"Aybəniz Şıxəliyevaya sual edirəm: haradandır torbalarla pullar, qızıllar?" - QALMAQAL
Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva polisə şikayət ərizəsi yazıb. O, həyat yoldaşı Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkən olan Hüseyn Səfərovun cəzalandırılmasını tələb edir.
Bu haqda “Yeni Müsavat”a Hüseyn Səfərov özü məlumat verib. Bildirib ki, onun mətbuatda çıxışları Aybəniz Şıxəliyevanın xoşuna gəlməyib: “Aybəniz Şıxəliyeva Səbayel Rayon Polis İdarəsinə məndən şikayət yazıb. Onun şikayətini 39-cu polis bölməsinə göndəriblər. Aybəniz Şıxəliyeva şikayətində yazıb ki, çıxışlarım onun xoşuna gəlmir”.
Aybəniz Şıxəliyeva
Zərərçəkən deyib ki, polisə Aybəniz Şıxəliyeva da çağırılacağı təqdirdə getmək fikrindədir: “Aybəniz Şıxəliyeva məndən şikayət yazıb. Gəlsin polisə, şikayətini desin, mənim də ona deyiləsi sözlərim var. Aybəniz Şıxəliyevanın adı ərinin ittiham aktında var. Ağ kağızda qara şriftlərlə yazılıb ki, Mövlam Şıxəliyevin müsadirə üçün üzərinə həbs qoyulan 7 milyon 738 min manatlıq əmlakının cəmi 2 milyon yarımı öz adınadır. 5 milyon 238 min manatlıq əmlak isə elə Aybənizin, oğlu Elgünün, qızı Samirə Əliyevanın adına rəsmiləşdirilib. İttiham aktını mən tərtib etməmişəm ki? Aybəniz Şıxəliyeva adının hallanmasından narahatdırsa, bizə vurulan zərərin ödənməsi haqda düşünsün. Bilir ki, ərinin 14 illik həbsindən sonra onun da istintaqa cəlb edilməsinə nail olacağıq. Çünki Aybəniz Şıxəliyeva cinayət yolu ilə əldə edilən - yəni biz zərərçəkənlərin girov götürülməsi ilə ailələrimizdən alınan pulların leqallaşmasında birbaşa iştirak edib. İnanmırsa, getsin ərinin bu haqda yazdığı kitabları oxusun. Biz onun həyat yoldaşının, başına topladığı mütəşəkkil cinayətkar quldur dəstənin əməllərindən zərər çəkmişik. Bu gün də zərərçəkənlər olaraq 2005-ci ildən bu yana başımıza gətirilən müsibətlərdən özümüzə gəlməmişik. Mən kirayədə yaşayıram, Əfsəl Həsənəliyevin evini bank əlindən alır, Sərdar İsmayılov müflis olub. Zərərçəkənlərin çoxu Mövlam Şıxəliyevlə MTN-də üz-üzə gələndən sonra maddi baxımdan çox ağır duruma düşüblər. Aybəniz bunu bilmir? Bilmirsə, ünvanını versin, ona ərinin ittiham aktını hədiyyə edək. Oxusun, bilsin ki, əri vəzifədə olarkən bizim başımıza hansı müsibətləri açıb, ona, qızına, oğluna evi hansı pullarla alıb”.
Hüseyn Səfərov
Hüseyn Səfərov deyib ki, vəkillərinə Aybəniz Şıxəliyevanın istintaqa cəlb olunması üçün şikayət ərizəsi hazırlamağı tapşırıb: “Aybəniz Şıxəliyevaya sual edirəm: haradandır torbalarla pullar, qızıllar? Sən necə milyonçu oldun? 10 milyonlarla ölçülən varidatın sahibidir. Onun sahibi olduğu əmlakları adına əri Mövlam Şıxəliyev iz azdırmaq üçün keçirib. Çünki həmin əmlaklar cinayət yolu ilə əldə olunub. Aybəniz Şıxəliyeva 1961-ci ildəndir. Ağdaşdandır. Öyrənmişik ki, Aybənizin atası kasıb biri olub. Ortabab dolanıb. Aybənizin babası, atası da milyonçu olmayıb. Aybəniz Şıxəliyeva isə milyonçudur. Milyoner Aybənizin varidatının mənbəyi gizli deyil, ortadadır. Bu pulların mənbəyi Azərbaycan sahibkarlarının cibidir. Ağdaşlı Aybənizi milyonerə çevirən mənim kimi qanunsuz həbs edilən, girov saxlanılan iş adamlarıdır. Cinayət Məcəlləsinin 194-cü maddəsi isə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə adlanır. Əri Mövlam Şıxəliyev günahı pul qazanmaq olan sahibkarları MTN-ə gətirdib və qanunsuz olaraq həbsə almaqla əllərindən pullarını alıb. Həmin pulları, həmin pullar hesabına əldə etdiyi varidatı arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün adına dövr etdirib. Mövlam Şıxəliyev cinayət yolu ilə əldə etdiyi əmlaklara ailə üzvlərini də şərik etməklə onları da cinayətkara çevirib. Azərbaycanda Mövlam Şıxəliyevin soyğununa məruz qalan şəxslərdən biri də mən olmuşam. Təsəvvür edin ki, çağırıb deyiblər ki, pul ver. Mən də heç bir cinayətim olmadığını demişəm, pul verməkdən imtina etmişəm. 2 ay yarım məni həbsdə saxlayıb evimi, oğlumun maşınını, qızlarımın, həyat yoldaşının qızıl-zinət əşyalarını satdırıb pulunu alıblar. Bundan sonra məni qanunsuz həbsdən azad etsələr də, yenə də əl çəkməyiblər. Mövlam Şıxəliyev tipik dələduzdur. Hər dəfə bir şey fikirləşib məndən pul qoparırdı. Gah deyirdi ki, ad günümdür, mənə kostyum al. Gah deyirdi rütbə almışam, pul ver. Mənim kimi yüzlərlə iş adamı, sahibkarlar olub ki, şərləyib qanunsuz həbs ediblər, girov saxlayıblar, pul alıb buraxıblar. Amma əl çəkməyiblər”.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyevin 7 milyon 738 min manatlıq əmlakının üzərinə həbs qoyulub. Bunlar əsasən Bakının mərkəzində bahalı mənzillər, obyektlər, Novxanıda içində 1000 kvadrat metrdən böyük ev tikilmiş bağ evi və başqa onlarla daşınmaz əmlaklar var. Əmlaklar generalla yanaşı, onun həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və başqa qohumlarının adınadır.
Söhbət aşağıdakı əmlaklardan gedir:
Səbayel rayonu, Nizami küçəsi 78 ünvanında (Fəvvarələr meydanı), 482 min manat dəyərləndirilmiş obyekt;
Nizami küçəsi 78, mənzil 6 ünvanında 214 min manat dəyərləndirilmiş ev;
Səbayel rayonu, Nizami küçəsi 96, mənzil 37 ünvanında 360 min manatlıq ev;
“Sahil” stansiyasının üstündəki bina, M.Şıxəliyevin 5 əmlakı bu binadadır;
Nizami küçəsi 93, mənzil 21 ünvanında 400 min manatlıq ev;
Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında, 974 min manat dəyərləndirilmiş obyekt;
Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9-25, mənzil 63 ünvanında yerləşən ev;
Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 134a ünvanında 403 kvadrat metr sahəsi olan, 1 milyon 452 min manat dəyərləndirilmiş qeyri-yaşayış sahəsi;
Səbayel rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən (metronun “Sahil” stansiyasının üstündə) binada hər birinin qiyməti 770 min, 535 min, 738 min, 650 min və 704 min manat (ümumilikdə 3 milyon 397 min) dəyərləndirilmiş 5 mənzil;
Binəqədi rayonu, Novxanı kəndində 1 milyon 305 minlik bağ evi;
Novxanı, Goradil qəsəbələrində, Ağdaş və İsmayıllı rayonlarında torpaq sahələri, obyekt və evlər...
Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. O, vaxtilə tabeliyində işləmiş daha üç nəfərlə - istintaq idarəsinin sabiq rəis müavini, 1-ci şöbənin rəisi olmuş Yasin Məmmədov, 2-ci şöbənin rəisi olmuş Vüsal Ələkbərov, metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsində baxılır. Adları çəkilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digər üç nəfər barəsində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
“Yeni Müsavat”