Sosial

Nazir 88 min manat mənimsəyən direktoru İŞDƏN ÇIXARDI - FOTO

Nazir 88 min manat mənimsəyən direktoru İŞDƏN ÇIXARDI - FOTO

11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazir Emin Əmrullayev əmr imzalayıb.

Hazırda məktəbin direktoru vəzifəsini Namiq Kərimov icra edir.

Qeyd edək ki, bir müddət öncə Gülnarə Abdullayeva barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Mcəlləsinin 179.3.2 (Mənimsəmə külli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. Hazırda istintaq davam edir.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, G.Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.
Nazir 88 min manat mənimsəyən direktoru İŞDƏN ÇIXARDI - FOTO