İsmayıllıda Hacıhətəmli kəndində mövcud olan su problemi həll olundu - Foto
Ekologiya və təbii sərvətlər nazirliyinin hesabatına görə ölkəmizdə yerin təkində suyun səviyyəsi 30% aşağı düşüb. Yəni su ilə bağlı ölkə ərazisində baş qaldıran problemlər əsasən təbiətlə bağlıdır. Ancaq bütün bunlara baxmayaraq yerlərdə dövlət qurumları su problemini həll etmək üçün çalışır və bu istiqamətdə lazımi addımlar atılır.
Yay fəslinin olduqca isti olması İsmayıllı rayonu Hacıhətəmli kəndində də su ilə bağlı bir sıra problemləri qabartdı. Məsələ burasındadır ki, kəndin icra nümayəndəsi Nazim Ağakişiyev və bələdiyyə şurası öz işinin öhdəsindən gələ biləcək səviyyədə deyil. Əgər bir neçə il əvvəl şəxsən Nazim Ağakişiyevə rayon rəhbərliyi etimad göstərib bu vəzifəyə təyin etmişdisə bu gün həmin etimad sıfıra bərabərdir. Həm kənd sakinləri, həm də rayon rəhbərliyi bu gün adıçəkilən nümayəndənin fəaliyyət göstərmədiyinin fərqindədir.
Məsələn: Kəndin su problemi var,əhali kütləvi şəkildə narazıdır,hətta bəziləri yolu bağlamaq barəsində təkliflər verir.Ancaq nümayəndə heç nə olmamış kimi, ortalıqda gəzir, rayon rəhbərliyinə real olanları məruzə etmir.
Bəli, su problemi ilə bağlı kənd sakinləri təqaüdçü müəllimlər, Şahlar Əhmədov, Fəzayıl İsmayılov və Səməd İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov cənablarının qəbulunda olmuşlar.İcra başçısı Nahid Bağırov cənablarının göstərişi ilə müəllimləri iş üzrə mütəxəssis və səlahiyyətli nümayəndə qəbul edib dinləmiş və sonda rayon rəhbərliyinin göstərişi əsasında su problemi həll olunmuş, ərazidə vaxtı ilə vurulmuş su artezan quyusuna yeni su nasosu alınaraq dəyişdirilmişdir. Bu baş verən əməlliyatlar təxminən on gündən artıq bir müddətdə həyata keçirilmişdir.
KİV olaraq həmin məsələ ilə bağlı bəzi məlumatlar əldə etmək üçün yuxarıda adları çəkilən şəxslərə müraciət edərək hazırda vəziyyətin nə yerdə olduğunu öyrəndik.
Şahlar Əhmədov: Bəli, biz təxminən iyirmi gün bundan əvvəl su problemi ilə bağlı rayon icra hakimiyyəti başçısının qəbuluna getdik. Nahid müəllim məşğul olduğu üçün tapşırıq verdi ki, mütəxəssis bizimlə əlaqə saxlasın. Şahin müəllim icra hakimiyyəti başçısının nümayəndəsi bizi qəbul edib dinlədi və subartezian idarəsinin rəisi Fazil Həsənovla danışdı. Aradan iki ya üç gün keçdikdən sonra Fazil Həsənov və bir neçə başqa nümayəndələr gəldilər və artezianın su nasosunu dəyişdilər. Hazırda su problemi demək olar ki, yoxdur. Biz rayon rəhbərliyinə bu işdə əməyi olan hər kəsə, şəxsən Nahid Bağırov cənablarına çox sağ olun deyirik.
Fəzayıl İsmayılov:Su məsələsi bizim kənddə hər il xüsusi ilə yay ayında problem olaraq qalırdı.Əhali çox əziyyət çəkir,mal-heyvanı suvarmaq müşkülə çevrilir.Ancaq biz rayon icra hakimiyyətinin başçısı cənab Nahid Bağırovdan xahiş etdik ki,bu problemin həlli istiqamətində bizə kömək etsin.Sağ olsun dərhal reaksiya verdi.Nümayəndələr gələrək yeni nasos quraşdırdılar və bəzi tövsiyələr verdilər.Hazırda həmin istiqamətdə əhali arasında iş aparırıq ki,əlavə bir su çəni quraşdırmaq lazımdır ki,həm su nasosu gücə düşməsin,uzunömürlü olsun,həm də su itkisi olmasın.Hal-hazırda əsasən bu problem həll olunub,bəzi yerlər var ki, onların xəttində problem olduğu üçün ora su gedib çıxmır.Yaxın günlərdə həmin xəttlər də sahibləri tərəfindən təmir olunacaq.Mən də icra başçımız Nahid müəllimə dərin təşəkkürümü bildirirəm,ona gələcək fəaliyyətində uğurlar arzulayıram.
Səməd İsmayıllı:Burdakı artezan quyusunda olan nasos suyu az vururdu.Bu işdən su meliorasiya idarəsinin rəisi Fazil Həsənov cənablarının xəbəri var idi.Sadəcə həmin nasos daha fərqli olduğu üçün xaricdən gətirilməli idi.Buna görə biz icra başçısı hörmətli Nahid Bağırovun qəbuluna gedərək prosesin tezləşdirilməsi üçün xahiş etdik.Sağ olsun, nümayəndəsi vasitəsilə bizimlə əlaqə saxlayaq göstəriş verdi.Tez bir zamanda həmin nasos daha müasir olan başqası ilə əvəzləndi.Hazırda su problemi yoxdur.Həmişə kəndin bu və ya digər problemi barəsində yalnız özümüz rəhbərliyi xəbərdar etmişik.Yoxsa kəndin rəhbərliyi, bələdiyyə şurası ümumiyyətlə,heç bir problemlə maraqlanmır.Mən də öz adımdan Nahid Bağırov cənablarına,Fazil Həsənov,Alıcan Süleymanov və sair şəxslərə dərin minnətdarlığımı bildirirəm.
Redaksiyadan:Biz də bu gözəl və savab işə görə redaksiyamız adından rayon icra hakimiyyətinin başçısı cənab Nahid Bağırov və sair əməyi olan şəxslərə təşəkkür edirik.
Elçin İsmayıllı.