Gündəm / Sosial

Meliorasiya və Su Təsərrüfatı ASC ləğv olunacaqmı? - GƏLİŞMƏ

Meliorasiya və Su Təsərrüfatı ASC ləğv olunacaqmı? - GƏLİŞMƏAprelin 2-də Prezident İlham Əliyevin sərəncamı ilə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edilib. 76 yaşlı məmur uzun illərdir ölkənin su təsərrüfatına rəhbərlik edirdi. Belə ki, 1993-2004-cü illərdə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004-2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Nazirliyin yanında Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-2021-ci illərdə isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olub.

Ə.Əhmədzadənin rəhbərlik etdiyi dövrdə ASC-nin fəaliyyəti mediada daim sərt tənqid mənbəyi olub. Dövlət vəsaitlərinin müxtəlif yollarla mənimsənilməsi, su təsərrüfatının düzgün qurulmaması, artezianların iri məbləğlər qarşılığında satılması, su hövzələrinin oliqarxların sərəncamına verilməsi və s. ittihamlar bu qəbildəndir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev kənd təsərrüfatının su təchizatını prioritet məsələlərdən biri kimi qoyub və su mənbələrinin yaradılması, yeni artezianların qazılması üçün yüzmilyonlarla dövlət investisiyasını bu sahəyə yönəldib.

Lakin ASC bir artezianın qazılıb istifadəyə verilməsini 70 min manata sənədləşdirib. Amma bu vəsait faktiki olaraq mənimsənilir, artezianlar isə ayrı-ayrı şəxslərə 30-50 min manata satılıb. Bundan başqa hər il kanalların, kollektorların təmizlənməsi, yenilənməsi adı ilə külli miqdarda dövlət vəsaitləri havaya sovrulub. ASC-nin özünün və yerli şöbələrinin keçirdiyi tenderlərdə bir qayda olaraq "dost-qardaş" şirkətlər qalib elan olunub.

Məsələn, ASC-nin tabeliyində fəaliyyət göstərən Xızı Suvarma Sistemləri İdarəsi ötən ay toplam dəyəri 299 312.77 AZN olan iki satınalma müqaviləsi imzalayıb. Müqavilələrdən biri "Körpü-Bina Construction” MMC, digəri isə fərdi sahibkar Fərzəliyev Sabir Təvəl oğlu ilə bağlanıb. "Körpü-Bina Construction” MMC ilə imzalanan və maliyyə dəyəri 249707.93 AZN təşkil edən müavilədə cari təmir işləri üçün mal-materialın, Sabir Fərzəliyevlə bağlanan 49604.84 AZN-lik müqavilədə isə nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Körpü-Bina Construction” MMC 23 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Beyləqan rayonu Eyvazallar kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Nəsirli Tural Vasif oğludur. Açıq mənbələrdə nə şirkət, nə də onun qanuni təmsilçisi barədə məlumat var.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin, onun tabeliyində olan qurumların keçirdiyi satınalma müsabiqələrində adətən bu tip şirkətlər qalib gəlib. Əhmədzadənin yaxın qohumları Qax və Zaqatala rayonlarında əsas dövlət vəziflərini tutur. Qardaşı oğlanları Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini, Rəşad Əhmədzadə isə polis orqanlarında bölmə rəisi, xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı, qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri, qardaşı oğlu Tərlan Əhmədzadə isə Qax Mərkəzi Xəstəxanasının baş həkimidir. Əhmədzadənin 74 yaşlı qardaşı Mübariz Əhmədzadə isə 12 ildir Zaqatala rayonuna başçılıq edir. Bölgənin ən böyük turizm, biznes qurumları, fermer təsərrüfatları da onlara məxsusdur.

Ə.Əhmədzadə Mərkəzi Bankın sədri Elman Rüstəmovla qudadır. Baş bankirin qızı Günel Rüstəmova Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə ailə qurub. Mətbuatda yayılmış məlumatlara görə, Əhmədzadələr və Rüstəmovlar ailəsinin ölkədə və xaricdə milyardlıq sərvətləri var. Məsələn, jurnalistlər üzə çıxarmışdılar ki, C.Əhmədzadənin "Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.

Villalar və mənzillər

Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;

Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;

Londonda "69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci mərtəbələrdən ibarət malikanə;

Kiprdə dəbdəbəli malikanə;

Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;

Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;

Qax, M.F.Axundov küç, ev 15 ünvanında mənzil;

Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.

Hotellər və restoranlar

Qaxda "El Resort” otel kompleksi;

Qax, İlisu kəndində "Yurd Hotel” istirahət kompleksi;

İlisu kəndində "Yaşıl Park” otel kompleksi;

"Səngər Qala” otel kompleksi;

"Ulu Dag” oteli;

Qax rayonu, “Eden Park Hotel”;

Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence” ailəvi istirahət mərkəzi;

Bakı, Koroğlu Rəhimov küçəsindəki "Növbahar” restoranı;

Bakıda "Zakura Yapon mətbəxi” restoranı:

YERLİ ŞİRKƏTLƏRİ və OBYEKTLƏRİ:

Qax Fındıq Zavodu;

Qax rayon taxıl məhsulları kombinatı;

Qax Rayon Avtovağzalı;

"ULUYURD” şirkətlər qrupu;

"Advisors CO.” şirkəti;

"Proyekt”, MMC şirkət;i

"Çağdaş" MMC şirkəti;

"Elit-R1" MMC şirkəti;

"Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;

"Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;

"İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;

Xaricdə olan şirkətləri

Çexiyada "ALPS s.r.o.” şirkəti;

İngiltərədə "GYUNEL LİMİTED” şirkəti;

İngiltərədə "GLOBALLY LTD” adlı daha bir şirkəti;

Türkiyədə "Etiler Dış Ticaret Limited” şirkəti;

Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur.

Maraqlıdır, Əhmədzadədən sonra Meliorasiya və Su Təsərrüfatı ASC-nin taleyi necə olacaq? Bəzi ekspertlər bu qurumun ləğv olunaraq "Azərsu" ASC və Kənd Təsərrüfatı Nazirliyi arasında bölüşdürülməsini təklif edirlər.

İqtisadçı-ekspert Rövşən Ağayev "AzPolitika.info"-ya şərhində bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməlidir. Ekspert buna səbəb kimi Cəmiyyətin kəndlilərin yaranmış problemini həll etməməsini göstərib.

“Meliorasiya qurumu əjdaha kimi büdcə pulunun üzərində oturub. Problemlər isə aşıb-daşır. Bu qurumun kənd təsərrüfatı ilə vahid qurumda birləşməməsinin məntiqini tapmaq çox çətindir. Fermerin ən çox əziyyət çəkdiyi problemlərin önündə meliorasiya gəlir. Amma Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı kəndlidən gələn şikayətlərə cavab vermir, səbəb də bu məsələdə səlahiyyətli olmamasıdır”, - deyə Ağayev bildirib.

Ekspertin sözlərinə görə, bu birləşmə optimal variant olardı: "Çünki bununla həm idarəçilikdə paralellik, həm də vahid məsuliyyət və səmərəli idarəçilik məsələsi həllini tapa bilər. Bilirsiz ki, regionlarda fermerlərin qaldırdığı 2-3 problemdən biri su çatışmazlığı ilə bağılıdır. Kəndlilər bununla bağlı nazirliyin qaynar xəttinə müraciət edəndə onlara bildirirlər ki, su təchizatı ilə başqa qurum məşğul olur. Beləliklə, praktik olaraq problem həll olunmur və bu da nazirliyin qarşısına qoyduğu vəzifələrin icrasına əngəllər yaradır".

İqtisadçı "Azərsu" ASC ilə sözügedən ASC-nin birləşdirilməsi ilə bağlı təklifləri məqbul saymır: "Onları birləşdirən yeganə məsələ hər iki qurumun adına "su" sözünün olmasıdır. Məlumdur ki, "Azərsu" əhalini içməli su ilə təmin etməyə məsul olan qurumdur və suyu borular vasitəsi ilə çatdırır. Ola bilsin, ASC-lər eyni su mənbələrindən birgə istifadə edirlər. Məsələn, "Ceyranbatan" su anbarından həmin içməli su, həm də kənd təsərrüfatı təyinatlı torpaqların suvarılması üçün istifadə olunur. Amma bu o demək deyil ki, hər iki qurum birləşdirilməlidir. Bunlar olduqca ziyanlı, yararsız təkliflərdir".
"AzPolitika.info