Bakıda restoranda inanılmaz olay: Toy sahibləri kütləvi şəkildə aldadıldı - Administrator tutuldu
Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən "Mala Praga" restoranında toy sahiblərini aldadaraq, onlardan külli miqdarda vəsait toplayıb, şəxsi işlərinə xərcləyən administratorla bağlı məhkəmə qərar verib.
Ədalət Həsənov (soyadı şərtidir) 2018-ci ilin mart ayından "Mala Praga" restoranında administrator kimi işləyib. Həmin restoranda banket və toy məclisləri təşkil edib.
O, restoranda toy məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxsləri aldadaraq, 2022-ci ilin müxtəlif vaxtlarında onların toy və nişan mərasimlərinin keçirilməsi vaxtını təyin edib, aldığı pulları restorana ödəməyərək, şəxsi işlərinə xərcləyib.
Maddi imkanı yaxşı olmadığı üçün 2021-ci ilin dekabr ayından başlayaraq restorana gəlib toy və banket şənlikləri danışmaq istəyən şəxslərlə ünsiyyətdə olub, sonradan müştərilərlə özü gizlin şəkildə telefon əlaqəsi yaradaraq, həmin şəxslər üçün restoran rəhbərliyinin xəbəri olmadan endirim edib, əvvəlcədən beh vermələrini razılaşdırıb, aldığı pulun az qismini restoranın kitabçasında beh kimi yazdırıb, qalanını özü üçün götürüb.
O, zərərçəkmişlərdən - Yusif Babayevdən ümumilikdə 6010, İsuliddin adlı şəxsdən 5000, Nərmin və Ədalət adlı şəxslərdən 3000, Teymur adlı vətəndaşdan 1700, qohumu Günel Məmmədliyə toy etmək üçün zərərçəkmişdən 15000 manat və digər şəxslərdən külli miqdarda vəsait alıb.
Məhkəmədə zərərçəkmiş şəxslər toy ərəfəsində keçirdikləri sarsıntıya görə təqsirləndirilən şəxslə barışmadıqlarını və onun cəzalandırılmasını tələb etdiklərini bildiriblər.
Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrli ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilib.Qaynarinfo