Mövlam Şıxəliyevə qarşı 8 milyon dollarlıq mülki iddia təmin olundu - DETALLAR
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) həbsdə olan generalı, uzun müddət nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevə qarşı daha bir mülki iddia təmin olunub.
8 milyon dollarlıq mülki iddianı məhkəməyə vaxtilə MTN-də həbsdə saxlanmış, Mövlam Şıxəliyev və digər 3 işçisinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınanlardan biri İbrahim Zeynalov təqdim edib.
Hazırda Neftçalanın Kürkənd kəndində vaqonda yaşayan İbrahim Zeynalov “Yeni Müsavat” əməkdaşına deyib ki, iddiasının icra ediləcəyi günü gözləyir.
O bildirib ki, vaxtilə MTN-də saxlanıldığı günlərdə ona çox əziyyət verilib:
“7 ay 17 gün orada qaldım. Yasin Məmmədov insanlıqdan kənar biridir. Mənə orada çox əziyyət verib. O, acgöz bir alverçidir. Orada mənə qarşı çox aqressiv davranıb. Məhkəmədə onu gördüm, əhvalım korlandı. Amma mənə qarşı etdiklərini Allah bağışlasın. Mənə dəhşətlər yaşatdılar”.
İbrahim Zeynalov Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə 36 zərərçəkəndən biridir.
İttihama görə, Mövlam Şıxəliyev və digərləri İbrahim Zeynalovu qanunsuz olaraq azadlıqdan məhrum etməklə ona məxsus külli miqdarda - yaxınlarından 8 milyon dollar pul almaqla azad ediblər. İbrahim Zeynalov Bakı Hərbi Məhkəməsində verdiyi sərbəst ifadəsində ibtidai istintaqa verdiyi ifadəni tam şəkildə təsdiq etdiyini bildirmişdi. Əlavə olaraq o, deputat Ziyad Səmədzadəni ona qarşı cinayət sifarişi verməkdə ittiham etmişdi.
Həmin ifadədən sitat: “Deputat Ziyad Səmədzadə ilə uzun illər dost olmuşuq. O, mənim harada nəyim vardısa, hər şeyin canlı şahidi idi. Bilirdi ki, zavodum, fabrikim, sexlərim, evlərim, mülklərim var. Mən heç zaman ağlıma gətirməzdim ki, bu adamdan bir gün təhlükə gələ bilər. Çünki illər boyu Ziyad Səmədzadənin cibxərcliyini, səfərlərinin maliyyələşməsini mən etdim. Qızına torpaq bağışladım, həmin torpaqda inşa edilən evin tikinti materiallarını, kafel-metlaxını, qranit daşlarını Almaniyadan alıb gətizdirdim, hədiyyə etdim. İllərlə toy-yasımız bir olub. Bir gün də Ziyad Səmədzadə özlüyündə düşünüb ki, mənim biznesimə şərik ola bilər. Belə də edib. Mənə deyəndə ki, biznesinin 49 faizini mənim və ya qızımın adına sənədləşdir, ona cavab verdim ki, Ziyad, bilirsən ki, biznesi uşaqlarıma görə qurmuşam, sənə pay verə bilmərəm. Dedim ki, get, işinlə məşğul ol! Ziyad Səmədzadə də dedi ki, bax, sənin başına nə oyun açacağam! Heç ağlıma gəlməzdi ki, məni tutdurar, başıma oyun açar. Bu söhbətdən az müddət keçdi, günlərin birində məni MTN-ə sifariş edib tutdurdu”.
İbrahim Zeynalov məhkəmədə deyib ki, sırf mal-mülkünü əlindən almaq üçün onu qanunsuz olaraq həbs ediblər:
“1650 manat rüşvəti polis və ya uzağı prokurorluq araşdıra bilərdi. Bu məsələnin MTN-ə heç bir aidiyyəti yox idi. Çünki rüşvət məsələsi də yox idi. Mənim həbsimi Ziyad Səmədzadə sifariş edib, bunlar da mal-mülkümü əlimdən almaq üçün bir ittiham uydurub məni həbs etdilər. Məni faktiki olaraq girov götürüblər. 7 ay 17 gün girov saxlayıblar”.
Sabiq MTN generalı isə bununla razılaşmır və həbsdən göndərdiyi ərizədə göstərib ki, bu adamı nə tanıyıb, nə də onun həbsinə, yaxud azadlığa buraxılmasına göstəriş verib. Mövlam Şıxəliyev əlavə edib ki, onun haqqında Bakı Hərbi Məhkəməsində çıxarılmış hökmü qanunsuz sayır və bu barədə Ali Məhkəməyə şikayət verib.
Məhkəmə İbrahim Zeynalovun 8 milyon dollarlıq mülki iddiasını təmin edib.
İbrahim Zeynalovdan 8 milyon dollar alınması Bakı Hərbi Məhkəməsinin hökmü ilə də təsdiqlənib. Beləliklə, keçmiş MTN generalı Mövlam Şıxəliyevin və işçisi Yasin Məmmədovun üzərinə zərərçəkmiş İbrahim Zeynalova 8 milyon dollar təzminat ödəmək öhdəliyi qoyulub. Mövlam Şıxəliyevin işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslər də ona qarşı mülki qaydada iddia qaldırıblar. Onlar Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan daha 3 nəfər keçmiş MTN polkovnikinin işinə baxılan zaman da zərərçəkənlərin bir qismi dəymiş ziyanın ödənilməsi tələbi ilə mülki iddia qaldırmışdılar. Hazırda mülki iddiası təmin edilən İbrahim Zeynalov və digər zərərçəkənlər məhkəmənin gedişində mülki iddia təqdim etməmişdilər. Məhkəmə yekunlaşandan sonra isə onlar bu hüquqlarından istifadə ediblər.
Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Onunla mühakimə olunan 3 nəfər keçmiş MTN polkovniki ötən il sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunarkən, məhkəmə zalında həbs edilib. Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov 8 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Mövlam Şıxəliyevin general-mayor, digərlərinin də rütbə və təltiflərinin alınmasına da qərar verib. Bu il iyulun 24-də prezidentin sərəncamıyla onların rütbələri, bir sıra orden və medalları (“Vətənə xidmətə görə”, “Vətən uğrunda” və s.) alınıb. Cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir. Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmir və deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər, axı istintaqa prosessual nəzarət orqanı – prokurorluq var.
M.Şıxəliyev və digərləri bildiriblər ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı Baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs qətimkan tədbiri seçmək üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır. Onların sözlərinə görə, əgər ortada kiminsə qanunsuz həbsi varsa, buna görə prokurorluq, həbs qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır.
Musavat.com