Sosial

Təxirə salınmış imtahanlar bu tarixdə keçiriləcək

Təxirə salınmış imtahanlar bu tarixdə keçiriləcək


Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının 11 yanvar 2023-cü il tarixindən etibarən keçirilməsi bərpa edilir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək:

"11 yanvar 2023-cü il tarixində keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar".

Xatırladaq ki, bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında iştirak edən həkimlərin sənədlərinin qeydiyyatı prosesində texniki nasazlıq yaranmışdı və bununla əlaqədar imtahanların keçirilməsi müvəqqəti təxirə salınmışdı.


Axın.az