Nehrəm sakinlərinə “Dinamik Ocean” TƏLƏSİ - NARAZILIQ VAR...
Babək rayon Nehrəm qəsəbəsi və Araz kəndinə gələn içməli su son vaxtlar xüsusi aparatlardan keçirilmədiyi üçün, istifadəyə yararsız hala düşüb. Yerli sakinlərin fikrincə, bəzi məmurlar bunu qəsdən edirlər ki, cammat onların himayə etdiyi şirkətlərdən su filtirləri almağa məcbur olsun. Bu haqda „Gündəlik Naxçıvan“a sakinlərin özləri məlumat veriblər. Onlar hesab edirlər ki, su filtirləri satan şirkətlər yüksək vəzifəlilərlə əlbirdirlər və suyun çirklənməsində bu məmurların da əli var.
Yerli sakinlər deyirlər ki, su çirkləndikdən bir müddət sonra “Dinamik Ocean” şirkəti əraziyə ayaq açıb. Sakinlər deyirlər ki, şirkət nümayəndələri qapı-qapı gəzərək, xüsusi cihazlarla suyun çirkli olduğunu üzə çıxarıb, əhalini su filtirləri almağa həvəsləndirirlər. Sakinlər razı salındıqdan sonra müqavilə bağlanır və filtirlər onlara qiymətindən 2-3 dəfə baha, 1500-1800 manata satılır.
Kənd sakini Vəli Məmmədov deyir ki, əvvəllər həqiqi qiymətlərdən xəbərsiz olduqları üçün, bu qiymətlə razılaşıblar:
“Qapı-qapı gəzib suyun insan orqanizminə zərərli olduğunu deyir, vətəndaşı yoxlamaq üçün evə daxil olmağa razı salırlar. Suyu aparatla yoxlayırlar. Su qaralır və içməyə yararsız olduğu bildirilir, filtr qoyulmasına razı salırlar. Ən ucuz qiymətə satdıqlarını, bundan ucuz tapa bilməyəcəklərini deyir, əgər ucuz tapsalar geri qaytaracaqlarına inandırırlar. Qonşular almışdılar, mən də razılaşdım 1800 manata, müqavilə bağladıq. Pulum olmadığı üçün 900 manat ödədim. Qalanını hissə-hissə ödəməyə razılaşdıq. Bir ay sonra öyrəndim ki, həmin filtrlərin qiyməti 500-600 manatdır. Zəng etdim ki, su filtrlərini baha satmısınız, geri qaytarıram. Dedilər ki, müqavilən var, qalan pulu da ödəməlisən. Yoxsa, məhkəməyə verəciyik. Hiss olnur ki, onlar yüksək səviyyədə himayə edənlər var. Yəni ən yuxarılardan”
Digər sakin Nəsimi Cəfərov isə deyir ki, baha qiymətə filtir almamaq üçün içməyə uzaq məsafədən bulaq suyu gətirməyə məcbur olur:
“Tanıdığım çoxlu sayda insan bu filtirlərdən istifadə edir. Bizə də gəlmişdilər, razılaşmadım. İçmək üçün həftədə bir dəfə öz maşınımla gedib Əlincədən bulaq suyu gətirirəm. İnsanları qınamıram. Həqiqətən su yun tərkibi içməyə yararsızdır, filtrasiya olunmadan əhaliyə verilir. Hamının da kənardan içməli su gətirməsi üçün maşını yoxdur. Məcbur qalıb baha qiymətə kreditlə su filtiri alırlar. Aidiyatı qurumlar isə baş verənləri görməməzdən gəlir. ”(„Gündəlik Naxçıvan“)