Rusiyada Navalnının həbsinə etiraz aksiyaları keçirilir - Fotolar+Video +Yenilənib
Rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq Rusiyanın Vladivostok, Cənubi-Saxalin, Yakutsk, Xabarovsk və digər şəhərlərində aksiyalar keçirilib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, aksiyalar zamanı saxlanılanlar var. Navalnının tərəfdarları Moskvada da aksiyaya çağırış ediblər. Bu səbəbdən Rusiyanın hüquq-mühafizə orqanları Moskvanın mərkəzində Puşkin meydanında təhlükəsizlik tədbirlərini gücləndirib. Razılaşdırılmamış aksiyaların keçirilməsi ilə bağlı insanlara xəbərdarlıq olunub və onların məsuliyyətə cəlb olunacaqları deyilib.
Qeyd edək ki, Aleksey Navalnıya yanvarın 18-də 30 sutkalıq həbs cəzası verilib.
***
Moskvada aksiya keçirənlərin saxlanılmasına başlanılıb. Məlumata görə, onlarla saxlanılan var və onların əksəriyyəti gənclərdir. Saxlanılanlar arasında, həmçinin, 14 yaşlı yeniyetmənin də olduğu bildirilir. O artıq valideynlərinə təhvil verilib.
Məlumat üçün bildirək ki, Puşkin meydanına toplaşanların əksəriyyətinin gənclər və yeniyetmələr olduğu deyilir.
***
"İnterfaks"ın məlumatına görə, Puşkin meydanına 4 minədək aksiyaçı toplaşıb. Onlar əsas küçə və prospektləri bağlamağa cəhd ediblər.
***
Rusiyanın daha bir şəhərində aksiyalar başlayıb. Belə ki, Navalnının həbsinə etiraz edənlər Sankt-Peterburqun əsas küçə və prospektlərində mitinq keçirirlər.
***
TASS xəbər verir ki, hazırda Moskvada Puşkin abidəsinin ətrafı aksiyaçılardan təmizlənib. Polis izdihamı iki hissəyə bölüb.
***
Aksiyalar zamanı Rusiya Milli Qvardiyasının 3 əməkdaşı xəsarət alıb.