Sosial

Ocaqnejadın ocağında nə bişirmiş? - İLGİNC

Ocaqnejadın ocağında nə bişirmiş? - İLGİNC

İranın Ali Rəhbəri Seyid Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi, Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi və Hüseyniyyə məscidinin fəaliyyəti dayandırılıb.

Bu barədə oktyabrın 5-də Daxili İşlər Nazirliyi məlumat yayıb. Səbəb kimi koronavirus infeksiyası göstərilib: “Hüseyniyyə məscidi son günlər koronavirus infeksiyasının çox yayıldığı məkanlardan biridir. Digər yerlər kimi, Hüseyniyyə məscidinin də fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

Bu xəbərdən sonar social şəbəkələrdə və KİV-də Ocaqnejadın Azərbaycandakı fəaliyyətinin dayandırılması anlamına gələn sevincək paylaşımlar başladı.

Əvvəla, onu qeyd edək ki, Əliəkbər Ocaqnejad sıradan bir İran mollası deyil. Hələ sovet vaxtlarından onun səsi İran radiolarından Azərbaycanın cənub sərhədlərində yaşayan əhaliyə yaxşı tanışdır. İran islam inqilabını mədh edən bu çıxışlarda o, Azərbaycanın ənənəvi şiə əhalisində Tehran teokratiyasına müsbət münasibət yaratmaq üçün təbliğat aparırdı. Sovetlər süqut etdikdən dərhal sonra o, “Qafqaz müsəlmanlarına kömək” məqsədilə yaradılmış quruma rəhbər təyin edilir. Az sonra “Azərbaycanda olan tələbələrin təşkilatçısı” (?!) təyin edilir. Həm də kimlərin əmri ilə – ayətullaüzma Meşkini və Lənkərani kimi avtoritetli teokrat liderlərin! 1993-cü ildən İran Mədəniyyət Mərkəzinin rəhbəri, 1996-cı ildən Vəliyyi-Fəqihin – Ali Rəhbər Xamneyinin – Azərbaycan üzrə səlahiyyətli nümayəndəsidir.

Bunlar hamısı, necə deyirlər, xub.

Məsələnin xub olmayan tərəfi odur ki, hələlik ortada olan fakt bir məscidin bağlanmasıdır. Cənab Ocaqnejadın rəhbərlik etdiyi İran Mədəniyyət Mərkəzi təşkilat olaraq bağlanıbmı? Bildiyimiz qədər, xeyr. Uzaqbaşı, Hüseyniyyə məscidi bağlandı deyə, dəftərini vurub qoltuğuna, gedib oturub özləri demiş, qeyri bir məkanda. Yəni bağlanan Ocaqnejadın heç zadı deyil, bizim məscidimizdi. O ağa işindədi. Təşkilat yerində, şəbəkə işləyir, qazan qaynayır.

O başqa məsələdir ki, ağaye-Ocaqnejadın ofisində koronavirusdan başqa daha hansı “viruslar”, yaxud virus təhlükəsi olub ki, oranı dezinfeksiya eləmək lazım gəlib?

Hamı Ocaqnejadı mistik Bond qismində görür, təsəvvür edir, təqdim edir. Amma nə dövlətin, nə qeyri-dövlət qurumların, nə bu işlərlə məşğul olan səlahiyyətli və təcrübəli yoldaşların biri demir ki, Ocaqnejadın dəftərini (İranda ofisə “dəftər” də deyirlər) niyə dürüblər?!

Axı nə bişirmiş bu ocağın üstündə, yaxud altında?

Doğrudanmı, illərdir adı səs-küylü məhkəmə işlərindən, “casus oyunları”ndan kəm olmayan, terror ittihamları ilə yanaşı çəkilən bir Mərkəz və onun rəhbəri o boyda ofisdən buuuuboyda virusa görə çıxarılıb?

İranın Azərbaycandakı ən uzunömürlü emissarını vurub kənara atmaq beləmi asan olur? Məscidi bağladıq, vəssalam? Durub təyyarəyə minib gedəcək Tehrana? 31 ildir, Azərbaycanda İran tipli dövlət qurmaq üçün adam cəlb eləyən, yetişdirən, beyin yuyan, şəbəkə quran adam…

İslam inqilabı ideyasının ixracı İran üçün strateji məqsəd sayılır. Ocaqnejad bu sahədə usta kadrlardandır. Azərbaycan müstəqillik qazanandan bəri ölkəmizdə İranın neçə səfiri dəyişib? Neçə siyasətçi, QHT-çi, jurnalist, digər peşə sahibi İran xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda suçlanaraq həbsə göndərilib? N qədər… Amma cənab Ocaqnejad yerindədi. Diplomat statusunda. Dövləti təmsil edən rəsmi qurumun rəhbəri kimi. Yaxşı, bəs yerindədirsə, onda bu sevinc çığırtıları, kütləvi rəqs nəyə görədi?

Dillənən yoxdur…

Press Klub