Nazirlik əhaliyə MÜRACİƏT ETDİ
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandığı şanlı Qələbə hər birimizin yaddaşında əbədi həkk olundu. Bu Qələbə qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbçilərimizin rəşadəti, əzmi və xalqımızın öz Ordusuna və Ali Baş Komandanına inamı sayəsində əldə edildi. İndi isə gəlin, bu Zəfəri bizə yaşadanların xatirəsini əbədiləşdirmək üçün birgə səy göstərək!
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaqdır.
Bu barədə Sonxeber.az-a Mədəniyyət nazirliyindən məlumat verilib.
Nazirlik hər kəsi Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb
Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlarımızdan 18 yanvar 2021-ci il tarixindən başlayaraq həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsini xahiş edirik.
Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a
Maraqlanan şəxslər Aida Axundova (012) 498-83-51, (050) 546-33-32 ilə əlaqə saxlaya bilərlər.
Sonxeber.az
korrupsiya.com