Hadisə

“Müstəqillik haqqında” qanun layihəsi ilə bağlı ŞƏRH

“Müstəqillik haqqında” qanun layihəsi ilə bağlı ŞƏRH


“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini bərpa edib, həmin tarixdən 30 il keçir. Bu illər ərzində Azərbaycan güclənib, suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan artıq regionda yeni reallıqlar yaradan ölkəyə çevrilib”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov “Müstəqillik haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

Həmin layihəyə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması təklif edilir.

Həmin günlər hər il bayram kimi qeyd ediləcək.

Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.

V.İskəndərov bildirib ki, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin məzmun və mahiyyət etibarı ilə dəqiq ifadə edilməsinə ehtiyac var.

Onun sözlərinə görə, “Müstəqillik haqqında” qanun layihəsində ifadələrin dəyişdirilməsi əhəmiyyətlidir.

“Bu qanun layihəsi cənab Prezident tərəfindən Milli Məclisə daxil olub. Bu layihənin qəbul edilməsi, böyük, şərəfli yol keçmiş Azərbaycanın müstəqilliklə bağlı bayramlarının adlarında dəqiqləşdirmə məsələsi kimi meydana çıxıb. Onu da söyləmək lazımdır ki, bu qanun layihəsinin əsasında gələcəyə hesablanmış məsələlər var. Biz bu bayramları çox böyük şövqlə, qürurla qeyd edəcəyik”, - deyə V.İskəndərov fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər