İdman

“Neftçi”nin futbolçusu: “Gent”in “Qarabağ”a qol vurmamağına təəssüflənirəm”

“Neftçi”nin futbolçusu: “Gent”in “Qarabağ”a qol vurmamağına təəssüflənirəm”


“Gent”in “Qarabağ”a qol vurmadığına görə təəssüflənirəm”.

Bunu “Neftçi”nin futbolçusu Kenni Sayef Azərbaycan və Belçika təmsilçiləri arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı barədə “Nieuwsblad” nəşrinə açıqlamasında deyib.

2014-2018-cü illərdə “Gent”in formasını geyinmiş 30 yaşlı yarımmüdafiəçi qarşılaşmadan əvvəl klubun düşərgəsini ziyarət etdiyini bildirib:

“Hazırlıq vaxtı oyunçuları narahat etmək istəmədim. Amma baş məşqçi Heyn Vanhazebruku və onun köməkçilərini salamladım. Köməkçi məşqçi Daniel Miliçeviçlə hələ də əlaqəm var. Biz əsl dostuq. Onu yenidən görmək xoş oldu”.

Sayef Belçika komandasının ilk görüşdə çox imkanlar əldə etdiyini vurğulayıb:

“Qarabağ”a səfərdə 0:1 hesabı ilə uduzmaq pis nəticə deyil. Yunanıstanın “Olimpiakos” və Fransanın “Nant” klubları burada ciddi itki ilə üzləşiblər. “Gent”in hələ də şansı var. Çünki onlar öz azarkeşləri önündə daha çox şey edə bilərlər. Hələ də onlara inanıram və Heyn Vanhazebruka tam güvənirəm. “Gent” azarkeşlərinin dəstəyi ilə çox şey mümkündür. Əvvəllər bir çox güclü komandanı məğlub edəndə mən də orada idim. İndi niyə “Qarabağ”a da qalib gəlməsinlər?”

Yarımmüdafiəçi “Neftçi”dəki çıxışı barədə də danışıb:

“Bu, Azərbaycanda böyük klubdur. Burada çox işləyirəm və tənbəl həyatım yoxdur. Son illərdə aldığım zədələrdən sonra karyeramda çox gözəl dövr yaşayıram. Ümid edirəm ki, bir gün Belçikaya qayıdacağam. Artıq 7 qol vurmuşam və 8 məhsuldar ötürmə etmişəm. Mən hamıya sübut etmək istəyirəm ki, formamı bərpa etmişəm. Xoşbəxtlikdən artıq iki ildir sağlamam. Təəssüf ki, liqa matçları üçün stadionlara o qədər də çox azarkeş gəlmir. Bir futbolçu kimi əsl futbol atmosferi üçün darıxırsan. Avrokuboklarda fanatlar çox olurlar. “Qarabağ”da da belədir”.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.