Hadisə

Vasif Talıbovun 2 məmuru Xok və Böyükdüz kəndlərini susuz qoydu - Muxtar Respublikada “Yezid” zülmü

Vasif Talıbovun 2 məmuru Xok və Böyükdüz kəndlərini susuz qoydu - Muxtar Respublikada “Yezid” zülmü


Naxcıvan MR-ın Kəngərli rayonunun Xok və Böyükdüz kəndlərində dövlət fonduna aid 500 hektara yaxın əkin sahəsi var və həmin ərazidə adətən bu vaxtlar payızlıq əkin aparılır.

Gundem.media xəbər verir ki, ovqat.com-a şikayət edən rayon sakinlərinin iddialarına görə, payızlıq əkin üçün suvarma mövsümü 25 gündür başlayıb.
Amma bu müddət ərzində cəmi 2 böyük fermer təsərrüfatı su ilə təchiz edilib. Bunlardan biri Ali Məclisin Yusif (soyadı bilinmir) adlı rəsmisinə, digəri isə Aqrolizinq ASC nin müdiri Vasif Məmmədova məxsus sahələrdir. Bu iki məmurun əlində cəmləşən əkin sahəsinin ümumi böyüklüyü 250 hektardır. Yəni Xok və Böyükdüzün əkinə yararlı torpaqlarının yarısı 2 məmurun əlində cəmləşib.
Kəndlilərin bildirdiyinə görə, payızlıq suvarma başlayalı 25 gün ərzində yuxarıda adı çəkilən məmurlardan başqa Xok və Böyükdüz sakinlərinin heç birinə su verilməyib və verilməyəcək də. Çünki Naxçıvanın ən böyük su anbarı olan Vayxır gölündə su bitib.
Payızlıq suya həsrət qalan təsərrüfat sakinləri bunlardır:
Qənbərov Əkbər;
Babayev Amil;
Məmmədov Zamiq;
Babayev Əmir;
Məmmədov Elman;
Zeynallı Şahaddin;
Tagıyev Zahid;
Məmmədov İsrayıl;
Məmmədov Namiq;
Seyidov Mirhəbib;
Babayev Səttar;
Qənbərov Rəhim;
Quluyev Valeh,
Novruzov Rza və s.
Kənd sakinləri mövsüm ili başlamamış təsərrüfatlarının məhv olunması şikayəti ilə müvafiq dövlət orqanlarına müraciət ediblər. İcra hakimiyyətindən və su idarəsindən isə onlara deyiblər: “Sizinki qaldı yaza. İnşallah, yazda su olsa, siz də əkin sahələrinizi suvara bilərsiniz”.
Kəndlilər isə yazda da onlara növbə çatmayacağından çəkinirlər. Çünki yazda da Yusif müəllimlə Vasif Məmmədovun eyni vəzifəni icra edəcəklərindən əmindirlər. Onlar olan yerdə isə Xok və Böyükdüz sakinlərinə su yoxdur.
Şikayətçilər deyirlər: “Yusif müəllimlə Vasif müəllimin kəndin bütün su ehtiyatlarını mənimsəməsi yezidlikdən başqa bir şey deyil. Məqsəd bizi də öz doğma yurd-yuvamızdan digərgin salmaqdır”.