıq mövcud olmayan Qarabağ münaqişəsi, müharibənin başlama səbəbləri, gedişi barədə analitik şərhləri, diplomatik cavabları ilə Ermənistanın işğalçı, təcavüzkar mahiyyətini açıb göstərdi, terrorun bu ölkə tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etdi. Qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, səbirli, həmçinin əsaslandırılmış cavablarla hər kəsə öz yerini göstərdi.

Müzəffər Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz əsl sərkərdə olduğunu sübuta yetirən cənab İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında şanlı qələbə ilə başa çatdı.

Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən savaşı müddətində Azərbaycan Ordusu tərəfindən 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun 3 qəsəbəsi və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində strateji yüksəkliklər azad olundu. Noyabrın 20-də Ağdam rayonunun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri Azərbaycana təhvil verildi. Noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın şəhəri və 126 yaşayış məntəqəsi Azərbaycana qaytarıldı.

Məhz qalib Sərkərdənin diplomatik məharətinin nəticəsində Ermənistan onilliklərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.

Təbii ki, qələbənin əldə edilməsində müasir ordumuzla yanaşı, güclü iqtisadiyyatımız, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan Prezidentinin dediyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Respublika rəhbəri böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi.

Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa son müraciətlərində xüsusi vurğulayıb: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Prezidentin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, ayrı-ayrı soydaşlarımız Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm qələbənin əldə olunmasına öz töhfələrini verdilər.

Qarabağı “Dəmir yumruq”la azad edən Ali Baş Komandan regionda yeni reallıqlar yaratdı və proseslər göstərdi ki, artıq diktəni cənab İlham Əliyev edir.

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsinin başa çatmasından ötən bir il uzun zaman kəsiyi sayıla bilməz. Amma bu müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası onilliklərə bərabərdir. Döyüşlərin getdiyi ötən ilin bu vaxtlarında təsəvvür belə edə bilməzdik ki, cəmi bir neçə aya Qarabağ və Şərqi Zəngəzur möhtəşəm tikinti meydanına çevrilərək qələbəmizi və dövlətimizin gücünü bütün dünyaya bəyan edəcək. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası ilk olaraq infrastrukturun yaradılmasından, vaxtilə mövcud olmuş avtomobil yollarının yenidən qurulmasından və yeni yolların çəkilməsindən başladı. Çünki yol inkişaf deməkdir və yollar olmadan heç bir şəhərin və rayonun, kənd və qəsəbənin bərpasını və gələcəkdə sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.

Vətən müharibəsinin başa çatmasından 6 gün sonra - noyabrın 16-da Ali Baş Komandan qalib Sərkərdə kimi Qarabağa səfər etdi. Bu, tarixi bir gün idi. Həmin gün cənab İlham Əliyev savaş dövründə Azərbaycanın qəhrəman oğullarının döyüşə-döyüşə Şuşaya qədər getdikləri cığırları “Zəfər yolu” adlandırdı və həmin traektoriya ilə Füzulidən Şuşaya aparacaq yeni avtomobil yolunun təməlini qoydu.

Bu il yanvar ayının 14-də isə Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu, “Zəfər yolu” ilə Şuşaya qalib Sərkərdə kimi ayaq basdı və qədim qalamızdan dünyaya sülh mesajı verdi.

Bir gün sonra - iyunun 15-i Qurtuluş Günündə yeni tariximiz yazıldı. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda, Şuşada qarşıladı.

Şuşa şəhərində iki qardaş ölkənin liderləri - cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi imzaladılar. Bu bəyannamənin bağlanmasının məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 İyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Çünki biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda böyük dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”.

Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq var. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

İndi Qarabağın hər tərəfi böyük tikinti-quruculuq meydanına çevrilib. Prezident İlham Əliyevin tapşırığına uyğun bu ərazidə şəhər və qəsəbələrin, kəndlərin baş planı təsdiq edilir və sürətli tikinti işləri aparılır. Vətən müharibəsinin başa çatmasının heç bir ili tamam olmamış Qarabağda möhtəşəm layihələr reallaşıb.

Füzulidən Zəfərimizin zirvəsi olan Şuşaya “Zəfər yolu” çəkilib. Qarabağın hava qapısı adlandırdığımız Füzuli Beynəlxalq Hava Limanı açılıb. Bu hava limanının tikintisi Azərbaycanda yeni rekord kimi tarixə düşüb. İlin əvvəlində Prezident İlham Əliyevin təməlini qoyduğu hava limanı oktyabr ayında fəaliyyətə başlayıb.

Oktyabrın 26-sı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Həmin gün iki mühüm hadisə baş verib. Prezident İlham Əliyev qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Füzuli Hava Limanının açılışını edib, Zəngəzur dəhlizinin təməlini qoyublar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri, açılış və təməlqoyma mərasimində iştirak etməsi bu hadisənin nə qədər əhəmiyyətli və tarixi xarakter daşıdığını göstərdi.

Ümumiyyətlə, Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub. Bu gün qardaş ölkə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir və demək olar ki, keyfiyyətcə yeni müstəviyə keçib.

Vətən müharibəsi başlayan ilk saatlardan Türkiyə Prezidenti Azərbaycanla həmrəyliyini ifadə etdi. Bu, Azərbaycanın haqq işinə müdaxilə etmək iddiasında olan Ermənistanın havadarlarına bir mesaj oldu. Qardaş ölkənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər, beynəlxalq təzyiqlərə baxmayaraq, qardaşlıq mövqeyindən geri çəkilmədilər.

Zəngəzur dəhlizinin təməlqoyma mərasimindən sonra iki qardaş ölkənin liderlərinin verdiyi bəyanatlar bu möhtəşəm həmrəyliyin məntiqi davamı kimi qiymətləndirilməlidir. Həmin gün Qarabağda möhtəşəm yeni tarix yazıldı. Azərbaycan və Türkiyə liderləri - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan əzəli torpaqlarımızda əl-ələ verərək dünyaya mühüm mesajlar ünvanladılar. Prezidentlər bir daha bəyan etdilər ki, biz hər zaman bir yerdəyik, birliyimiz sarsılmazdır, əbədidir. Biz bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik, birliyimiz gücümüzdə, əməlimizdədir. Hər zaman çiyin-çiyinə bir yerdə irəliləyirik və ən yeni tarixi birlikdə yazırıq.

Təməli qoyulan Zəngəzur dəhlizi isə bütün Türk dünyasını birləşdirib yeni imkanlar açacaq. Bu dəhliz bölgə ilə yanaşı, bütün region ölkələri üçün də əhəmiyyətli olacaq, iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Asiyanı Avropaya birləşdirəcək bu avtomobil yolu ilə Azərbaycan yeni nəqliyyat damarı açacaq.

Bu gün Qarabağda sürətlə davam edən proseslərdən biri məhz yol-nəqliyyat infrastrukturudur. Prezident İlham Əliyevin hərbi əməliyyatların başa çatmasından sonra işğaldan azad olunmuş rayonlara etdiyi bütün səfərləri yeni avtomobil yollarının təməlinin qoyulması ilə yadda qaldı.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda uzunluğu 700 km-ə yaxın 10 yol infrastrukturu layihəsi icra olunur. Bunlar Füzuli-Şuşa - “Zəfər yolu”, yeni Əhmədbəyli-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam yollarıdır. Füzuli-Ağdam avtomobil yolu isə hələlik təməli qoyulan sonuncu layihədir. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Yeni avtomobil yollarının çəkilməsi elektrik və su təchizatı ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzura qayıdışın əsas mərhələlərindən biridir və təsadüfi deyil ki, bu istiqamətlərdə bütün layihələr paralel şəkildə həyata keçirilir. Eyni zamanda bu yolların bir qismi Zəngəzur dəhlizinin tərkib hissəsini təşkil edəcək.


Ölkəmizdə həmişə şəhidlərə ən ali hörmət və ehtiram göstərilib, onların ailələri dövlətin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub. Hələ Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın adları əbədiləşdirilirdi, onların ailələrinə, həmçinin qazilərə, müharibə iştirakçılarına xüsusi diqqət göstərilirdi, sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülürdü.

Bu ənənə Ulu Öndərin müzəffər davamçısı Prezident İlham Əliyev tərəfindən də ən ali səviyyədə uğurla davam etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi üçün ardıcıl və planlı şəkildə kompleks tədbirlər həyata keçirilib. Bu, dövlətin həmin kateqoriyadan olan insanlara xüsusi münasibətinin təzahürüdür. Buna 27 sentyabr - Anım günündə də bir daha şahidlik etdik. Həmin gün xalqımız böyük həmrəylik nümayiş etdirdi, şəhidlərimizin unudulmaz xatirəsi hörmətlə yad edildi, ruhlarına dualar oxundu. Yenə də öndə Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva gedirdi. Prezidentin və birinci xanımın bu tədbirlərə qatılması şəhid ruhlarına göstərilən ehtiramın, sayğının göstəricisi idi.

Bizlər bu Vətəni qanı, canı bahasına azadlığa qovuşduran, əzəli torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə, qazilərimizə, veteranlarımıza hər zaman borcluyuq. Şəhid ailələrinin, qazilərin, veteranların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Dövlət tərəfindən qısa zaman ərzində yüzlərlə şəhid ailəsi yeni mənzillərlə təmin edilib. Şəhid ailələri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri həyata keçirilir. Artıq 31 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunub. Zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin ailələrinə və qazilərimizə növbəti mənzillərin təqdim edilməsi dövlətimizin həm də sosial sahədə güclü, uğurlu siyasətini göstərir.

Ümumiyyətlə, ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Dövlət başçısının sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir və onlardan artıq 1850 mənzil verilib. Vətən Müharibəsi Qəhrəmanlarının, onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri davam etdirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da dövlətin belə sosial təşəbbüslərində yaxından iştirak edir. AHİK və onun üzv təşkilatları tərəfindən indiyədək minlərlə şəhid ailəsinə və qazilərə birdəfəlik yardım edilib, 161 şəhidin 269 övladı 18 yaşa çatanadək himayəyə götürülüb, hər ay onlara müxtəlif məbləğlərdə müavinət ödənilməkdədir. AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 5 milyon manatdan artıq vəsait xərclənib. O cümlədən Vətən müharibəsi dövründə AHİK-in İcraiyyə Komitəsinin qərarları ilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 022 605 manat ianə edilib, Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə kömək göstərilməsi məqsədilə muxtar respublikanın Həmkarlar İttifaqları Şurasına 150 000 manat köçürülüb. Qarabağ Dirçəliş Fonduna 600 000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə 1 494 858 manat, “YAŞAT” Fonduna isə 586 510 manat ianə edilib.

Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailəsi üzvlərinin sağlamlıqlarının bərpa olunması məqsədilə onlar istəkləri əsasında sanatoriya-kurort yollayışları ilə güzəştli şərtlərlə təmin olunurlar. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu qəbildən olan sosial tədbirləri davam etdirir.

Bu gün Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü möhtəşəm nailiyyətlər, böyük uğurlarla qeyd edən Azərbaycan yalnız müstəqilliyinin bərpasının deyil, ümumiyyətlə, tarixinin ən qüdrətli dövrünü yaşamaqla bərabər, həm də ən möhtəşəm zəfərinə müəlliflik edir. Bu zəfərin memarı, böyük nailiyyətlərin səbəbkarı isə cənab İlham Əliyevdir.

Bir xalq olaraq bundan sonra da cənab Prezidentin ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımıza şahidlik edəcəyik. Çünki dövlət başçımız xalqa verdiyi bütün vədləri ləyaqətlə yerinə yetirib. Bu bir həqiqətdir ki, cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən Azərbaycanın işğalla barışmayacağını dəfələrlə bəyan etdi və vədinə sadiq qalaraq xalqımızı qalib xalqa çevirdi, bütün dünyaya Azərbaycanın gücünü göstərdi, düşmənlərimizi rəzil etdi. Belə liderə malik olan xalq, dövlət xariqələr yaratmağa qadirdir.

Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdırsa, Prezident İlham Əliyev Qarabağımızı bizlərə qaytaran və onu yenidən gülüstana döndərəcək qətiyyətli Lider kimi tarixdə əbədi qalacaq.