Bölgə

Arazdakı nasosların hamısı məmurların əkin sahələri üçün çalışır... - Vətəndaş ÇARƏSİZ DURUMDA

Arazdakı nasosların hamısı məmurların əkin sahələri üçün çalışır... - Vətəndaş ÇARƏSİZ DURUMDA



Kəngərli rayon sakinləri uzun illərdir ki, içmə və əkin suyu problemindən əziyyət çəkirlər. Onlar buna görə rayon icra hakimiyyətini və kənlərdəki nümayəndəlikləri günahlandırırlar. Sakinlər bildirir ki, əkin suyunu icra hakimiyyətindəki vəzifəlilər və yerli nümayəndə rəhbərləri, bələdiyyə sədrləri mənimsəyib, öz sahələrin suvarırlar.
Kəngərli rayonu suvarma suyunu Araz çayı və Şərur rayonundakı Gümüşlü gölündən çəkilən kanal vasitəsi ilə əldə edir. Rayon kəndlərinə su, bu kanala qoyulan nasoslar vasitəsi ilə çatdırılır. Sakinlər deyir ki, əslində bu mənbələr rayonun su problemini artıqlaması ilə qarşılayardı. Lakin, nasosların əksəriyyəti işləmədiyindən, kanalla gələn su kəndlərə paylanmaq yerinə, Araz çayına axıdılır. Arazdakı nasosların isə, demək olar ki, hamısı məmurların əkin sahələri üçün çalışır.
Rayonda əkin suyundan ən çox əziyyət çəkən Qıvraq qəsəbəsi, Şahtaxtı, Xök və Yurdçu kəndləridir. Qıvraq qəsəbə sakini B.M. deyir ki, su suni problemini yaratmaqda məqsəd, kəndliləri əkib-becərməkdən çəkindirməkdir:
“Bizim kənd də daxil olmaqla rayonda çoxlu kəhrizlər var, bundan əlavə kanalla su gəlir. Ancaq, bunların heç biri sakinlərə verilmir. İstəyirlər ki, heç kim öz sahəsini əkməsin və məcbur qalıb, bunlara versin. Araşdırma aparılsa, görərlər ki, rayondakı bütün əkinə yaralı sahələrini məmurlar əkir. Çünki, yerli əhalini bu üsullarla bezikdirirlər. Onlar da məcbur qalıb, əkmirlər və nəticədə əkin sahələrinə məmurlar yiyələnir. Onlardan biri də cra başçısının müavini Hacı Mehbalıyevdir. Bələdiyyə torpaqlarının çoxuna yonca, buğda, arpa əkdirib. Su oralara gedir. Yerdə qalan susyu da qəsəbənin icra nümayəndəsi kimə istəsə, ona da satır. Saatına 5 manat alırlar, nə qəbz verirlər nə də bir sənəd. Həmin pulu da ciblərinə qoyurlar”.
Şahtaxtı sakinləri isə deyir ki, ən çox yeraltı su mənbələri bu kənddədir. Kənd sakinlərindən Q.Ə. deyir ki, yarıtmaz idarəçilik səbəbindən, kənddə içmə və əkin suyu tapılmır:
“Sovet vaxtı kənddə böyük daş karxansı var idi. Bir müddət işlədikdən sonra, ekspertlər yoxladı və dedilər ki, bu kəndin altı su dəryasıdır, artıq qazıntı aparmaq olmaz. Bu səbəbdən karxananın fəaliyyəti dayandırıldı. Yaxşı idarəçilik olsa, qazıb bu suyu çıxarmaq olar və bununla da kəndin bütün su problemi həll olunar. Ancaq, kəndin icra nümayəndəsi Səftər Qazıbəyov nəinki bu işə baş qoşur, əksinə, təbii kəhrizlərin suyunu da 5-10 nəfərə satıb, kəndi susuz qoyub. Çox demirəm, 3-4 artezian qazılsa, kənddə suyu olmayan həyət qalmayacaq. Bunlar ancaq, öz ciblərini düşünürlər. Əslində, təkcə bizim kənd deyil, rayonun əksər kəndləri bu vəziyyətdədir”.
Kəngərli rayon İcra Hakimiyyətindən sakinlərin iddialarına cavab vermək istəmədilər. İstənilən vaxt onların da mövqeyini işıqlandırmağa hazırıq. //Gündəlik Naxçıvan//