Gündəm

İdman və fitnes zalları hansı qaydalarla bərpa oluna bilər?

İdman və fitnes zalları hansı qaydalarla bərpa oluna bilər?


Koronavirus pandemiyası dönəmində hələ də idman və fitnes zallarının istifadəsinə icazə verilmir.

"Report"un məlumatına görə, dünyanın bir sıra ölkələrində bu sahədə yumşalmalar olsa da, Azərbaycanda qapalı məkanda məşq etmək üçün icazə yoxdur.

Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında Operativ Qərargahla birlikdə fitnes və idman zallarının açılması ilə bağlı böyük proqram hazırladıqlarını söyləyib. Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov isə fitnes zallarında 4 nəfərin 1 məşqçi ilə 100 kv.metrlik sahədə fəaliyyət göstərməsinin mümkünlüyünü təklif etdiklərini vurğulayıb.

Pandemiya dövründə belə sahələrə qismən də olsa, icazə verilməsi mütləqdir.

Fitnes məşqçisi və bodibildinq üzrə ölkə, Avropa, dünya və Zaqafqaziya çempionu Vüqar Verdiyev "Report"a açıqlamasında idman və fitnes zallarının mütləq açılmalı olduğunu söyləyib. O bildirib ki, zallarda bəzi məhdudiyyətlər qoymaq lazımdır: "Zalları açmaq mümkündür, bu, bütün dünyada qəbul edilib. Ölkəmizdə zalların indiyədək açılmaması bütün məşqçiləri narahat edir. Nazirliyin açıqlamasına baxmışam, onlar bildiriblər ki, 100 kv.metrlik sahədə 1-i məşqçi olmaqla, 5 nəfər yer ala bilər. 5 nəfərin 100 kv.metrlik yerdə 1 saatdan çox məşq etməsi nə dərəcədə düzgündür, bunu deyə bilmərəm. Hətta belə də olsa, zalların açılmasını qənaətbəxş hesab etmək mümkündür".

Verdiyevin sözlərinə görə, fitnes zallarında qaydalara tamamilə əməl olunur: "Burada heç kim bir-biri ilə güləşmir, dalaşmır. Sadəcə, hərəkəti icra edib dayandıqdan sonra başqa biri həmin hərəkəti yerinə yetirir. Məhdudiyyətlər qoymaq olar ki, zallarda mütləq spirt olsun. İdmançılar uzandıqları yerdə dəsmaldan istifadə etməlidirlər. Durduğu yerdə onun təri silinməlidir. Virus tərlər vasitəsi ilə, "tökülən sulardan" yayıla, dəmirə yapışa, oradan isə ələ keçə bilər. Yoluxmanın bu halda baş verməsi mümkündür. Bütün zallarda mütləq dəsmal, spirt və bəzi vasitələr olmalıdır. Güləş idman növündə döşəyin üstündə mübarizə aparırlar və hamının təri bir-birinə qarışır. Fitnes zalında isə təmizliyə riayət olunsa, yoluxma baş verməz".

Məşqçinin sözlərinə görə, fitnes zallarının məhdudiyyətlərlə fəaliyyət göstərməsi çox çətindir: "İnsanlar fitnes zalına ən çox işdən sonra gəlirlər. İnsanların işləri saat 17:00-da və ya 18:00-da bitir. Həmin vaxtlarda bütün zallarda çoxlu insan olurdu. Günorta və səhər saatlarında isə maksimum 5-6 nəfərə rast gələ bilərsiniz. Saat 8:00-dan 17:00-dək heç bir yerdə 50 nəfər məşq etmir. Ən güclü fitnes zalında 15 - 20 nəfər olar. Mənim yanıma gələn müştərilən çoxu iş adamlarıdır. Kiməsə desəm ki, saat 11:00 və ya 12:00-da məşqə gəlməlisən, gələ bilməyəcək. Həkimə necə deyim ki, saat 10-11 radələrində gələrsən. Bu adamın işi var və saat 18:00-dək xəstəxanada olur. Hamının iş günü axşam bitir. Fitnes zallarında belə qayda yoxdur ki, kim nə vaxt gələcək. Heç kimə demək olmaz ki, müəyyən vaxtda gəl. Məhdudiyyətlər olacaqsa, çətinliklər qaçılmazdır. Bütün fitnes məşqçiləri bu fikirdə olacaqlar".

Azərbaycan millisinin üzvü zallar açılacağı təqdirdə, çox sevinəcəyini sözlərinə əlavə edib: "7 aydır gözləyirik, bir tərəfim üstə oturmuşam. Hansısa məhdudiyyətlər olsa belə, fitnes zallarının açılmasını istəyirik. İllərlə yığdığımız forma hədər getməsin. Bu il Avropa və dünya çempionatları baş tutmadı. Bodibildinq şahmat deyil ki, evdə məşğul olasan. Formanı saxlamaq çox çətindir, milli üzvləri çox əziyyət çəkirlər. Bizim elə də böyük sponsorumuz olmur. Qazandıqlarımızla yarışa çıxırıq. Fitnes zallarının açılması bu baxımdan çox vacibdir".

Verdiyev anabolik steroidlərin daha çox idman zallarında təklif olunmasına da münasibət bildirib: "Bu açıqlamanı Azərbaycan Milli Antidopinq Agentliyi verib. Onlara heç nə demirəm. Dopinq yoxlanışı bütün dünyada qəbul edilib. Amma o fikirlər bütün zallara şamil edilməməlidir. Bütün idman növlərində dopinq nəzarəti var. Mən də işlədiyim zalda bu barədə maarifləndirmə aparmışam, dopinqin ziyanlarını diqqətə çatdırmışam. Heç vaxt heç bir idmançıya anabolik steroidlər məsləhət görməmişik".

Bodibildinq üzrə yığmanın sabiq üzvü və məşqçi Fuad Quluzadə fitnes və idman zallarının açılması ilə bağlı digər ölkələrdən nümunə götürməyin vacibliyini diqqətə çatdırıb: "Avropa və Amerika qitəsində bu sahədə müəyyən qaydalar tətbiq edilir. Onların günlük yoluxma sayları bizdən çox olsa da, zallar qaydalarla fəaliyyət göstərir. Məsələn, aparatlar arasında "şahmat qaydası" tətbiq etmək olar. Bu isə o deməkdir ki, onların arasında məsafə saxlamaq mümkündür. Zallarda müxtəlif yerlərdə spirt və digər maddələr qoymaq lazımdır. Bir məşqçiyə düşən insan sayı da azalmalıdır. Əvvəllər hansısa məşqçi daha çox şəxslə məşq edirdisə, indi belə olmamalıdır".

Quluzadə fitnes zallarında 4 nəfərin 1 məşqçi ilə 100 kv.metrlik sahədə fəaliyyət göstərməsinin pandemiya şərtləri baxımından normal olduğunu deyib: "Onsuz da zalların çoxunda belədir. 100 kv.metrdə 4 nəfərin və 1 məşqçinin olması bir az müəmmalı məsələdir. Bunu kim yoxlayacaq, xüsusi nəzarət olacaqmı? Qayda sadəcə formal olacaq. Bakıda o qədər idman zalı var ki, onlara işçi ayırıb yoxlatdırmaq belə ayrı problemdir. Hansı yerlərin havalandırma sistemi varsa, orada məşqlərə başlamaq olar. Havalandırma sistemi olmayan yerlərdə xəstəlik arta bilər. Bakıda həddindən artıq idman və fitnes zalları var. Tam nəzarət edə biləcəklərinə inanmıram. Bir sözlə, mümkün deyil. Əslində, tətbiq etmək istədikləri qayda pandemiyaya görə normaldır, amma bunu necə nizamlayacaqlarını bilmirəm".

Millinin sabiq üzvü anabolik steroidlərin daha çox idman zallarında təklif edildiyini təsdiqləyib: "Elə məşqçilər var ki, təklif edirlər. Amma bunu hamıya şamil etmək düzgün deyil. İnsanlar bəlkə də daha çox savadsız məşqçilərə yaxınlaşır və onlarla söhbət edirlər. Günahın çox hissəsi anabolik steroidi alanda görürəm. Öz bədəninə həmin ziyanlı maddəni verir. Savadsızlıq edib, hansısa məşqçidən anabolik steroid alıb öz bədənlərinə vururlar. Bu, bütün məşqçilərə qətiyyən şamil edilməməlidir. Şəxsən mənə yaxınlaşıb istəyənlər olur, onları acılayıram. İnsanlar məşqçiləri tanısınlar, araşdırsınlar, daha sonra onunla məşq etsinlər. Siz peşəkar idmançı deyilsinizsə, anabolik steroiddən niyə istifadə edirsiniz? Bu, sadəcə məntiqsizlik, ağılsızlıqdır. Səbəb nədir ki, özlərini bu qədər korlayırlar".

Beynəlxalq Natural Bodibildinq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri və məşqçi Elnur Şıxəliyev idman və fitnes zallarında tər və rütubətin koronavirusun yayılmasına şərait yaradan əsas amillərdən olduğunu vurğulayıb: "Bu səbəbdən, idman zallarında ciddi qabaqlayıcı tədbirlər görülməlidir.İlk olaraq, insanların sayı, hər nəfər üçün istifadə zonası 6 kv metr olmaqla müəyyənləşdirilməlidir. İdman zallarının girişində koronavirusla mübarizə tədbirləri haqqında məlumatlar asılmalı, girişdə və içərisdə əllərin dezinfeksiya edilməsi üçün vasitələr qoyulmalıdır.

Şıxəliyev deyib ki, zala daxil olan müştərilərin və işçilərin hərarəti mütləq yoxlanılmalıdır: "Hərarəti 37-dən yüksək olan şəxslər zala buraxılmamalıdırlar. Zalın ölçüsünə uyğun sayda müştəri qəbul edildikdən sonra giriş qapısı nəzarətçi tərəfindən bağlanılmalıdır. Bütün müştərilər və işçilər maska taxmalıdırlar, zalda olduqları müddətdə maska taxma davam etdirilməlidir. Məşq zamanı ağız su damçılarının sürətli yayılması səbəbindən ən azı müştərilər və işçilər arasında 2 m sosial məsafə saxlanılmalıdır. İdman zallarında kardio (qaçış bandı,velotrenajor və.s) avadanlıqlar arasında ən azı 2 metr məsafə olmalıdır. Kardio və ağırlıq avadanlıqları olan zonaları bir-birindən ayırmaq daha məqsədə uyğundur. Müştərilərin giriş və çıxış vaxtları qeyd edilməlidir.

Mütəxəssis idman zallarının giriş və çıxışlarına pedallı zibil qutularının mütləq şəkildə qoyulmalı olduğunu söyləyib: "Xroniki xəstəlikləri olanların və 65 yaşdan yuxarı şəxslərin zallara gəlməsi tövsiyyə olunmur. Zalların daxilində fəliyyət göstərən yeməkxana, TƏBİB-in tətbiq etdiyi təlimata uyğun olaraq xidmət etməlidir. İdman zalları maye sabun və birdəfəlik kağız dəsmallarla təchiz olunmalıdır. Ağırlıq stansiyasından eyni anda birdən çox adam istifadə etməməlidir. Bir şəxs stansiya ilə tamamilə işləyəndən sonra digər müştəri istifadə edə bilər. Cihazların istifadədən sonra silinməsi ilə bağlı xəbərdarlıq plakatları idman zalının müxtəlif nöqtələrində yerləşdirilməlidir. Bu mövzuda səsli anonslar hazirlanmalıdır. Minimum işçi heyətinə uyğun iş qrafiki planlaşdırılmalıdır. İdman zalları mərkəzi havalandırma sistemləri ilə havalandırılmalı və təmiz hava ilə təmin edilməlidir. İdman salonları tez-tez havalandırılmalıdır".


Sonxeber.az


korrupsiya.com

Oxşar xəbərlər