Gündəm / Siyasət / Araşdırma

Şəhid general Polad Həşimovun adı heç zaman unudulmayacaq

Şəhid general Polad Həşimovun adı heç zaman unudulmayacaq

Hər kəsə bəllidir ki, ötən əsrlər ərzində məğrur xalqımızın yenilməz övladları “Vətən müqəddəsdir, vətən əzizdir” deyib, ulu babalarımızdan bizə miras qalan müqəddəs torpaqlarımızın hər qarışını göz bəbəyi kimi qorumağa çalışmış, bu yolda canlarından keçmiş və atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxmışlar. Faktdır ki, vətən torpaqlarının bütövlüyü uğurunda bənzəri olmayan qəhrəmanlıqlar göstərən, tarixdə xariqələr yaradan bu cür övladların adları heç zaman unudulmayıb, heç zaman yaddaşlardan çıxmayıb. Bugünkü günümüzə gəldikdə isə onu deyə bilərik ki, yenə də canını, qanını Vətən torpaqlarının bütövlüyü yolunda qurban verən, yaxud da qurban verməyə hazır olan neçə-neçə oğul və qızlarımız var ki, onların adları xalqımızın tarixi yaşadıqca yaşayacaq. Çünki, onların da taleyinə vətəni sevmək, doğma xalqına bağlı olmaq istəyi yazılır. Bəli, tarix çox şeyləri aşkara çıxarır, çoxlu sayda hadisələrin “canlı şahid”i olur. Yəni, yaxın tariximizdə baş verənlər bir daha onu sübut etdi ki, Azərbaycan xalqı vətən sevgisinin sönməz hissi ilə “alışıb-yanan”, yeri gəldikdə canlarını bu yolda “fəda etməyə” hazır olan bir xalqdır.

44 gün davam edən və xalqımızın parlaq qələbəsi ilə nəticələnən Vətən müharibəsindən əvvəl kimlərsə bizi iradəsiz, zəif, qorxaq xalq olaraq qəbul edirdisə, baş verən son hadisələr onların yanıldıqlarını bir daha sübuta yetirdi. Yəni, hər kəsə bəyan oldu ki, bu məmləkətdə doğulub boya-başa çatan, vətənini sevən, xalqına bağlı olan qəhrəman övladların sayəsində, biz heç zaman “məğlub xalq” adını üzərimizə götürə bilmərik. Bəli, istər I Qarabağ müharibəsində, 2016-ci ilin aprel döyüşlərində, 2020-ci ilin iyul hadisələrində, istərsə də II Qarabağ müharibəsində neçə-neçə vətən oğullarının bənzəri olmayan qəhrəmanlıqları üzə çıxdı, məhz bir daha xalqımız qürurlu iradəsini ortaya qoymağı bacardı. Bu sırada general Polad Həşimovun xüsusi yeri, xüsusi rolu oldu. Qeyd edək ki, Qəhrəmanımız 2016-cı ildə aprel döyüşlərində yaxından iştirak edir və müəyyən bədən xəsarətləri də alır. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilir. Bir faktı qeyd edək ki, 2016-cı ilin aprel hadisələri zamanı “Talış yükəkliyi” adlanan ərazidə yeddi döyüş postu olur. Həmin postlardan biri “Polad postu” adlanır ki, onu aprel müharibəsində Polad Həşimov azad edir və məhz onun şərəfinə də belə adlanır. O, canını, qanını torpaqlarımızın bütövlüyü uğrunda qurban verən Vətən oğullarından biri oldu. Bəli, zaman keçəcək, dövr yeniləşəcək, illər bir-birini əvəzləyəcək, o halda adı hər kəs tərəfindən iftixar hissi ilə çəkiləcək general Polad Həşimovun atdığı addımlara, göstərdiyi qəhrəmanlıqlara, məhz tarixin özü lazım olduğu qiymətini verəcək. Çünki, o, ölümü ilə ən uca zirvəyə, məhz Şəhidlik zirvəsinə ucalmış Vətən oğullarından biri oldu.
Şəhid general Həşimov Polad İsrayıl oğlu 02 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olur və bir qədər vaxt keçdikdən sonra onların ailəsi Sumqayıt şəhərinə köçür. İlk əvvəl orta təhsilini Sumqayıtdakı 28 nömrəli, daha sonra 34 nömrəli orta məktəbdə davam etdirən Polad Həşimov, orta təhsilini uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur və sonrakı təhsilini Türkiyədə davam etdirir. Ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, xidməti fəaliyyətinə başlayır. General ailəli idi və onun iki oğul, bir qız övladı var. Deyilənlərə görə qızı onun böyük övladıdır və hələ orta məktəbi bitirməyib. Ötən illər ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olan Polad Həşimov, 2003-cü ildə mayor rütbəsində olarkən ulu öndər Heydər Əliyevin imzaladığı sərəncam əsasında “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunur.
Altı ildən sonra, yəni 2009-cu ildə o, polkovnik-leytenant rütbəsinə yüksəlir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə “Vətən uğurunda” medalı ilə təltif olunur. 25 iyun 2014-cü ildə III dərəcəli “Vətənə xidmətə görə “ordeni ilə təltif olunan Polad Həşimov, 2016-cı ilin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlara görə də, II-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur. 2016-cı ilin 2-4 aprelində cəbhəboyu ərazilərdə baş verən şiddətli döyüşlər zamanı o, Talış qəsəbəsi uğrunda gedən döyüşləri davam etdirən 1-ci Ordu Korpusunun Qərargah rəisi vəzifəsini daşıyır və döyüş vaxtı yaralanır. 25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir və az sonra o, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsinə təyin olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov, 14 iyul 2020-ci ildə Tovuz rayonunun sərhəd ərazilərində baş verən şiddətli döyüşlər zamanı işğalçı Ermənistanın Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da, Polad Həşimov 1988-ci ildən başlayan Qarabağ müharibəsində Qismət Qayıbovdan və Məhəmməd Əsədovdan sonra şəhid olan üçüncü Azərbaycan generalı oldu. Ötən ilin 14 iyulunda Generalın nəşiəvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, daha sonra yaşadığı Sumqayıt şəhərinə gətirilir.
İyulun 15-də Polad Həşimov II Fəxri Xiyabanda polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunur. Vida mərasimində müdafiə naziri Zakir Həsənov, müdafiə nazirinin müavini Ramiz Tahirov, baş qərargah rəisi Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak edirlər. 9 dekabr 2020-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında mərhum Generala ölümündən sonra Milli Qəhrəman adı verildi. Qeyd edək ki, general Polad Həşimov Milli Qəhrəman adına layiq görülməzdən əvvəl, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və s. görə, bir çox orden və medallarla da təltif olunur. Belə ki, o, 2001-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, 2002-ci ildə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, 2003-cü ildə “Hərbi xidmətlərə görə” medalı, 2007-ci ildə II-ci dərəcəli “Qüsursuz xidmətlərə görə” medalı, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, 2009-cu ildə “Vətən uğurunda medalı”, 2012-ci ildə I-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı, 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, 2014-cü ildə 3-cü dərəcəli “Vətən xidmətə görə” ordeni, 2016-cı ildə II-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2017-ci ildə “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı və 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunur.
Ümumiyyətlə, Polad Həşimovun həyat və fəaliyyəti haqda az-çox məlumatlı olan hər kəs bilir ki, o, elmə, təhsilə dərin maraq göstərən, daha çox hərb sahəsinə aid bəddi ədəbiyyatları oxumağa çalışan bir şəxs olur. Bundan əlavə o, incəsənətə, musiqiyə böyük maraq göstərir, “Mədəniyyət kanalı”nda efirə gedən konsertləri dinləyir, klassik əsərləri, xalq mahnılarını daha çox sevir, hər şeydə olduğu kimi musiqinin də keyfiyyətlisinə önəm verir. Mərhum General internet isifadəçisi olmur və hər zaman övladlarından xahiş edir ki, dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından olan Bethovenin əsərlərini tapıb ona dinlətsinlər. Əldə etdiyimiz müəyyən məlumatlara görə o, hər dəfə maaşını alıb evinə gedər, evinin ehtiyaclarını tam şəkildə ödədikdən sonra yerdə qalan pullar hesabına hərbi hissədə əsgərlərə hamam tikir, yol çəkir. Hətta, Polad Həşimov yun köynəklərini, ayaqqabılarını əsgərlərə paylayır. Belə bir addımlarına görə o, xalqın sevgisini daşıdığı vəzifəsinə görə deyil, məhz atdığı addımlarına görə qazanır. Qeyd edək ki, general Polad Həşimov dövlətin ona verdiyi mənzili şəhid ailəsinə hədiyyə edir. O, olduqca sirli, müdrik, uzaqgörən, ani müddət ərzində düzgün qərar qəbul etməyi bacaran, heç vaxt qarşısında olan insanı sıxışdırmağa çalışmayan, özündən aşağıda görməyən, hər kəslə gözəl ünsiyyət qurmağı bacaran və digər müsbət keyfiyyətləri özündə cəmləşdirən bir şəxs olur. Dini bayramlar yaxınlaşarkən Polad Həşimov toy-bayram içində olur, çoxlu sayda qurbanlar kəsir, Peyğəmbər Əleyhissalamı çox sevir. O, ömrünün ötən 28 ilini hərbi xidmətdə keçirir, hətta elə bölgələrdə hərbi xidmətdə olur ki, həmin yerlərdə 1 il hərbi xidmət müddəti 3 ilə bərabər hesab olunur. Buradan belə çıxır ki, bu şəxsin hərbi xidməti yaşından bir neçə dəfə çox olur. Düşünürük ki, belə bir əqidə, belə bir əməl və amal sahibi olan, xalqını hədsiz dərəcədə sevən, vətəninə bağlı olduğunu əməli addımları ilə sübuta yetirən Polad Həşimovun əziz xatirəsi heç vaxt unudulmayacaq, daim yaddaşlarda əbədi olaraq yaşayacaq.
Bəli, bu gün yaşından, daşıdığı vəzifəsindən, tutduğu mövqeyindən və s. asılı olmayaraq hər kəs Polad Həşimovun adına, onun ölməz ruhuna hörmətlə, ehtiramla yanaşır və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Generala sonsuz məhəbbətlərini ifadə edirlər. Məsələn, əldə etdiyimiz başqa bir məlumata görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı tərəfindən Polad Həşimovun büstü, rəssam Ülkər Əbülfət tərəfindən zərlə çəkilmiş, rəssam Məcnun Rəfiyev tərəfindən isə çay daşları ilə işlənmiş portreti hazırlanıb.
Bundan əlavə, 2020-ci ilin avqustunda “Qanun” nəşriyyatı tərəfindən general haqqında “Polad generalımız”, “Hədəf nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində isə “General Polad Həşimov xatirələrdə” adlı kitabı nəşr olunur. 2020-ci ildə Qəbələ şəhərindəki Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilir. Bu küçənin başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayır və son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir. 28 oktyabr 2020-ci ildə Türkiyə Respublikasının Bursa şəhər Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışı olur. Bütün bunlardan əlavə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə “Paşam, hey” adlı mahnı və klip hazırlamışdır ki, burada Aygün Muradxanlının rəhbəri olduğu layihənin bəstəkarı Faiq Şücəddinov, sözlərinin müəllifi Musa Urud, mahnının ifaçısı isə Şəmistan Əlzamanlı olur. Bütün bunlar onu göstərir ki, 9 dekabr 2020-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında Milli Qəhrəman adına layiq görülən mərhum general Polad Həşimova qarşı xalqın məhəbbəti sonsuzdur, tükənməzdir. İnanırıq ki, əsrlər keçsə də onun ölməz ruhu daim qəlblərdə yaşayacaq və heç zaman unudulmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin! Qarabağ Azərbaycandır!

Elyana DİLBAZI,
Yazıcı-publisist

Oxşar xəbərlər