Qətlə yetirilən şəxsin həyat yoldaşı: "Rövşən Əkbərova ömürlük cəza verilsin"
Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"korrupsiya.com" Trend-ə istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən mərhum E.Əliyevin həyat yoldaşı Fəxrintac Əliyeva istintaqa verdiyi ifadəni təsdiq edib:
“Bu qətl bütün ailəni darmadağın edib. Qatilin ömürlük cəza almasını istəyirik. Rövşən Əkbərovun adını hadisə baş verənədək eşitməmişdim”.
Qətlə yetirilən E.Əliyevin dostu Səməd Novruzov da istintaqa verdiyi ifadəni təsdiq edərək bildirib: "Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb Kiyevdəki səfirliyə getdim. Orada keçmiş ukraynalı hərbçi Qriqoryev Aleksandr Mixayloviç dedi ki, hadisəni azərbaycanlı törədib. Orada söz-söhbət gedirdi ki, Elçin mayın 31-də "Abşeron" restoranında dostları ilə yemək yeyib, sonra səfirliyə gəlib və orada mübahisə düşüb. Daha sonra Elçin yanındakı dostu ilə başqa bir restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da ora gediblər və restoranda yenidən dava düşüb”.
Növbəti iclas oktyabrın 13-ə təyin edilib.
İttihama görə, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.
İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.
Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.
Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.
Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.