Avtomobildən çölə zibil atmayın! - DYP
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və sərnişinlərə müraciət edib.
Müraciətdə deyilir:
"Sürücü və sərnişinləri ətraf-mühitə ziyan vurmamağa çağırırıq.
Yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təəssüf doğurur. Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 9 ayı ərzində belə inzibati xətaya yol verdiklərinə görə 301 şəxs barəsində protokol tərtib edilib.
Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər.
“Yol hərəkəti haqqında” Azərbaycan qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub".
"Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq və xatırladırıq ki, belə hərəkətlər qeyri-etik olmaqla bərabər eyni zamanda mədəniyyətin göstəricisi kimi qiymətləndirilə bilər", - DYP-nin müraciətində bildirilib.