İdman

Eldəniz Əzizli ikinci dəfə dünya çempionu oldu, Ülvi Qənizadə gümüş medal qazandı

Eldəniz Əzizli ikinci dəfə dünya çempionu oldu, Ülvi Qənizadə gümüş medal qazandı


Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.

Axın.az xəbər verir ki, 55 kq çəki dərəcəsində rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtında əvvəl təmiz qələbə ilə üstələyib - 8:0.

Beləliklə, Əzizli karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk dünya “qızıl”ını 2018-ci ildə əldə etmişdi. Azərbaycan pəhləvanı bu il və 4 il əvvəl həm də Avropa çempionu olub.

Qeyd edək ki, Eldəniz Əzizli aprelin 2-də Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatının finalında da Nuqzari Tsurtsumiyanı üstələmişdi - 8:2.

Eldənizdən sonra Ülvi Qənizadə də final görüşünü keçirib.

72 kq çəki dərəcəsində rəqib serbiyalı Ali Feyzollah Arsalan olub. Gərgin mübarizə şəraitində keçən görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb - 7:4.

Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

19:24

Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində latviyalı Aleksandr Yurkyansı 7:3, 1/4 finalda kubalı Luis Alberto Orta Sançesi 3:1 hesabı ilə yenib.

Yarımfinalda onun rəqibi serbiyalı Sebastian Nad olacaq.

67 kq çəkidə Həsrət Cəfərov 1/16 finalda meksikalı Dieqo Martineslə görüşməli olsa da, rəqib zədələndiyi üçün görüşə çıxmayıb. Nəticədə Cəfərov 1/8 finala yüksəlib. O, sonrakı görüşlərində yaponiyalı Katsuaki Endonu 9:0. çinli Husiyuetu Husiyuetunu 7:0 hesabı ilə üstələyib. Yaırmfinalda rəqib serbiyalı Mate Nemes olacaq.

97 kq-dakı Arif Niftullayev 1/16 finalda avstriyalı Daniel Qastlinin 3:2, 1/8 finalda litvalı Vilius Laurinaitisi 9:0, 1/4 finalda macarıstanlı Aleks Gerqo Sokeni 10:2 hesabı ilə məğlub edib. Yarımfinalda rəqib bolqarıstanlı Kiril Milenov Milov olacaq.

82 kq-da yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov isə 1/8 finalda yaponiyalı Yuya Okajimanı üstələsə də, 1/4 finalda özbəkistanlı Jalqasbay Berdemuratova 0:11 hesabı ilə uduzaraq, titulunu qoruya bilməyib. O, ümidini bürünc medala bağlayıb. Bundan ötrü ilk növbədə, Berdemuratov finala yüksəlməlidir.

Qeyd edək ki, bu gün yarımfinal görüşləri ilə yanaşı, Azərbaycanın 2 təmsilçisi - 55 kq-dakı Eldəniz Əzizli və 72 kq-dakı Ülvi Qənizadə final görüşlərinə çıxacaq. Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə və Serbiya güləşçisi Ali Arsalan ilə qarşılaşacaqlar.

Final qarşılaşmaları saat 20:00-da başlayacaq.