Gündəm / Siyasət / Araşdırma

TOVUZ HADİSƏLƏRİ TARİXİMİZİN QƏHRƏMANLIQ SALNAMƏLƏRİNDƏNDİR

TOVUZ HADİSƏLƏRİ TARİXİMİZİN QƏHRƏMANLIQ SALNAMƏLƏRİNDƏNDİR
Məlumdur ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində 12 iyul 2020-ci il tarixdə başlayan erməni təxribatı, bir daha işğalçı ölkənin hansı cılız simaya, hansı cılız hissiyata sahib olduğunu açıb ortaya qoydu. Yəni, həmin gün Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini ağır artilleriya qurğularından atəşə tutmağa başlayır. Bundan əlavə, həmin gün Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin sərhədboyu ərazilərə əlavə ağır zirehli texnikalar və canlı qüvvə toplamalarını da müşahidə edir. Bu, işğalçı Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırmasının sübutu olur. Yəni, 12 iyuldan başlayaraq Ermənistan Silahlı Qüvvələri, Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağa başlayırlar. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınsa da, döyüşlər sonrakı günlərdə də davam edir.

Döyüşlərin gedişi zamanı Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin bir neçə dayaq məntəqələri, artilleriya qurğuları, xeyli sayda avtomobil texnikası və canlı qüvvəsi məhv edilir. Azərbaycan Müdafiə Nazirliyi düşmənə qarşı cəza tədbirləri həyata keçirildiyini, qarşı tərəfin isə itkiləri barədə məlumatları gizlətməyə çalışdığını qeyd edir. Həmin günlərdə Tovuz rayonunun sərhəd kəndlərində, ələlxüsus Ağdam və Əlibəyli kəndlərində, həmçinin digər yaşayış məntəqələrinə yaxın ərazilərdə düşmən tərəfi müəyyən təxribatlara əl atmaqla hansısa məkrli planlarını həyata keçirmək niyyətinə düşür.
İşğalçı ölkənin bu cür iyrənc addımlarına şanlı Azərbaycan ordusunun döyüşkən qüvvələri tutarlı cavab verdilər və 2016-cı ilin aprel hadisələri zamanı verdikləri “ibrət dərsi”ni bir daha onlara “başa saldılar”. Onu da vurğulamaq yerinə düşər ki, ötən illər ərzində Azərbaycanın Silahlı Qüvvələri kifayət qədər təkmilləşmiş, döyüş ruhu birəbeş artmış, hər cür texniki avadanlıqlarla, silah növləri ilə təmin olunmuş, bir sözlə lazımi təminatları tam şəkildə ödənilmişdir. Ona görə də, bu gün ordumuzda ruh yüksəkliyi, döyüşkənlik əzmi ən yüksək səviyyədədir. Bütün bunların kökündə ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının varlığı durur. Yəni, ötən illər ərzində cənab Prezidentin, bütövlükdə dövlətimizin ordumuza qarşı yanaşması, məhz lazımi uğurları əldə etməyimizə imkan verdi.
Faktdır ki, Azərbaycan Ordusunun 12-16 iyul günlərində əldə etdiyi parlaq qələbələr, erməni işğalçı ordusunu və ölkənin siyasi rəhbərliyini tam şəkildə çıxılmaz duruma saldı. Yəni, ötən illər ərzində riyakar mövqeyini ortaya qoyan, yerli ictimaiyyətlə bərabər, beynəlxalq ictimaiyyəti də aldatmağa çalışan işğalçı ölkənin baş naziri Nikol Paşinyan və onun siyasi komandası, həmin günlərdə yaşadıqları uğursuzluqları öz xalqından gizlətməyə çalışsalar da, son anda onlar geniş xalq kütləsinin ciddi müqaviməti ilə üz-üzə qalmalı oldular.
Çox keçmədi ki, erməni xalq küçələrə axışıb etiraz səslərini ucaltdılar, Nikol Paşinyandan və onun komandasından baş verən ölüm faktlarının hesabatlarını tələb etdilər. Bu cür ciddi etiraz və müqavimətin qarşısında çıxılmaz duruma düşən Ermənistanın siyasi rəhbərliyi nə qədər “oyun qaydası” oynasa da, heç də düşdüyü vəziyyətdən çıxa bilmədi. Adicə dörd gün ərzində 100-dən çox canlı qüvvəsini itirən, xeyli sayda hərbi texnikası sıradan çıxan Ermənistanda olmazın qarşıdurma yaşandı. Belə bir halın varlığı onu söyləməyə əsas verdi ki, xalq riyakar ermənistan hakimiyyətini heç cür qəbul etmir və qəbul etmək istəyində də deyil. Onu da qeyd edək ki, 12-16 iyul günlərində işğalçı erməni ordusunun növbəti dəfə uğursuzluğla düçar olması, Ermənistanın riyakar siyasi rəhbərliyini məsələlərin əsl mahiyyətini gizlətməyə, sərsəm və yalan məlumatlar səsləndirməyə vadar etdi. Məsələn, düşmən tərəfinin ölənlərin sayı barədə məlumatları məqsədli şəkildə gizlətməsi, həmin gün Ermənistanda ciddi qarşıdurmanın baş verməsi ilə nəticələndi. Yəni, işğalçı ölkədə etiraz aksiyaları başladı, fəallar sosial şəbəkələrdə Nikol Paşinyan hakimiyyətini ciddi tənqid etdilər. Bir faktı da qeyd edək ki, bir çox tədbirlərdə özünü gülünc vəziyyətə salan, açıq-aşkar şəkildə savadsızlığını ortaya qoyan, ara-sıra sərsəm bəyanatlar verən Nikol Paşinyan və onun hərbi-siyasi komandası yerlərdə ironiya ilə qarşılandı və tam əksəriyyət onların yalanlarına heç cür inanmadılar.
Bəli, bu cür hadisələr işğalçı ölkəni sarsıtsa da, bizim ölkəmizdə isə fərqli mənzərə yaşandı. Yəni, Tovuzun cəbhəboyu ərazilərində şanlı ordumuz düşmən üzərində üstünlüyünü əldə etdikcə Bakıda, Sumqayıtda, Xırdalanda və digər yerlərdə geniş xalq kütləsi küçələrə axışdı və cənab Prezidentə, Silahlı Qüvvələrimizə həmrəylik nümayiş etdirdilər. Yaşanan belə bir mənzərə onu sübut etdi ki, düşmən ölkədən fərqli olaraq Azərbaycan Respublikasında xalqla iqtidar arasında birlik möhkəmdir, heç cür sarsılmazdır. Baş verənlər bir daha onu sübut etdi ki, bu cür həmrəylik aksiyaları cənab Prezidentə, zabitlərimizə, əsgərimizə verilən gücdür, əvəzsiz dayaqdır. Bəli, hazırda xalqımız dövlət başçısının yürütdüyü müdrik siyasəti dəstəkləyir, lazımınca da müdafiə edir. Bütün bunlara baxmayaraq, həmin günlərdə yaranmış vəziyyətdən hansısa maraqlarını həyata keçirməyə çalışanlar da oldu. Yəni, keçirilən həmrəylik tədbirlərində gecə saatlarında bir qrup şəxs və ya şəxslər polisin dağılma tələbinə əməl edib evlərinə qayıtsalar da, bəzi şəxslər isə, polisin bu yöndə çağırışına əməl etməyib Milli Məclisin binasına daxil olurlar və oradakı avadanlıqlara zərər vurub, hətta jurnalistlərə qarşı zorakılıq tətbiq etməkdən də çəkinmirlər. Belə bir təxribata əl atanlar cənab Prezidentə, dövlətimizə, ordumuza göstərilən dəstək aksiyasının istiqamətini dəyişib Milli Məclisin foyesində “Allahu-Əkbər” şüarları səsləndirirlər. Bəli, həmin an Azərbaycan polisi və digər güc strukturlarının əməkdaşları bu cür təxribatların qarşısını qətiyyətlə almağı bacardılar. Baş verənləri təhlil etməklə belə bir qənaətə gəlmək olur ki, bu cür təxribata qol qoyanlar, məhz “beşinci kalon”un nümayəndələridirlər. Onlar bu cür iyrənc addımlarının qarşılığında cəzalarını aldılar, yenə də almaqdadırlar. Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan Respublikası olduqca güclü dövlətdir və hər cür təxribatların qarşısını almağa da hazırdır.
Əlavə olaraq onu da qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yaşanan qarşıdurmaların, baş verən ölüm faktlarının bütün məsuliyyəti bugünkü Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Çünki, Nikol Paşinyan və onun siyasi komandası hələ də riyakar mövqelərindən daşınmayıblar və müəyyən təxribati işlərlə məşğul olmaqda davam edirlər. Amma, onlar onu undurlar ki, aparılan bu haqq mübarizəsində heç zaman Azərbaycana qalib gələ bilməyəcəklər. Bir anlığa diqqət yetirək ki, 12 iyulda ermənilərin qol qoyduqları təxribat əməllərindən sonra, dünyanın bir çox ölkələri ölkəmizə qarşı həmrəylik nümayiş etdirdilər, Azərbaycanın haqq mövqeyini müdafiə etdilər. Bu cür yanaşmalar onu göstərir ki, həmin ölkələr Ermənistanın işğalçılıq siyasətini görürlər və belə bir səbəb üzündən də, Azərbaycanın mövqeyini dəstəkləmək qərarını verdilər.
Bəlli bir həqiqətdir ki, Azərbaycan tərəfi hər zaman münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının tərəfdarı olub. Ermənistan tərəfi isə münaqişənin həlli məsələsində qərəzli mövqe ortaya qoyub və bütün hallarda təxribat xarakterli addımlarını atıb. Diqqət yetirək ki, 12 iyulda döyüş əməliyyatları başlayarkən düşmən ordusu ləngimədən növbəti təxribatlara əl atır və mülki insanları atəşə tutmağa başlayırlar. Məsələn, həmin günlərdə Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi nəticəsində, rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz İzzət oğlu Əzizov aldığı bədən xəsarətlərindən dünyasını dəyişdi. Bu cür addımlar atmaq, yəni mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları, azyaşlıları və s. qətlə yetirmək, birbaşa erməni faşizmi, erməni barbarlığı demək oldu. Bəli, Ermənistan bu yöndə atdığı addımları ilə özünün terrorçu dövlət olduğunu bir daha ortaya qoyur. Faktdır ki, həmin günlərdə düşmən tərəfi artilleriya qurğularını mülki insanların yaşadıqları kəndlərin yaxınlığında məqsədli şəkildə yerləşdirirlər ki, Azərbaycan ordusu cavab atəşi açdıqda, onlar da mülki insanları atəşə tutsunlar. Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar Ermənistanın atəşkəsi pozması, mülki şəxslərin ağır silahlardan bombalanması haqda məlumatlandırılsalar da, heç bir qurum və yaxud hansısa dövlət Ermənistana qarşı təzyiqlərini gücləndirmirlər.

Elyana DİLBAZİ,
Yazıcı- publisist