İdman

“Qarabağ”ın sabiq braziliyalısı: “Komandanın “Gent”i keçmək şansı yüksəkdir”

“Qarabağ”ın sabiq braziliyalısı: “Komandanın “Gent”i keçmək şansı yüksəkdir”


“Qarabağ”ın bu mərhələdə “Gent”i keçmək şansı yüksəkdir”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias bu komandanın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent” önündə şanslarını dəyərləndirərkən deyib.

38 yaşlı braziliyalı keçmiş hücumçu Azərbaycan təmsilçisinin bu cütlükdə daha üstün olduğunu düşünür:

“Qarabağ” bu mərhələyə qədər gəlibsə, meydana da elə-belə çıxmayacaq. Əminəm ki, məqsədləri növbəti raunda yüksəlməkdir. Komandanın oyun üslubu, gücü bunu bacaracaq səviyyədə olduğundan xəbər verir. Məncə, şans rəqibdən heç də az deyil, bəlkə də çoxdur”.

2014/2015 mövsümündə “Qarabağ”ın formasını geyinmiş Dias qış fasiləsində həmyerlisi Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna transfer olunmasına da münasibət bildirib.

Onun fikrincə, bu amil Ağdam klubuna mənfi təsir göstərməyəcək:

“Kadi “Qarabağ” üçün önəmli sima idi. Amma onun yoxluğunun bu komandanın gücünü zəiflədəcəyinə inanmıram. Orada komanda oyunu və sistem əsas rol oynadığından, gedənlərin boşluğunu asanlıqla doldura bilirlər”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Gent” görüşü saat 21:45-də başlayacaq.