"Xan" sürücüsü olan polkovnik-leytenant DTX-dan niyə qovuldu? - İLGİNC İDDİALAR...
Xəbər verdiyimiz kimi, 2016-cı ildə Naxçıvan MR DTX-da “Tərəqqi” medalı laureatı, Naxçıvan Tele-Radio Şurasının üzvü Sara Əzimovanın və Naxçıvan TV-nin sədri Sahil Tahirlinin dövləti cinayətlərlə bağlı əməllərinin araşdırılması haqqında dosya açılıb. Dosyanı açan o dövrün Naxçıvan DTX-nın rəisi Fazil Ələkbərov olub. Maraqlıdır ki, 2019-cu ilin 8 iyul tarixində Vasif Talıbovun imzaladığı fərmanla Naxçıvan DTX Fazil Ələkbərovun tam nəzarətindən çıxır və bu xidmətin rəhbərliyinə Nurlan Pənahov gətirilir. Üzərindən cəmi 3 ay keçməmiş DTX-da açılmış bu dosya barədə Sara Əzimova xəbər tutur və 14 sentyabr tarixində özünün məşhur statusunu paylaşır. Statusunda adının hansısa terror təşkilatı ilə əməkdaşlıqda hallandırılmasından gileylənən Sara Əzimova bu araşdırmanın başlanmasında bir generalı (yəqin ki, general-leytenant Fazil Ələkbərovu) günahlandırır və Vasif Talıbovdan imdad diləyərək yazır: “CƏNAB SƏDRİMİZ icazə verməz ki, VƏTƏNPƏRVƏR insanlara çirkin iftirlar atılsın”. Və həqiqətən də Sara xanım haqlı çıxır. Elə həmin gün sözügedən dosya qapadılır və indi təqdim etdiyimiz bu status da silinir.
Vasif Talıbovun DTX-da açılmış bir dosyanın qapadılmasına dair qərar vermək hüququnun olmaması məsələnin bir tərəfidir. Məsələnin ən maraqlı tərəfi isə həmin məlumatın Sara Əzimovaya necə sızdırılması faktıdır. Zira DTX-da bu cür dosyalar məxfilik qrifi altında açılır və qanunlara görə, bu cür məlumatların sızdırılması ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 284-cü maddəsinə əsasən. dövlət sirrini yayan şəxsi ən yaxşı halda 3 ildən 8 ilə qədər həbs cəzası gözləyir.
Mlumatli dairələrin fikrincə, bu məlumatın Saraya sızdırılması isə müxtəlif şəxslər tərəfindən həyata keçirilə bilərdi. Bunlardan biri DTX-nın o zamankı rəhbəri Nurlan Pənahovdur. Maraqlıdır ki, bu adam hələ də azadlıqdadır.
Digər şübhəlilər də var. Belə şübhəlilərdən biri Vasif Talıbovun sürücüsü Nüsrət adlı şəxsdir. İlgincdir ki, Nüsrət (təəssüf ki, soyadını öyrənə bilmədik), Vasif Talıbova sürücülük etdiyi halda adı Naxçıvan DTX-da gedirmiş. Rütbəsi də balaca deyilmiş – polkovnik leytenant. “Xan”ı işə gətirdikdə sonra boş vaxtlarında bu quruma gedən polkovnik leytenantın məxvi məlumatları toplayıb müvafiq orqanlara sızdırdığı güman olunur. Mümkündür ki, həmin məlumat Saraya da məhz Nüsrət tərəfindən sızdırsın.
Bu, təbii ki, bizim versiyamızdır. Ciddi dəlillərlə təsdiqlənməsinə ehtiyac var. Amma etibarlı mənbələrdən aldığımız məlumata görə, Naxçıvan DTX ləğv olunub, yerinə Azərbaycan DTX-nın Naxçıvan Baş İdarəsinin yaradılandan sonra “xan” həzrətlərinin sürücüsü olan polkovnik leytenat həmin idarədən qovulub. Yeni təyin olunan Baş İdarənin rəisi Möhsün Aşurov onun barəsində sərəncama göndərilmə əmri çıxararkən deyib: ““Xan” sürücüsünün məxfi idarədə nə işi var? Bura boş vaxt keçiriləsi yer deyil. Getsin, boş vaxtını çayxanalarda keçirsin”.
Amma polkovnik-leytenant Nüsrət müəllim işsiz də qalmayıb. DTX-dan qovulduqdan sonra Naxçıvanın hələ əl dəyməmiş DİN-i ona sahib çıxıb və nazir Rəşad İsmayılov tərəfindən Cinayət Axtarış şöbəsinə mühüm vəzifəyə gətirilib.
Bir sözlə, Nüsrət müəllim yenə çörəksiz qalmayacaq. Bu səfər öz çuğulluq fəaliyyətini Naxçıvan MR DİN-də həyata keçirəcək. Təbii ki, onun DİN-də də “darı bitən” vaxtı gələcək. Prezident İlham Əliyev Naxçıvan MR DİN-i Azərbaycan DİN-nin Baş Ofisinə çevirəndə. Mümkündür ki, onu bu nazirlik ləğv edildikdən sonra başqa perspektivlər də gözləsin. //ovqat.com//