İqtisadiyyat

Toylar dayanıb, şadlıq evləri çətin durumda: - "Bazarı" bağlayan 2 səbəb

Toylar dayanıb, şadlıq evləri çətin durumda: - "Bazarı" bağlayan 2 səbəb

Pandemiya səbəbindən keçən ilin martından toy məclislərinin keçirilməsi qadağan edilmişdi.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu il iyulun 1-dən müəyyən şərtlər nəzərə alınmaqla mərasimlərin təşkilinə icazə verilib. Hazırda toy məclislərində “COVID-19 pasportu” və immunitet sertifikatı olan ən çox 150 nəfər iştirak edə bilər.

Qadağalar götürüldükdən sonra toy bazarında canlanma müşahidə olunsa da, hazırda durğunluq hiss olunur.

Toy sayının kəskin azalması karantinlə yanaşı, həm də ərzaq, qaz və elektrik enerjisi qiymətlərinin bahalaşması ilə əlaqəlidir.

Restoranların xərcləri artıb, bu da menyuya öz təsirini göstərir. Bir sözlə, toya dəvətlilər az, menyu baha, xərclər çox. Belə olduqda isə evlənmək istəyənlər toy etmək əvəzinə özlərinə “toy tutmuş” olurlar.

Bəzi restoranlar toyların azalmasını birbaşa qiymət artımı ilə əlaqələndirməsələr də bunun da təsir etdiyini bildiriblər.

“Niel” şadlıq sarayından Cebhe.info-ya bildiriblər ki, dekabr ayı üçün cəmi iki toy sifarişi alıblar.

Buna səbəb kimi toyların keçirilməsinə tətbiq edilən qaydaları göstəriblər. Restorandan onu da bildiriblər ki, ərzaq qiymətlərinin artımının da buna təsiri var. Menyu qiymətlərinin artırılmadığını deyən restoran nümayəndəsi bildirib ki, “Niel” restoranında bir stolun qiyməti 70 manatdan başlayır.

“İmperial” şadlıq sarayından Cavid Mahmudov da saytımıza toyların az olduğunu bildirib. Səbəb kimi isə toylarda iştirak edənlərin sayındakı məhdudiyyəti göstərib. Şadlıq sarayının nümayəndəsi qeyd edib ki, ölkədə qiymətlər qalxsa da, onlar menyuda qiyməti artırmayıblar. O hesab edir ki, qiymətlər artsa, insanlar ümumiyyətlə, toy eləməzlər. Qeyd edək ki, şadlıq sarayında ən aşağı qiymət 40 manatdır.

“Gənclik” şadlıq sarayında da vəziyyət ürəkaçan deyil. Onlar da toyların azaldığını, restoranların xərclərinin artdığını bildirdilər. Bu restoranda qiymətlər 35 manatdan başlayır.

El məclislərində iştirak edən sənətçilər də vəziyyətlə bağlı Cebhe.info-ya danışıblar.

Dekabr ayına bir toy sifarişi alan müğənni Nadir Bayramlı saytımıza bildirib ki, buna səbəb həm karantindi, həm də bahalaşma:

“Toylar kəskin azalıb. İnsanlar 150 nəfərlə toy eləmək istəmirlər. Üstəlik, ərzaq qiymətləri də artıb. İnsanların maddi durumu buna imkan vermir. Vəziyyət belədir”.

Müğənni Könül Kərimovanın prodüseri bildirib ki, Azərbaycanın rayonlarından, Bakıdan və Moskvadan toy sifarişi alsaq da, indi bunun sayı azalıb.

“Sentyabrda, oktyabrda toylar daha çox idi. Həmin aylarla müqayisədə indi toylar xeyli azalıb”.