Hadisə

“Bu çox vacib detaldır, çünki...” - MÜZAKİRƏ

“Bu çox vacib detaldır, çünki...” - MÜZAKİRƏ

Məlum olduğu kimi, “Müstəqillik Günü haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə görə, bundan sonra mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi ölkədə qeyd ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin son iclasında da “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar layihə barədə fikirlərini bildiriblər. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü olacaq.

Cəmiyyətdə bu məsələyə yanaşmalardakı ziddiyyətləri nəzərə alaraq, “Yeni Müsavat” olaraq biz də bir neçə ictimaiyyət nümayəndəsinə sual ünvanladıq.

Mövzu ilə bağlı fikirlərini bildirən Real Partiyasının icra katibi Natiq Cəfərli qeyd etdi ki, Azərbaycanda “28 May”ın özəl bir yeri var: “28 May təkcə bizim dövlətçiliyimizin və ən müasir dövlətçilik ənənələrimizin başlanğıcı deyil, həm də respublika elan olunması kimi yaddaşlarda qalıb. Bu, çox vacib detaldır. Çünki 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu babaları onu başqa cür də adlandıra bilərdilər, başqa formada da təsis edə bilərdilər. Amma məhz respublika kimi təsis olunması çox vacib amildir və biz uzun illərdir ki, bununla fəxr etmişik ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı təsis edən xalq kimi tarixə düşmüşük. İndi bu bayramın adından məhz ”Respublika" sözünün götürülməsi, məncə, doğru deyil. Bizim partiyamızın parlament təmsilçisi Erkin Qədirli hüquq komitəsində bu məsələ müzakirə olunarkən bu təklifin əleyhinə çıxıb və plenar iclasda da bu təklifin əleyhinə səs verəcəyik. Ola bilər ki, kompromis variant kimi “Respublika və Müstəqillik Günü” kimi qeyd oluna bilər. Bu mümkündür, amma respublika sözü çox vacibdir. Çünki bizim kimliyimizin, bizim idarəetmə fəlsəfəmizin əsasını təşkil edən budur".

AĞ Partiya sədri Tural Abbaslı isə vurğuladı ki, əsas məsələ bu tarixin olduğu kimi qeyd olunmasıdır: “Çünki 28 may 1918-ci ildə biz sonuncu müstəqil dövlətimizi yaratdıq, istiqlaliyyətimizə qovuşduq. İki ilə yaxın davam edın müstəqillikdən sonra rəsmi olaraq SSRİ-yə daxil olduq. 1991-ci ildə 18 oktyabrda bizim müstəqilliyimiz yenidən bərpa olunanda da qeyd olundu ki, bu respublika 1918-ci ildəki Azərbaycan Respublikasının varisidir. Yəni dolayısıyla biz varisi olduğumuz gününü başqa adla, onun bərpası günü başqa adla adlandırmağımızın özü də qəribə idi. 1918-ci ildə müstəqil olmuşuq, 1918-ci ildə müstəqilliyimizi yenidən bərpa etmişik. Burada qeyri-adi bir şey yoxdur. Respublika sözünə gəldikdə isə bu prinsipial deyil. Guya biz ”Respublika Günü" sözünü dəyişdirdikdən sonra Azərbaycan Respublikası dönüb monarxiyamı olacaq? Belə də mümkündür və əsas odur ki, həmin günlər layiqincə qeyd olunsun və tarix kitablarında doğru-düzgün öz yerini tapsın. Hər iki gün qeyri-iş günü olmalıdır ki, insanlar bu günün fərqinə vara bilsinlər. Mən Respublika Günü sözünün Müstəqillik Günü ilə əvəzlənməsinə normal yanaşıram və hətta bəlkə də doğru olan bu idi. Çünki biz 18 oktyabr 1990-cı ili müstəqillik elan elədikdə bizə sonuncu dəfə İrandan dedilər ki, bizim ən cavan generalın yaşı dövlətin yaşından çoxdur. Biz niyə yüzillik bir tariximizdən imtina etməliyik? Ona görə də, bu adların dəyişdirilməsində qeyri-adi bir şey yoxdur".

Deputat Fazil Mustafa isə bildirdi ki, bu dəyişiklik əslində daha çox dəqiqləşdirmə xarakteri daşıyır: “Burada hər hansı bir şəkildə müstəqilliyinin inkarı, yaxud da müstəqillikdən uzaqlaşma mənasına gələn heç bir məqam yoxdur. Dəqiqləşdirmə odur ki, 28 May ”Müstəqillik Günü" kimi qəbul olunur, 18 Oktyabr isə “Müstəqilliyin Bərpası Günü” kimi. Yəni bu ikisi də tarixi gerçəkliyi özündə əks etdirən bir dəyişiklikdir. Əslində müxtəlif quruluşlar ola bilər. Respublika quruluşu da bunlardan biridir. Yəni respublika bütövlükdə bu müstəqilliklə bərabər, paralel tutulan bir məfhum deyil. Əsas ali dəyər müstəqillikdir. Ona görə də burada heç bir qəbahət, yaxud da narahatedici məqam yoxdu. Bəzən hansısa dəyişiklik olarsa, dərhal onu mənfi yozmağa çalışırlar amma burda mənfiyə yozulacaq bir məqam görmürəm. Yəni əsas müstəqillik günüdürsə, dövlətin yarandığı gündürsə, burada da söhbət dövlətin yaranmasından gedir. Dövlətin quruluşu günündən söhbət getmir ki. Dövlətin quruluşu bizimçün bir əlahiddə mahiyyət daşısaydı daha çox onun üzərində konsentrasiya olunardıq. Sadəcə indiyə qədər Azərbaycan Cumhuriyyəti elan olundu deyildiyinə görə, biz cumhuriyyət günü olaraq bunu qeyd edirik. Əslində faktiki olaraq tariximizdə bizim məhz bu adla dövlətçiliyimizin qurulduğu gündürsə, bu müstəqillik günü kimi də tarixə keçməlidir. Ona görə də burada hansısa ziddiyyət görmürəm və bu tamamilə tarixi gerçəkliyi əks etdirir".