Hadrutun işğaldan azad edilməsinin ildönümüdür
Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 1 il ötür.
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da erməni işğalçılarından azad edilib.
Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyini Azərbaycan Prezidenti, Ali Baş Komandan 2020-ci il oktyabrın 9-da xalqa müraciətində elan edib.
Dövlət başçısı aparılan uğurlu əməliyyatla Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Sor kəndlərinin və Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib.
Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur.
Hadrut əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun ağır məğlubiyyəti olmaqla yanaşı, psixoloji baxımdan da ermənilərə böyük zərbə oldu. İşğalçı bu məğlubiyyətdən özünə gəlmədi, Azərbaycan Ordusunun isə Şuşaya yolu açıldı.