Gündəm / Sosial

Şəhid Polkovnikin atdığı addımlar gələcək nəsillər üçün örnək olacaq və heç zaman unudulmayacaq

Şəhid Polkovnikin atdığı addımlar gələcək nəsillər üçün örnək olacaq və heç zaman unudulmayacaq





























2 iyul 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatlar, bütün Azərbaycan xalqının hiddət və qəzəbinə səbəb olmuşdur. Çünki, belə bir təxribatın Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazidə baş verməsi, işğalçı Ermənistanın təmas xəttində məqsədli şəkildə gərginlik yaratmaq niyyətindən xəbər verirdi. Həmin vaxtlarda Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgər və zabitlərimiz səbəblərindən asılı olmayaraq cəbhə xəttində törətdilən hər cür təxribatlara layiqincə cavab verdi, düşmən qüvvələrini yerində oturdu və düşmən tərəfi törətdiyi təxribatlara görə layiqli cəzasını da aldı. Qeyd olunan tarixdə baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi oldu. Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu istənilən təxribatın qarşısını anındaca almağa, hər qarış torpaqlarımızı qorumağa tam hazır olduğunu bir daha nümayiş etdirdi.

Tam əksəriyyət Ermənistan tərəfinin belə bir təxribatlara qol qoymasını, təcrübəsiz və populist baş nazir Nikol Paşinyan hakimiyyətinin beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmağa və ölkə daxilində baş verən gərginliyi azaltmağa hesablanmış addım kimi dəyərləndirdilər. Reallıq ondan ibarət idi ki, həmin vaxtlarda Ermənistanda hərbi-siyasi hakimiyyət əhalinin etimadının tamamilə itirmişdi və belə bir səbəb üzündən də, ölkədə dərin sosial-iqtisadi, siyasi böhran yaşanmaqda davam edirdi. dır. Yəni, naşılığı və savadsızlığı ucbatından bir neçə dəfə ictimaiyyət qarşısında biabır olmuş Nikol Paşinyan, ölkədə diktatura rejimi qurub siyasi rəqiblərini təqib etsə də, o, belə bir addımları ilə özünü xilas edə bilmədi. Çünki, Ermənistanı ağuşuna almış sosial-iqtisadi problemlər, rüşvətxorluq və korrupsiya halları, insan hüquq və azadlıqlarının boğulması, ölkə rəhbərliyinin siyasi opponentlərinə qarşı repressiyalarını davam etdirilməsi və s. Nikol Paşinyana xoş gələcək vəd etmirdi. Bəlkə də o, bu gün də öz-özlüyündə hesab edir ki, bu cür addımları ona təhlükə qarşısında qalan hakimiyyətini qorumaq imkanı verəcək. Hər kəsə aydındır ki, hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, baş nazirin hakimiyyətinə qarşı müxalif qüvvələr vahid cəbhədə birləşməkdədavam edirlər.
Şəhid Polkovnikin atdığı addımlar gələcək nəsillər üçün örnək olacaq və heç zaman unudulmayacaq
Faktdır ki, 12 iyulda Ermənistan tərəfinin qol qoyduğu təxribatlar Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı və sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, cəbhə bölgəsinə getmək, silaha sarılıb itirilmiş torpaqlarımızı işğaldan azad etmək və s. kimi çağırışlar səsləndirildi. Bu cür çağırışlar Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin, torpağa bağlılıq duyğusunun ən yüksək səviyyədə olduğunu göstərdi. Bəli, xalqımız belə bir tarixi vaxtlarda həmrəylik nümayiş etdirdi, gənclərin çoxu könüllü orduya yazılmaq istəyini ortaya qoydular. Baş verənlər onu göstərirdi ki, xalqımızın mübarizə əzmi heç də sınmayıb və hər kəs Ali Baş Komandanın, Silahlı Qüvvələrimizin yanındadır.

İşğalçı Ermənistanın günahı ucbatında dörd gün ərzində davam edən Tovuz döyüşləri zamanı təqribən 100-dən çox canlı qüvvəsini itirən, xeyli sayda hərbi texnikası sıradan çıxarılan düşmən ölkədə olmazın qarşıdurma yaşandı. Baş verənlər onu sübut edirdi ki, xalq riyakar Nikol Paşinyan hakimiyyətini qəbul etmir və qəbul etmək istəyində də deyil. Yəni, 12-16 iyul hadisələri zamanı işğalçı erməni ordusunun növbəti dəfə uğursuzluğla düçar olması səbəbindən, Ermənistanın hərbi-siyasi rəhbərliyi məsələlərin əsl mahiyyətini xalqdan gizlətməyə, sərsəm və yalan məlumatlar səsləndirməyə məcbur oldular. Məsələn, ölənlərin sayı barədə məlumatların gizlədilməsi, həmin gün Ermənistanda ciddi qarşıdurmaların baş verməsi ilə nəticələndi, etiraz aksiyaları geniş vüsət aldı, fəallar sosial şəbəkələrdə Nikol Paşinyan hakimiyyətini ciddi tənqid etməyə başladılar.


Həmin günlərdə müzəffər Azərbaycanın Ordusunun ön cəbhəsində vuruşan, atdığı addımları ilə “canlı tarix” yazan, hərbiçilər arasında döyüş ruhu yaradan, işğalçı ölkənin ordu birləşmələrinə “qan udduran” və qısa zaman kəsiyində öz şücaəti ilə ölkə miqyasında məşhur olan peşəkar hərbçilərimizdən biri də, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Mirzəyev İlqar Anzor oğlu oldu. Tovuz hadisələri zamanı şəhid olan İlqar Mirzəyev, 8 may 1973-cü ildə qonşu Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub. O, 1980-ci ildə həmin şəhərdəki orta məktəbə daxil olur və 1990-cı ildə orta təhsilini uğurla başa vurur. Kiçik yaşlarında ikən peşəkar hərbçi olmaq, vətəninə, xalqına xidmət etmək amalı ilə yaşayan İlqar Mirzəyev, 1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur və 1995-ci ildə bu təhsil müəssisəsində ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurur. Azərbaycan Silahlı Qüvvələrinin mərhum polkovniki ailəli idi və bu gün onun bir oğul, bir qız övladı var. 1995-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbədə təhsilini başa vuran İlqar Mirzəyev, ilk olaraq leytenant rütbəsi ilə xidməti fəaliyyətinə başlayır.
Şəhid Polkovnikin atdığı addımlar gələcək nəsillər üçün örnək olacaq və heç zaman unudulmayacaq
O, 2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirir və ayrı-ayrı vaxtlarda Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkirdəki hərbi hissələrdə xidmətdə olur. 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə, o, II və III dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif olunur. 2018-ci ildə Azərbaycan Ordusunun “100 illiyi” yubiley medalı ilə təltif olunan İlqar Mirzəyev, polkovnik-leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlir və 23 fevral 2019-cu ildə o, 3-cü Ordu korpusunun artilleriya rəisi vəzifəsinə təyin olunur. Qeyd edək ki, şəhid polkovnik hər zaman ona həvalə olunmuş bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mərhum polkovniki 14 iyul 2020-ci ildə Tovuzun sərhəd zolaqlarında baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olur. İyulun 15-də Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda son mənzilə yola salınır və uğrunda şəhid olduğu torpağa tapşırılır. Şəhid polkovnikin vida mərasimində onun ailə üzvləri, yaxınları, həmçinin müdafiə naziri Zakir Həsənov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 dekabr 2020-ci il tarixdə hərbi qulluqçuların təltif olunmaları haqqında imzaladığı Sərəncamına əsasən, ölümündən sonra İlqar Mirzəyevə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilir. Əldə etdiyimiz məlumatlara görə, Polkovnikin şəhid olmasından bir ay sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı tərəfindən onun barelyefi hazırlanır. Bütün bunlar onu sübut edir ki, canını, qanını uğurunda mübarizə aparıb qorumağa çalışdığı Vətən yolunda qurban verən İlqar Mirzəyevin atdığı addımlar, məhz müasir tariximizin parlaq səhifələrindən biridir. Bəli, Azərbaycan Silahlı Qüvvələrinin mərhum Polkovniki bu cür addımları ilə “canlı tarix” yazdı, müzəffər ordumuzun döyüşkən ordu olduğunu, düşmən üzərində qalib gələcəyini əməli addımları ilə sübut yetirdi. İnanırıq ki, İlqar Mirzəyevin ölməz adı gələcək nəsllər üçün bir örnək olacaq və heç zaman unudulmayacaq.

Bəli, torpaq, Vətən uğurunda qəhrəman hərbçilərimiz şəhid olsalar da, bu gün hər kəs, ələlxüsus düşmən ölkə dərk etməlidir ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var. Yəni, bu gün 1990-cı illər deyil ki, milli ordu birləşmələri olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Faktdır ki, hazırda Azərbaycanın Silahlı Qüvvələri cəbhədə ümumi vəziyyətə nəzarət edir, Ermənistanın işğalçı ordusuna sərt formada cavab verməyi bacarır və baş verən hadisələrə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ona görə də, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini, təxribat əməllərini kəskin şəkildə pisləməli və işğalçı ölkəyə qarşı təzyiqlərini artırmalıdır. Düşünürük ki, Ermənistanın bügünkü riyakar və sərsəm baş naziri Nikol Paşinyan hansı addımlarını atsa da, o, heç bir halda özünü və hakimiyyətini “düşdüyü burulğan”dan xilas edə bilməyəcək. Odur ki, düşmən ölkənin siyasi rəhbərliyi birdəfəlik başa düşməlidir ki, Qarabağ Azərbaycandır!

Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!

Elyana DİLBAZİ,
Yazıcı-publisist.