Sosial

Azərbaycanın yeni yaşayış mərhələsi

Azərbaycanın yeni yaşayış mərhələsi





Vaxtilə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi haqqında dörd qətnamə qəbul etsə də, lakin bu məsələni həll etməyə borclu olan ATƏT 30 ilə yaxın müddətdə üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədi. Həm də Ermənistanın mənafeyini müdafiə edən bır sıra ölkələr, siyasətçilər bu problemin həllinin hərb yolu ilə həllinin mümkünsüzlüyü barədə fikirlər söyləyirdilər. Lakin xalqımızın milli maraqlarını hər şeydən üstün tutan, bu istiqamətdə məqsədyönlü, cəsarətli addımlar atan möhtərəm Prezidentimiz İlham Əliyev ən nüfuzlu, ən mötəbər tribunalardan, kürsülərdən dəfələrlə bəyan edirdi ki, biz bir qarış torpağımızı da düşmənə güzəştə getməyəcək, əgər sülh yolu ilə bu, baş tutmasa, nəyin bahasına olursa-olsun, o cümlədən hərbi yolla ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Ölkə başçımız 2021-ci il 30 avqust tarixində Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxışı zamanı bildirmişdir ki, indiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki biz azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar.

Azərbaycan xalqının uzun illər həsrətində olduğu doğma Qarabağ və Qarabağ ətrafında 7 rayonumuzun işğaldan azad olunması ilə nəticələnən şanlı Vətən müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini, əyilməzliyini, ruhunu, müzəffər ordumuzun döyüş qabiliyyətini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əzəli düşmənini həm döyüş meydanında, həm siyasi-diplomatik, həm də informasiya müharibəsində diz çökdürərək möhtəşəm tarixi və şanlı Zəfərə imza atdı. Şuşa şəhərinin, Xocavənd və Xocalı rayonlarının kəndlərinin, Suqovuşanın azad edilməsi ilə Azərbaycan həm də Dağlıq Qarabağa nəzarəti ələ aldı. Bu baxımdan ölkə Prezidenti Şuşada olarkən bildirmişdir ki, bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik.

Artıq mədəniyyətimizin beşiyi, gözəlliyi, füsunkarlığı ilə dünyanı heyrətə gətirən Şuşanın baş planı hazırlanmış və bu planın həyata keçirilməsi istiqamətində işlər uğurla və sürətlə həyata keçirilməkdədir. 30 avqust 2021-ci il tarixdə ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada olarkən “Qarabağ” hotelinin, Beynəlxalq Hava Limanının, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün, muzey-məqbərəsinin açılışlarında iştirak etmiş, Xüsusi Nümayəndəliyin yerləşəcəyi inzibati binada aparılan bərpa işləri ilə tanış olmuş, “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimində iştirak etmişlər.

1992-ci il mayın 8-də təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş ulu, qədim Şuşamız 2020-ci il noyabrın 8-də Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, yenilməzliyi, rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində mənfur düşmənin əsarətindən qurtulmuşdur. Azad Şuşada keçirilən “Xarıbülbül” festivalı, 30 avqust 2021-ci il tarixdə möhtərəm Prezidentimiz İlham Əliyevin də iştirak etdiyi Vaqif Poeziya Günləri və digər tədbirlər xalqımızın öz doğma torpağına olan tükənməz sevgisini, yurduna qırılmaz tellərlə bağlı olduğunu bütün dünyaya nümayiş etdirir.

Vaqif Poeziya Günlərində çıxışı zamanı ölkə başçımız qeyd etmişdir ki, dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi. Şuşa artıq azaddır. Biz azad Şuşada həyatı dirçəldirik. Şuşada festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir.

Təbriz İsmayılov,

Salyan rayonu Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Oxşar xəbərlər