Arvadını çəkiclə öldürmək istəyən şəxsə 7 il 10 ay cəza verildi
Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsin işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Namazov 7 il 10 ay azadlıqdan məhrum edilib.
Binəqədi Rayon Prokurorluğunun yaydığı məlumata görə, hadisə ötən il oktyabrın 25-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
Qəsəbə sakini 52 yaşlı Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 64 yaşlı Sərdar Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhddə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.