Dünya

Putinin Cənubi Qafqaz təlaşı: “ayıq-sayıq olun” xəbərdarlığının izi ilə - NƏ BAŞ VERİR?

Putinin Cənubi Qafqaz təlaşı: “ayıq-sayıq olun” xəbərdarlığının izi ilə - NƏ BAŞ VERİR?

Rusiya Prezidenti Vladimir Putin MDB dövlətlərinin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşündə deyib ki, Əfqanıstanda baş verən hadisələr Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindəki vəziyyətə ciddi təsir göstərə bilər. Bu səbəbdən təhlükəsizlik və kəşfiyyat orqanlarını ayıq-sayıq olmağa çağıran Rusiya lideri əlavə edib ki, Əfqanıstan ərazisindən potensial təhlükələrin zərərsizləşdirilməsi MDB ölkələrinin xüsusi xidmət orqanlarının əsas vəzifəsi olmalıdır.

Görəsən, hansı real təhlükədən söhbət gedir? Putin nəyə eyham vurur?

Türkiyəli siyasi icmalçı, professor İlyas Kamaloğlu AYNA-ya açıqlamasında söyləyib ki, Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsinə olan marağı bir neçə əsr öncəyə dayanır: “Ardınca Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri Sovetlər İttifaqında təmsil olunub. Bu səbəbdən Rusiya hər iki regiona aid dövlətləri öz nəzarətində saxlamağa çalışır. Moskva bu bölgələrə kiçik bir müdaxiləni belə, özü üçün təhdid hesab edir. SSRİ-nin süqutundan sonra Rusiyanın Əfqanıstanla heç bir sərhədi qalmasa da, Moskva üçün Əfqanıstanın əhəmiyyəti heç zaman azalmayıb. Üzərindən əsrlər keçsə də, Rusiya üçün bu marağı şərtləndirən amillər dəyişməz olaraq qalır. Bunlar təhlükəsizlik, iqtisadiyyat və xarici təsirlərin azalmasıdır”.

“Bölgədə sabitliyin pozulması Rusiyanın siyasi, hərbi məqsədlərinə, bölgədəki iqtisadi və enerji layihələrinə zərər verə bilər və üstəlik bu qeyri-sabitlik Rusiyaya da yayıla bilər. Moskvanın Əfqanıstanla sərhəd Tacikistan ərazisində hərbi baza saxlamasının əsas səbəbi də budur. Məhz buna görə Rusiya öz hərbi bazasını Tacikistanın Əfqanıstanla sərhədinə yerləşdirib. Düzdür, rəsmi Kreml ABŞ-ın Əfqanıstandan çıxmasını məmnunluqla qarşılayır, lakin heç bir halda bu qərarın sabitliyi pozmasını və ən əsası qonşu coğrafiyalara yayılmasını istəmir. Onlar başa düşürlər ki, Amerika əsgərlərinin çıxarılması ilə paralel olaraq “Taliban” yenidən güc mərkəzinə çevrilə bilər. Bu səbəbdən konkret bir tərəfi dəstəkləmək yox, alternativ güclərlə də münasibətləri qorumaq siyasətinə üstünlük verirlər”, - deyə professor vurğulayıb.

Politoloqun sözlərinə görə, Rusiya ABŞ-ın bölgəni qarışdırdığını və çıxış yolunun dialoqda olduğunu aşılmağa çalışır: “Moskva Suriya və digər münaqişələrdən sonra Əfqanıstan məsələsində də öz rolunu qabartmağa çalışır. Əfqanıstanda münaqişə başlayan kimi Rusiya, Özbəkistan və Tacikistan rəhbərləri arasında bu mövzuda danışıqlar başladı. Lakin görünən odur ki, Rusiya Əfqanıstan məsələsinə birbaşa müdaxilə edə bilməyəcək. Ukrayna və Suriya kimi məsələlərlə məşğul olan Moskva həm fiziki, həm də iqtisadi baxımdan yeni bir cəbhə açacaq gücdə deyil. Əfqanıstana əsgər göndərmək gücündə olmayan Kreml problemin Mərkəzi Asiya və Cənubi Qafqaza yayılmasının qarşısını almağa və tərəfləri diplomatik danışıqlar aparmağa inandırmağa çalışacaq”.

Kamaloğlunun fikrincə, Çin “Taliban”la əməkdaşlıqda maraqlı görünür: ““Bir kəmər, bir yol” layihəsi Mərkəzi Asiya dövlətlərini və bütövlükdə bölgəni əhatə edən bir layihədir. Əfqanıstanda başlayan münaqişələr bu layihəyə mənfi təsir edə bilər. Digər tərəfdən, “Taliban” rəsmiləri keçmişə nisbətən diplomatik təmaslara daha çox önəm verir, “terror təşkilatı” kimi deyil, siyasi qüvvə kimi qəbul edilməsini istəyirlər. Bu gün üçün vəziyyət Moskvanın xeyrinədir. Rusiyanın ən böyük rəqibi ABŞ oranı tərk edib. Əfqanıstanda qarşıdurmalar davam etsə də, tərəflər arasında danışıqlar davam edir. Digər tərəfdən, Rusiya bu prosesdə vasitəçi rolunu oynayacaq və bu rol sayəsində Əfqanıstanda nəinki ABŞ-a, həm də Çinə qarşı üstünlüklər əldə edə biləcək. Birmənalı olaraq söyləmək olar ki, Rusiya bu dəfə tələyə düşmək istəmir. Bu səbəbdən maksimum təmkinli siyasət yürütməyə çalışır”.

“Rusiya Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ilə bağlı siyasətini artıracaq. Çünki bilir ki, Əfqanıstanla bağlı real təzyiqlər bu regionlardan gələ bilər. MDB dövlətlərinin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşü zamanı söylədiyi fikirlər də bu əsnada təsadüfi sayıla bilməz. Yəqin ki, Moskva region ölkələrinə təsirini artıracaq. Onların Rusiyaya olan “ehtiyacını” gücləndirəcək. Digər yandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əhəmiyyətini qabartmağa çalışacaq. Moskvanın əsas diqqəti daha çox bu təşkilatı dirçəltməyə yönələcək. Bununla keçmiş İttifaq dövlətlərini hərbi öhdəliklərlə yükləməyə cəhd edəcək. Eyni zamanda Rusiyanın hərbi bazalarının sayını artıracağı da gözləniləndir. Özbəkistan, Tacikistan və Qırğızıstanda bunun baş verəcəyi ehtimalları böyükdür”, - deyə ekspert fikirini yekunlaşdırıb.