Rza Talıbovun müftəxor cangüdəni kimdir və o necə polis zabiti olub? - İLGİNC İDDİALAR...
Naxçıvan MR DİN-in Kadrlar Aparatındakı etibarlı mənbələrdən redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda adı Naxçıvan DİN-in əməkdaşları sırasında olan, lakin özü bir gündə olsun işə gəlməyən polis zabitindən bəhs olunur.
Gundem.media-ın məlumatına görə, Ovqat.com-a daxil olan məlumatda bildirilir ki, Vasif Talıbovun oğlu “xanzadə-vəliəhd” Rza Talıbovun cangüdəni Mirsamil Seyidov Naxçıvan MR Daxili İşlər Nazirliyində polis zabiti kimi görünür. Amma indiyədək onun nazirliyin qapısından içəri girdiyini görən olmayıb. Adam işə götürüldüyü gündən Rza Talıbovun yanında fırlanır. Maaşını isə Naxçıvan MR Daxili İşlər Nazirliyindən alır.
Məktub müəllifi yazır: “Necə ola bilər ki, bir polis zabiti xidmətə qəbul edilən ilk gündən işə çıxmasın. Dövlət büdcəsi kiminsə şəxsi pulu, Naxçıvan MR DİN isə onun atasının şəxsi ferması deyil. Azərbaycan vergi ödəyiciləri hər il öz boğazından kəsib vergi verir ki, onun bir hissəsi Naxçıvana dotasiya kimi ayrılsın və “xanzadə” həzrətləri bu pulu öz şəxsi sürücülərinə, cangüdənlərinə yedirsin?”.
Məlumatda Seyidov Mirsamil Yasin oğlunun Naxçıvan MR DİN-ə necə ayaq açmasının qısa tarixçəsinə də yer verilir. İddia olunur ki, “vəliəhd-xanzadə”nin qoruması təxminən 2021-ci ilin iyul ayında Naxçıvan DİN-də xidmətə qəbul edilib: “Həmin vaxt Naxçıvanın indiki Daxili İşlər naziri Rəşad İsmayılovun səlahiyyətləri ələ keçirdiyi zaman idi. Mirsamil Seyidov da məhz Rəşad Seyidovun bir başa xeyir-duası ilə xidmətə qəbul olunub. “Xidmət”ə Naxçıvan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsində başlayan cangüdənin ayağı bu şöbəyə düşməyib. İşə gptürüldükdən cəmi 4 aydan sonra, yəni 2021-ci ilin noyabr ayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi ləğv olunub. Şöbənin bir sıra işçiləri hələ də özlərinə iş yeri tapa bilməyiblər. Halbuki onların arasında peşəkar polislər də var. Mirsamil Seyidov isə şöbə ləğv olunduqdan dərhal sonra Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə gətirilib. Hal-hazırda adı rəsmi sənədlərdə həmin idarənin əməkdaşı kimi görünür”.
Məktub müəllifi saytımız vastəsilə Azərbaycan Respublikası DİN-ə müraciət edərək bu məsələni araşdırmağı xahiş edir: “Mirsamil Seyidov ya xidmətdən xaric olunsun, yada ki, hamı kimi gəlib işə çıxsın. O, xidmətdən xaric olunacaqsa, 2021-ci ilin iyul ayından etibarən aldığı əmək haqqını dövlət büdcəsinə qaytarılsın və bu qanunsuzluğa yol verən Rəşad İsmayılov cəzalandırılsın”.
Məktubda həmçinin bildirilir ki, bu məsələ öz həllini tapmasa növbəti yazılarda adı Naxçıvan DİN-də olan, lakin özü olmayan digər əməkdaşlar haqqında məlumat veriləcək.
Bir sözlə, “Qara Pişik” demişkən, görünən budur ki, Rəşad İsmayılovun işi fırıqdır.