Sosial

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsi təxirə salınıb

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsi təxirə salınıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verməli olan şahidlər məhkəmə prosesinə gəlməyiblər.

İclasa qatıla bilməyən şahidlər məhkəməyə xəstə olmaları ilə bağlı məlumat göndəriblər. Buna görə də hakim təqsirləndirilən şəxsdən növbəti prosesdə şahidlərin çağırılıb dindirilməsini, yaxud istintaqdakı ifadələrinin məhkəmədə elan olunmasını istədiyini soruşub.

Z.Sultanov təqsirini etiraf etdiyini, şahidlərlə bağlı, məsələni məhkəmənin ixtiyarına buraxdığını deyib.

Proses oktyabrın 20-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər