Bu şəxslərə SMS-icazə tətbiq edilə bilər - VİDEO
Yoluxma sayındakı artım bir neçə gün də davam edərsə, bunu üçüncü dalğa kimi dəyərləndirə bilərik.
Pravda.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində həkim Adil Qeybulla deyib. O bildirib ki, karantin davranış qaydalarına əməl edilməsə, daha sərt tədbirlərlə üz-üzə qalacağıq”.
“Epidemioloji vəziyyət pisləşərsə, bu, o deməkdir ki, mövcud situasiya infeksiyanın yayılmasını cilovlaya bilmir. Belə olan halda isə sərtləşdirilməyə gedilməli, müəyyən mənada təmasların azaldılmasına yönəlik digər qadağalar tətbiq edilməlidir. Hazırkı situasiya isə imkan vermir ki, infeksiyanın yayılması cilovlansın. Bu səbəbdən təmasların azaldılması istiqamətində qərarların verilməsi mümkündür. Risk qrupunda olan və vaksin olunmayan şəxslərə SMS-icazə və s. tətbiq edilə bilər”.
A. Qeybulla Azərbaycanda koronavirusa daha çox qadınların yoluxmasına da aydınlıq gətirib:
“Daha çox qadınların koronaya yoluxmasının səbəbi sosial faktorlardır. Çünki qadınlar daha çox ünsiyyətdə olurlar və yəqin ki, ünsiyyətdə olan zaman qaydaları daha çox pozurlar. Təmas nə qədər çox olarsa, yoluxma da o qədər çox olar”.
Həkim onu da qeyd edib ki, ölkəmizdə qeydə alınan Britaniya ştammı ilə Cənubi Afrikada tapılan yeni növ virus oxşardır.