Gündəm

978 saylı rus hərbi eşalonunu Xudat stansiyasından Bakıya KİMLƏR BURAXMADI? - TARİXİ FAKT

978 saylı rus hərbi eşalonunu Xudat stansiyasından Bakıya KİMLƏR BURAXMADI? - TARİXİ FAKT


"Mənim o vaxt 10 yaşım olsa da, 20 Yanvar faciəsini bütün təfərrüatları ilə xatırlayıram...

Metbuat.az Xudat sakini Ramil Rzayevin 20 Yanvar ərəfəsində azğın rus qoşunlarının Azərbaycana daxil olmasıyla bağlı maraqlı xatirəsini təqdim edir.



978 saylı rus hərbi eşalonunu Xudat stansiyasından Bakıya KİMLƏR BURAXMADI? - TARİXİ FAKT



31 il öncə yanvarın 17-də Rusiyadan Bakıya qan tökmək üçün gələn 978 saylı hərbi eşalon yaşadığım Xudat stansiyasında canlı insan sipəri ilə üzləşmişdi. Məktəbimiz stansiyanın yaxınlığında yerləşdiyindən bu hadisələrin şəxsən şahidi olmuşam. Belə ki, vaqonlar üzərində olan zirehli texnikaya baxmaq üçün sinif yoldaşlarımızla dərsdən qaçıb stansiyaya gedirdik. O vaxt rayon rəhbərliyi və yerli Xalq Cəbhəsinin fəalları rus qoşun komandanları ilə danışıqlar aparırdılar. Qoşun komandanlığı israrla qatarın önünün açılmasını tələb edir, tələb yerinə yetirilməyəcəyi təqdirdə xalqa atəş atacaqları ilə hədələyirdilər.

Hər ehtimala qarşı ətraf milis işçiləri ilə çəpərlənmişdi. Əliyalın Xudat sakinləri hərbi texnika ilə yüklənmiş qatarın qabağından çəkilmirdi. Nəhayət, Bakıya qan tökmək üçün gedəcək hərbçilər 1990-cı il yanvarın 18-də axşamüstü Xudat dəmiyolu stansiyasından geri qayıtmağa məcbur oldular. Hər kəs sevinclə qələbə qazandığını zənn etdi. Amma...

Böyük bir qüvvə ilə Azərbaycan xalqının azadlıq hərəkatını əzməyə gəlmiş ordunun qarşısı Xudatda yalnız bir günlük alına bildi. İmperiya qüvvələri məqsədinə çatmaq üçün Bakıya başqa istiqamətlərdən daxil olaraq bizə tariximizin ən böyük faciələrindən birini yaşatdılar.

Onlar qalib ola bilmədilər... Azərbaycan şəhidlərinin qanı bahasına öz müstəqilliyinə qovuşdu...

Çox sonralar Rusiyanın RTR kanalında bu haqda verilişə baxarkən anladım ki, qoşunların Xudatdan geri qayıtması Şimali Qafqazda yerləşən hərbi qarnizonunun əmri ilə olub. Belə ki, kiçik Xudat stansiyasında əhaliyə açıla biləcək hər hansı bir atəş onları məqsədlərinə çatdıra bilməyəcəkdi. Birincisi bu stansiyada kütləvi insan qırğını üçün şərait yox idi, sakinlər qısa müddətdə stansiyadan uzaqlaşacaqdılar.

İkincisi hərbi texnika vaqonlara yüklənmiş vəziyyətdə idi, bunu qısa vaxtda yerə düşürmək çətin idi.

Üçüncüsü və ən əsası əgər Xudatda insan təlafatı olsaydı, Bakıda heç kəs meydanlarda olmayacaqdı.

Bütün bunları hesablayaraq 978 saylı hərbi eşalon Xudat stansiyasından geri qayıtmışdı...”

Gülbəniz Hüseynli / Metbuat.az