Gəncədə küçələr zibilliyə çevrilib... - GİLEY
Gəncədə sakinlər zibil konteynerlərinin olmamasından narazıdırlar.
Söhbət şəhərin Şah İsmayıl Xətai prospektindəki 115A nömrəli binanın qarşısından gedir. Sakinlər deyirlər ki, burada əvvəllər tullantılar üçün zibil konteynerləri olub.
"Gəncəxəbər"in məlumatına görə, daha sonra binanın qarşısında şəxsi evlərin tikintisi başlayıb və bu səbəbdən zibil qutuları oradan götürülüb. Lakin onlar üçün yeni yer təyin olunmayıb. Nəticədə ərazidə xoşagəlməz mənzərə yaranıb.
“Zibil atmaq üçün uzağa getməli oluruq. Tənbəllik edənlər isə yolun ortasına tullayıb gedirlər. Bura çevrilib zibilliyə. Ən pisi də odur ki, yaxınlıqda uşaq bağçası yerləşir. Bura zibil qabları qoyub, ərazini təmizləsələr, yaxşı olar”, – deyə sakinlər bildirirlər.
Qeyd edək ki, sözügedən yerin yaxınlığında 48 nömrəli uşaq bağçası yerləşir.