Araşdırma

Əmlak məmurları qaçqın düşərgəsini zəbt edib – Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən Prezidentə şikayət olunacaq

Əmlak məmurları qaçqın düşərgəsini zəbt edib – Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən Prezidentə şikayət olunacaq

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun və sözügedən qurumun şöbə müdiri Taleh Bəşirovun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi məcburi köçkünlər arasında ciddi narazılığa səbəb olub.

Hadisəylə bağlı əldə etdiyimiz məlumata görə, artıq zəbt olunmuş ərazidə məcburi köçkünlərə məxsus 4 yardımçı təsərrüfat sökülüb. Həmin təsərrüfatın içindəki əşya və avadanlıqlar isə ortalıqda qalıb və məcburi köçkünlər onları qoymağa yer tapa bilmir. Ərazidəki bir evin taleyi isə sual altındadır. Belə ki, evin sahibindən evi təcili şəkildə tərk etmək tələb olunub. Bildirilib ki, “ev plana düşüb” və buna görə də ən qısa zamanda söküləcək. Evdə məskunlaşan məcbur köçkünə isə məsləhət görüblər ki, özünə kirayə axtarsın və əşyalarını ən qısa zamanda buradan çxıarılsın. Hazırda zəbt edilən ərazinin hasaralanması prosesi gedir. Artıq hər tərəfdən ərazinin iki metrə yaxın hündürlükdə daş hasarla əhatələndiyi bildirilir. Tikinti işi gecə saatlarında projektor işığında belə davam dir ki, bu da əraziyə əl qoyan iş adamının hasarlama prosesini mümkün qədər tez bir zamanda başa çatdırmaq istəyindən xəbər verir. Ərazidə baş verənlərlə bağlı daxil olan məlumata görə, Əmlak məmurları “Sarıqaya” yaşayış massivindəki “Metallurq” düşərgəsinin bir hissəsini ələ keçirən zaman, düşərgəyə bitişik on sotluq xüsusi mülkiyyətə məxsus torpaq sahəsini də zəbt ediblər. Həmin torpaq sahəsi yaxın ərazidəki bağ evlərindən birinin sahibinə məxsus olub. Əlində torpağın ona məxsus olduğunu təsdiqləyən mülkiyyət şəhadətnaməsinin olmasına baxmayaraq, əmlak məmurları onun da torpağına əl qoyub. Torpaq sahibi öncə Elçin Yusubov-Taleh Bəşirov cütlüyünə müqavimət göstərməyə çalışsa da, daha sonra əmlak məmurlarının təzyiqi qarşısında geri çəkilməli olub.

Taleh Bəşirovun əlaltıları mülkiyyət sahibinə bildirib ki, onun sahib olduğu torpaq köçkün düşərgəsinə məxsusdur. Vətəndaş xüsusi mülkiyyətin toxunulmaz olduğunu xatırladaraq qanunun çətiri altına sığınmağa çalışanda, əmlak məmurları onun dediklərini təsdiqləyiblər. Eyni zamanda bildiriblər ki, özəl mülkiyyət toxunulmaz olsa da, bu toxunulmazlıq da bir yerə qədərdir və vəziyyətə görə dəyişir. Əlindəki sənədlərin etibarsız olduğunu, lazım gələrsə bu sənədləri asanlıqla ləğv edə biləcəklərini bildirən əmlak məmurları torpaq sahibinə cüzi vəsait ödəməklə vətəndaşa məxsus bütün torpaq sahəsini zəbt ediblər. Daha sonra həmin torpaq sahəsi də məcburi köçkün düşərgəsinin bir hissəsi ilə birlikdə hasarlanıb. Məcburi köçkün düşərgəsində isə vəziyyət hələ də gərgin olaraq qalır.

Köçkünlər hesab edir ki, ədalətin bərqərar olması üçün zəbt edilən əraziyə çəkilən daş hasar sökülməli, avtomobil və piyada yolu açılmalı, sökülən evlər və yardımçı təsэrrüfatlar bərpa edilməlidir. Onlar bu baş verməyənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Baş verənlərlə bağlı məlumat verən etibarlı mənbənin sözlərinə görə, məcburi köçkünlər Əmlak Məsələləri Dövlət Xidmətinin harınlamış məmurlarından ölkə başçısına şikayət etməyə hazırlaşır. Məcburi köçkünlər əmindilər ki, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən məmurların bu özbaşınalığı haqqında məlumat Prezident İlham Əliyevə çatacağı təqdirdə dövlət başçısı dərhal onları cəzalandıracaq, məcburi köçkünlərin ikinci dəfə qaçqın həyatı yaşadanlara lazımı dərs verəcək. Mənbənin məlumatına görə, ölkə başçısına ediləcək müraciətlə bağlı imzatoplama kampaniyasının həftə sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bazar ertəsinə kimi Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlər imzatoplama kampaniyasını başa çatdıraraq dövlət başçısına müraciət edəcək.

Xatırladaq ki, bir müdət bundan öncə Bakının Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivinin “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi ƏMDX-nin yetkililəri – Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılıb. Ərazini satın alan iş adamı ƏMDX məmurlarının köməyi ilə məcburi köçkünlərə məxsus bəzi ev və yardımçı təsərrüfatları dağıdıb, avtomobil və piyada yolunu bağlayıb. Məcburi köçkünlərin etirazına məhəl qoymayan məmurların məcburi köçlünlərin yaşadığı digər evlərə də əl qoyacağı ehtimal edilir. Məlumat üçün qeyd edək ki, məlum prosesdə xüsusi aktivliyi ilə diqqət çəkən isimlərdən biri olan Taleh Bəşirovun adı ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumata görə Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün bu cür bahalı hədiyyəyə layiq görülüb. Onun Türkiyədə də geniş biznes şəbəkəsinə malik olduğu iddia edilir.

Köçkün düşərgəsi ilə bağlı məlumatların mütəmadi şəkildə mediaya sızdırılması şöbə müdiri Taleh Bəşirovun bərk qəzəbinə səbəb olub. Baş verənlərdən ciddi narahatlıq keçirən şöbə müdiri xidmət daxilində casus axtarışına çıxıb. “Satqın kimdir” sualına cavab axtaran Taleh Bəşirov bu məsələdə ən yaxın çevrəsindən belə şübhələnməkdə, onları mümkün qədər nəzarət altında saxlamaqdadır…/aztoday.az