Siyasət

Azərbaycan Laçın sərhəd-keçid məntəqəsində viza rejimi tətbiq etməlidir - ÇAĞIRIŞ

Azərbaycan Laçın sərhəd-keçid məntəqəsində viza rejimi tətbiq etməlidir - ÇAĞIRIŞ


“Ermənistan Respublikasının və ya Qarabağdakı ermənilərin Azərbaycanın atdığı addımlarla bağlı nəyəsə razı olub-olmadığı bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan müstəqil dövlətdir və öz ərazisində suveren qərarlar vermək hüququna malikdir. Bərabər suverenlik anlayışı var və dövlətlər də buna ehtiramla yanaşmalıdır”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, “Qarabağ erməniləri Azərbaycanın təklifi ilə razılaşdı”, - ifadəsi ümumiyyətlə, düzgün və hüququ baxımdan münasib deyil: “Belə fikirlər səsləndirənlər anlamalıdır ki, bu halda erməniləri tərəf kimi tanımış olarıq. Ermənilərin də incə və bic siyasətinin mahiyyətində bu dayanır. Mövqe belə olmalıdır ki, Azərbaycan dövləti hansısa qərar verib və bu qərar Azərbaycan ərazisində yaşayan hər kəs üçün keçərlidir. O cümlədən ermənilər üçün. Bu qərara tabe olmayan separatçıdır, dövlətə qarşı çıxır, separatizmlə məşğul olur və s.”.

S. Cəlaloğlu əlavə edib ki, son 30 ildə Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətini sevməyən, onun güclənməsini arzu etməyən güclərin əlində vasitəyə çevrilib: “Bu da həmin ermənilərin əl-qolunu müəyyən qədər açmışdı. Amma indi belə bir vəziyyət yoxdur. Odur ki, “ermənilər Azərbaycanın təklifi ilə razılaşdı”,- anlayışı kökündən yanlışdır. Azərbaycan dövləti öz maraqlarına uyğun qərar verməli və bu qərarların icrasını təmin etməlidir. Kimin bu qərarı qəbul edib-etməməsinin bizim üçün əhəmiyyəti ola bilməz”.

S. Cəlaloğlunun fikrincə, Azərbaycan dövləti artıq Laçın sərhəd-keçid məntəqəsində viza rejimi tətbiq etməlidir. Onun sözlərinə görə, xarici ölkə vətəndaşı Azərbaycana viza vasitəsilə daxil olmalı və “torpaqbasdı” deyilən vergi ödəməlidir. “Üstəlik, Azərbaycan torpaqlarında 10 gün müddətinə qala bilməlidir. Qarabağ erməniləri ilkin dövrdə Ermənistana gedib-gələ bilərlər. Amma tədricən bütün bu məsələlər qanunla həllini tapmalıdır”,- deyə ADP sədri əlavə edib.