Siyasət

Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir

Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın,  dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir Cavadova Sevil Eyvaz qızı
Səbail rayonu 163 nömrəli tam orta məktəbin direktoru

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Dövlətimizin başçısı yerli sakinlərlə görüşü zamanı İkinci Qarabağ müharibəsində Füzuli rayonunun azad olunmasının əhəmiyyəti, buradakı hərbi əməliyyatlar zamanı əsgər və zabitlərimizin nümayiş etdirdikləri şücaətlər, eyni zamanda ermənilərin vandalcasına dağıtdığı Füzuli şəhərinin və onun kəndlərinin hazırda bərpası və yenidən qurulması istiqamətində görülən və görüləcək mühüm işlərdən danışmışdır.
Qeyd etmək lazımdır ki, Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi.Ermənistan ordusu darmadağın oldu, erməni mifologiyasına son qoyuldu, “yenilməz Ermənistan ordusu” məğlub oldu. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizivə beləliklə, müharibənin taleyi həll olundu.Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı.
Füzuli ən çox dağıntılara məruz qalmış rayonlarımızdandır. Erməni vandalları Füzuli şəhərini tamamilə yerlə-yeksan ediblər. Azərbaycan xalqı yaxşı xatırlayır ki, Füzuli azad olunandan sonra orada bir salamat bina tapılmayıb ki, Milli Ordunun əsgərləri orada bayrağımızı sancsınlar. Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini öz gözləri ilə görür və gördüklərindən dəhşətə gəlir.Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar.
Buna baxmayaraq, dövlət başçısı bildirib ki, Füzuli şəhəri və rayonun kəndləri bərpa ediləcək. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir.
Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlər dövlətin vəsaiti hesabına reallaşdırılır.
Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihəgələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin, daha sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır. Görülən bütün işlərin bir məqsədi var: keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması.
Bütün bu bərpa işləri böyük vəsait tələb edir. Azərbaycan heç kimdən heç bir yardım almayıb və almayacaq. Bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.