Siyasət

Belarus hökuməti ölkədə səfərbərlik elan edəcək?

Belarus hökuməti ölkədə səfərbərlik elan edəcək?


Belarus hakimiyyəti yaxın vaxtlarda Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi yardım göstərmək üçün səfərbərliyə başlaya bilər.

Axın.az xarici agentliklərə istinadən xəbər verir ki, bu məlumatı Belarus müxalifətinin liderlərindən biri Pavel Latuşko “Redaktionsnetzwerk Deutschland” media qrupuna verdiyi müsahibədə verib.

Siyasətçinin sözlərinə görə, Belarusda səfərbərlik üçün demək olar ki, hər şey hazırdır.

Latuşko Minskdəki mənbələrinə istinadən iddia edib ki, daxili işlər orqanları əməkdaşlarının əksəriyyəti pasportlarını təhvil verməyə məcbur olublar və bu cür məlumatlar müxtəlif şəhərlərdən gəlir.

“Bu o deməkdir ki, onlar səfərbərlik halında ölkəni tərk edə bilməyəcəklər”, - deyə müxalifətçi izah edib. Bundan əlavə, Pavel Latuşkonun qeyd etdiyi kimi, Belarusda Rusiya hərbi və hərbi texnikasının sayı artır.

Xatırladaq ki, bu həftənin cümə günü Belarus lideri Aleksandr Lukaşenkonun Ukrayna ilə həmsərhəd Brest vilayətindəki poliqona səfəri barədə məlumat yayılıb. Lukaşenko orada yerləşən Rusiya birliklərinin hərbçiləri ilə görüşüb. Həmin poliqonda Lukaşenkoya “birgə qruplaşmanın birlik və birləşmələrinin koordinasiyasının başa çatdırılması” haqqında məruzə təqdim edilib. Həmin gün Rusiyadan hərbi texnika ilə dolu daha bir eşalonun Belarusa gəlməsi ilə bağlı məlumatlar yayılıb.

Musavat.com