Gündəm / Siyasət

Cavid Qurbanov Kəlbəcərin bərpasına QOLLARINI ÇIRMAYACAQMI? - İNCƏ MƏQAM...

Cavid Qurbanov Kəlbəcərin bərpasına QOLLARINI ÇIRMAYACAQMI? - İNCƏ MƏQAM...

“Yaxşı, buna ürəyi gəlmirsə, heç olmasa, bir 5-10 milyon xərcləyib həmin torpaqlar uğrunda canlarını qoymuş bir 100 qazini müalicə etdirsin, şəhid ailələrinə yardım etsin...”

"Azərbaycanın dünyada, o cümlədən Rusiyada ermənilərinkindən qat-qat zəngin və nüfuzlu milyarderləri, milyonçuları var. Amma bəzilərini istisna etməklə, əksəriyyətinin öz vətənlərinə - Azərbaycana qarşı məhəbbəti, dəstəyi qətiyyən hiss olunmur. Son günlər ermənilər vurhavur Ara Abramyandan danışır. Amma Rusiyada bizim Vahid Ələkbərov, Araz Ağalarov kimi nüfuzlu, milyarder iş adamlarımız fəaliyyət göstərir. Di gəl ki...”

Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq, istiqlalçı deputat Cümşüd Nuriyev söyləyib.

“Vahid Ələkbərovun varidatı, son məlumatlara görə, 25 milyard dolları ötməkdədir. O istəsə, işğaldan yeni azad olunmuş rayonların, məsələn, Kəlbəcərin, Ağdamın, Füzulinin və s. bərpası üçün 1 milyardından keçə bilməz? Yaxşı, buna ürəyi gəlmirsə, heç olmasa, bir 5-10 milyon xərcləyib həmin torpaqlar uğrunda canlarını qoymuş bir 100 qazini müalicə etdirsin, şəhid ailələrinə yardım etsin... Mənim ümidim bir az “AzNar”ın sahibi Fərhad Əhmədovadır. Onun əsli Qubadlıdandır. Bəlkə o, nəsə edə...”- deyə sabiq deputat bildirib.

“Bəlkə Rusiyadakı milyarderlərimiz Azərbaycana dəstək vermək istəyirlər, amma Putindən ehtiyat edirlər?” sualına cavabında isə Cümşüd Nuriyev belə deyib:

“Xeyr, bu, boş söhbətdi... İstəsələr, hər şey edərlər. Hamısının, o cümlədən, Vahid Ələkbərovun Azərbaycanda onlarla törəmə şirkəti var. Onlar vasitəsilə pul köçürə bilərlər... Hər şey etmək olar. Sadəcə, istək, qeyrət gərəkdir...”

DİA.AZ-dan QEYD:

Varidatı 25 milyardı ötən Vahid Ələkbərovun Kəlbəcərin və digər işğaldan azaad edilmiş rayonlarımızın bərpasına cəlb olunmaları real görünməyə bilər. Ən azından Vahid Ələkbərov və onun kimi xaricdə yaşayan digər imkanlı soyaşlarımız Azərbaycandan uzaqdadırlar və əllərindəı olan sərvətləri Azərbaycanda qazanmayıblar. Amma Azərbaycanda sərvət sahibi olanlar da var ki, onları da bu gün BƏRPA PROSESİNDƏN kənarda görürük.

Biri elə əslən Kəlbəcər rayonundan olan Cavid Qurbanov. Ölkənin baş dəmiryolçusu postunu tutan Cavid Qurbanov Vahid Əlkəbərovdan imkanca geri qalsa da, ən azından doğma rayonunun bərpasına 5-10 milyon dollar ianə edəcək gücdədir.

DİA.AZ olaraq yeri gəldiyindən Cavid Qurbanovun sərvəti barədə yerli KİV-də yayılmış faktları təkrar olaraqdiqqətinizə təqdim edirik:

***

Əslində Qurbanovun nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən şirkətləri Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Böyük Britaniyayadək yayılıb.

Cavid Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri “Azercon” Açıq Səhmdar Cəmiyyətidir. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir.

Bundan başqa, “Azercon” ASC 2013-cü ilin avqust ayından etibarən Türkiyədəki “Aga Enerji Nakliyat Madencilik İnşaat Sanayi ve Ticaret A.Ş”-nin sahibidir.

LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb.

“Süsən Aqro” MMC 2011-ci ildə yaradılıb. Bu şirkət Ağsu rayonunda və Türkiyədə əkinçilik və toxumçuluqla məşğuldur. Şirkətin çoxlu sayda kənd təsərrüfatı texnikası və anbarlar kompleksi var.

“Retro Park” MTK Bakıda çoxmərtəbəli yaşayış kompleksi inşa edir.

Məbləği açıqlanan ən iri sərmayə isə qrupun Gürcüstandakı törəmə müəssisəsi olan “Sayalı” MMC-nin orada inşa etdiyi “American Hospital Tbilisi”-yə yatırılır. Bu layihəyə toplam 30,5 milyon ABŞ dolları sərmayə yatırmak nəzərdə tutulur.

Qrupun ana şirkəti -“Azercon” ASC isə avtomobil yollarının tikintisi və təmiri ilə məşğuldur.

“Mossack Fonseca” hüquq şirkətindən sızdırılmış “Panama sənədlərinə” görə “Azercon Group Limited” şirkətinin təsisçisi Cavid Qurbanovun atası Qəmbər Şəmşir oğlu Qurbanovdur. Bir müddət Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Qənbər Qurbanov 2009-cu ildə “Gəncəbank” ASC-nin səhmlərinin 33,34%-ni satın alıb.

Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirlinin də biznesi var. O, hətta vaxtilə Ziya Məmmədovun oğlu Anar Məmmədovla və iş adamı Hafiz Məmmədovla şərik olub.

Uzun müddət Milli Məclisin deputatı olmuş Cavid Qurbanov son parlament seçkilərində namizədliyini irəli sürməsə də qohumu Aqil Məmmədov 123 saylı Kəlbəcər seçki dairəsindən millətvəkili seçilib. Kəlbəcərin icra başçısı olan Məmmədov Qurbanovun karyera yüksəlişində də xüsusi rolu olub.

Azərbaycan mətbuatı həm də yazır ki, hakimiyyət baş dəmiryolçuya qumar və mərc sahəsini tapşırıb. Qurbanovun təsir dairəsində olan “Baltech İnvestment” şirkəti Azərbaycanda totalizator oyunlarında mərcin elektron qaydada kəsilməsi məqsədilə 2011-ci ildə yaradıb. Vəsilə Abdulova Qurbanovun “TOPAZ” qumarına nəzarət edən şəxsdir. Abdulova həmçinin “Azərbaycan Dəmir Yolları”nın Maliyyə İdarəsinin müdir müavinidir.

Cavid Qurbanova bağlılığı olam “Baltech” qrupu Türkiyədə də geniş fəaliyyətdədir. İnşaat, daşınmaz əmlak, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji istehsalı və digər sahəsində fəaliyyət göstərən çoxlu sayda şirkətləri birləşdirir.

***

İndi belə bir imkan və ixtiyar sahibinin öz doğma rayonunun inşasından kənarda tutulması, kənarda durması da anlaşılan deyil...

***

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...