Azər Badamovun ARXASINDAKI DAĞ: O `dağlara` çoxdan qar yağıb... - Seçicilərsə ümid edir ki...
"Biz Qusar rayonunun 61 saylı seçki dairəsinin seçiciləri sizin vasitənizlə öz şikayətimizi aidiyyəti qurumlara çatdırmaq istərdik".
Bu barədə redaksiyamıza seçicilər adından daxil olan müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazır: "Bildirmək istəyirik ki, bizim Qusar rayonu 61 saylı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının dəstəklədiyi və partiya tərəfindən rəsmi olaraq namizədliyi irəli sürülmüş Azər Badamov bir neçə ay öncə vəzifəsindən azad edilən Qusar meşələrini satan, rayon ərazisində saysız-hesabsız qanun pozuntularına yol verən, məktəb binasını söküb yerində oğlunun adına 5 ulduzlu "İlk İnn" otel tikdirən Qusar rayonunun keçmiş icra başçısı Şair Alxasovun yaxın qohumudur. Azər Badamov məhz Şair Alxasovun dəstəyi ilə Qusar rayonundan millət vəkili seçilmişdi. Biz Qusarlılarda təəssüf hissi doğuran məqam məhz ondan ibarətdir ki, nəyə görə keçmiş icra başçısının adamı YAP tərəfindən dəstəklənir və yenidən millət vəkili seçilməsinə səy göstərilir?
Azər Badamov millət vəkili olan zaman bir dəfə də olsun sakinlərin problemlerini həll etməyib, seçicilərlə görüşməyib, parlamentdə Qusar rayonundaki mövcud problemlər haqqında heç bir zaman danışmayıb.
Azər Badamov Bakı şəhərində yaşayır, ayda ildə 1 dəfə Qusara istirahətə, dincəlməyə gəlir. Belə millət vəkili bizim nəyimizə gərək?
Qusar rayonundan millət vəkili olmağa həddən artıq çox ziyalılar, professorlar, alimlər, siyasətçilər olduğu halda, keçmiş icra başçısı Şair Alxasovun qohumu olan Azər Badamov kimi ağzına su alıb parlamentdə oturan millət vəkili bizə lazım deyil.
Biz Qusarı və onun sakinlərini sevən, hörmət edən, problemlərini həll etməyə çalışan, milli məclisdə bizim səsimiz olan layiqli bir şəxsi millət vəkili görmək istəyirik!
Ümid edirik ki, bu seçkilərdə Azər Badamov deyil, biz Qusarlıların öz seçdiyi namizəd milləT vəkili seçilər..."( Dia-az.İnfo)