Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? - FOTOFAKT
Son zamanlar Baş nazirin sabiq müavini Abid Şərifovun ailə üzvlərinə məxsus şirkətlərlə bağlı qalmaqallı məlumatlar yayılır.
Yeniavaz.com xəbər verir ki, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkəti 4 ay əvvəl öz fəaliyyətini dondurub.
Qeyd edək ki, Nicat Mahmudovun rəhbərlik etdiyi “Abeona Global Limited” şirkətinin açıqlanan sonuncu maliyyə hesabatında şirkətinin aktivlərinin son bir ildə 260 min funt-sterlinq (345 min dollar) azalaraq 16 funt-sterlinqə (21 dollar) düşüb. Şirkətin 3,1 min funt-sterlinq borcunun da olduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, “Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur.
Bundan başqa əsas səhimdarlarından (12%-dən çox paya sahib) biri Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olan Azərbaycanın nəhəng tikinti şirkətlərindən “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-yə qarşı son günlər bir sıra məhkəmə iddiaları qaldırılır.
Ötən həftə 2010-2020-ci illərdə Milli Məclisin deputatı olan Nəriman Əliyevə məxsus olduğu bildirilən “Ştutqart” MMC “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-yə qarşı məhkəmə iddiası qaldırıb. İki gün əvvəl isə daha bir tanınmış şirkət – “Ramco” MMC Abid Şərifovun həyat yoldaşına məxsus şirkətə qarşı iddia qaldırıb. İddialara Bakı Kommersiya Məhkəməsində hakimlər Fərrux Qasımov və Aytən Əliyeva tərəfindən baxılacaq.
Onu da bildirək ki, “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin 2 ay əvvəl dövlət büdcəsinə böyük həcmdə vergi borcu (1,5 milyon manat) yaranmışdı. Bu borc son bir ay ərzində ödənilib.
Baş nazirin sabiq müavininin həyat yoldaşı eyni zamanda 27.07. 2001-ci ildə dövlət qeydiyyatına alınan “Kəpəz-S” Firmasının da 3 ortağından biridir. Hazırda bu şirkətin də dövlət büdcəsinə 1 739 manat 91 qəpik borcu var.
Abid Şərifovun həyat yoldaşından başqa qızının da dövlət büdcəsinə vergi borcu var. Baş nazirin sabiq müavini qızı – Mahmudova Təranə Abid qızının qanuni təmsilçi olduğu “Güvən 2017” MMC-nin də dövlət büdcəsinə 240 manat vergi borcu var.
Abid Şərifovu qızı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır. Təranə Mahmudova Azərbaycanda 2 şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "GÜVƏN 2017" MMC-dir. Təranə Mahmudovanın həkim olduğu bildirilir. Təranə Mahmudova hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin də direktorudur. Bu mərkəzin fəaliyyətində də son zamanlar durğunluq müşahidə edilir. 1 oktyabr 2020-ci il tarixindən sonra heç bir məlumat paylaşılmayıb.