Bölgə

Qusarda narazılıq yaradan KİMDİR? - MÜRACİƏT

Qusarda narazılıq yaradan KİMDİR? - MÜRACİƏT


Qusar rayonunun Yuxarı Zeyxur, Ləcət və Kiriq kəndlərinin bir qrup sakininin "Təzadlar"ın redaksiyasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasova və Qusar Rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə ünvanlanmış şikayət məktubu daxil olub.

Şikayətçilər yazır:

"Hörmətli cənab Prezident!

Siz dəfələrlə bəyan etmisiniz ki, məmurların özbaşınalıqlarına son qoyulması üçün onların qanunsuz əməlləri barədə sizi məlumatlandıraq. Təəssüflə bildiririk ki, dəfələrlə etdiyimiz müraciət və şikayətlərimizə qeyd edəcəyimiz məmurlar qeyri-qanuni cavablar yazmaqla xalqı dövlətdən narazı salmağa çalışırlar.

Şikayətimizə adlarını əlavə etdiyimiz məmurların cavab məktublarının məzmunu ilə tanış olsanız, bir daha yazdığımızın təkzibolunmaz sübutlar olduğuna əmin olacaqsınız.

Nəzərinizə çatdırırıq ki, Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zoya Eldarovanın yazdığı cavab məktubları üç kəndin camaatının haqlı narazılığına səbəb olan, eləcə də həqiqəti əks etdirməyən cavablardır.

Bildiririk ki, həmin cavab məktublarından birində qeyd etdiyi "sahibkar"ı heç kəs tanımır, onun yerinə dəllallıq edən Zeyxur kənd sakini İsrafilov Seyfulla Uğur oğlunun Qusar Rayon İcra Hakimiyyətinə verdiyi izahat həqiqəti əks etdirməyən, yalan və böhtan xarakterli izahatdır.

Bir daha nəzərinizə çatdıtmaq istəyirik ki, sözügedən üç kəndin camaatının hələ sovet dövründən istifadəsində olan arx otuz ildən çoxdur ki, istifadədə olub.

Bizim tanımadığımız məmur Hüseynov Vüqar Oktay oğlu peyda olana kimi həmin arxdan hər üç kəndin camaatı istifadə edib və torpaqlarımızı suvarmışıq".

Şikayətçilər təəssüflə qeyd edirlər ki, əsassız cavablar yazmaqda davam edən Zoya Eldarova və Qusar Rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyi Vüqar Hüseynovun qanunsuz əməllərini müdafiə etməklə onları, yəni üç kəndin camatını qanunsuz olaraq suvarmadan məhrum edib.

Kənd sakinlərinin sözlərinə görə, alternativ arx çəkiləcəyi bəhanəsi ilə onları aldatmaqla məşğuldurlar:

"Hörmətli cənab Prezident!

Sizdən bir daha xahiş edir ki, su ilə bağlı problemin həlli üçün aidiyyəti qurum rəhbərlərinə göstəriş verəsiniz. Çünki bağlarımız quruyur. Kənd təsərrüfatımız məhv olur. Nəticədə, biz ac qalacağıq".

***

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Zoya Eldarovanın üç kəndin camaatının narazılığına səbəb olan Qusar rayonunun Kiriq kənd sakini Dustiyev Vaqif Cumart oğluna və digərlərinə göndərdiyi cavab məktubunda isə bildirilir: "Sizə məxsus torpaq sahələrini suvarma suyu ilə təmin edən təsərrüfatdaxili arxın bərpa edilməsinə köməklik göstərilməsi barədə Qusar Rayon İcra Hakimiyyətinə təkrar göndərilmiş müraciətinizə tərəfimizdən baxılmışdır.

Bir daha nəzərinizə çatdırırıq ki, sakinlər tərəfindən sahibkarlara satılmış torpaq sahəsində şum sürülməsi və taxıl səpini işlərinin aparılması ilə əlaqədar həmin ərazidə mövcud olmuş təsərrüfatdaxili arx sıradan çıxmışdır. Mövcud problemin həlli və vətəndaşlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Qusar Suvarma Sistemləri İdarəsi tərəfindən Yuxarı Zeyxur kanalından qidalanan Ləcət arxından sözügedən əraziyə alternativ su mənbəyi çəkilmişdir.

Sahibkarlara məxsus torpaq sahəsində əkin biçildikdən sonra təsərrüfatdaxili arxın bərpa olunacağı barədə müraciətinizə cavab olaraq bildiririk ki, məsələ ilə əlaqədar təsərrüfatdaxili arxın keçdiyi torpaq sahələrini satın almış Hüseynov Vüqar Oktay oğlu tərəfindən etibarnamə əsasında səlahiyyətləri etibar edilən İsrafilov Seyfulla Uğur oğlunun izahatı alınmışdır. O, ilk əvvəl taxıl biçini yekunlaşdıqdan sonra mövcud olmuş arxın bərpa olunmasına etiraz etmədiyini bildirsə də, sonradan sözügedən təsərrüfatdaxili arxın xəritədə mövcud olmadığını və vətəndaşların özləri tərəfindən çəkildiyini, gələcəkdə həmin ərazidə intensiv bağın salınmasının nəzərdə tutulduğunu və həmin arxın bərpa olunmasının torpaq itkisinə səbəb olacağını və intensiv bağın salınmasına maneçilik törədəcəyini, yeni çəkilmiş alternativ su arxının ətraf əraziləri suvarma suyu ilə təmin etdiyini əsas gətirərək təsərrüfatdaxili arxın bərpa olunmasına razılıq vermədiyini bildirmişdir.

Yuxarıda qeyd olunanları və yeni çəkilmiş su arxının həmin əraziləri suvarma suyu ilə təmin etdiyini nəzərə alaraq birdiririk ki, mövcud olmuş köhnə təsərrüfatdaxili arxın bərpa edilməsi mümkün deyil".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //tezadlar.az//