Hadisə

Ruben-Arayik cütlüyünün məkri: Ermənilərin başına yenidən Azərbaycanın “Dəmir yumruğ”u dəyə bilər - ŞƏRH

Ruben-Arayik cütlüyünün məkri: Ermənilərin başına yenidən Azərbaycanın “Dəmir yumruğ”u dəyə bilər - ŞƏRH


Qarabağdakı mülki ermənilərin hisslərini istismar edən Ruben Vardanyan-Arayik Arutyunyan cütlüyünün öz aralarında da problem var. Rusiya emissar kimi Qarabağa göndərdiyi Vardanyandan imtina edərək onu digər böyük layihəyə hazırlayır. Böyük ehtimalla Vardanyanın Ermənistanda Nikol Paşinyana ciddi təsir edə biləcək boz kardinallıq institutunun başına gətirilməsi üzərində iş gedir.

Arutyunyan isə məngənədə sıxılır, nə onun, nə də İrəvanın Vardanyandan xoşu gəlir, ancaq hansısa bir məqamda situativ sövdələşmə onlara lazımdır.

Vardanyan-Arutyunyan cütlüyü səylərini və resurslarını Qarabağ ermənilərini faktiki girov kimi saxlamağa xərcləyirlər və onları zor gücünə Azərbaycan əleyhinə kampaniyanın içərisinə yuvarlayırlar.

Təbii ki, separatçılıq ruhu bəzi mülki ermənilərin də canına hopub. Onlar da az aşın duzu deyillər. Amma onlar isterika və qorxu səbəbindən Azərbaycana qarşı fəaliyyətdən çəkinirlər.

Ruben-Arayik cütlüyü Qarabağdakı qızıl yataqlarına olan tamahı ucbatından ermənilərin onların fəaliyyətinə problem yaratmamasına və ermənilərin sayı ilə bağlı şişirdilmiş rəqəmlərin doğruluğunu sübut etməyə çalışırlar.

Ancaq faydası yoxdur. Xankəndidə əgər adına mitinq demək mümkündürsə, keçirilən aksiyalara iştirakçılar zorla çıxarılır və say görüntüsü yaratmaq cəhdi bununla da fiasko ilə nəticələnir.

Şuşa-Xankəndi yolundakı aksiyalardan sonra Xankəndidə ermənilərin sayının o qədər də çox olmadığı üzə çıxdı və Bakı bu kartla dünyaya yalan məlumatlar çatdıran qüvvələrin saxtakarlığını ifşa etdi.

Bu həm da onun dəlilidir ki, havadar qüvvələrin dəstəyi ilə Ermənistandan Gorus-Xankəndi yolu ilə xeyli sayda insan daşınaraq Azərbaycan torpaqlarına gətirilib və bunun əsas məqsədi orada yaşayan ermənilərin sayını çox göstərmək olub.

İndi isə Rubenlə Arayik hirslərindən zəncir çeynəyərək tez-tez aksiyalar təşkil edir və böyük ehtimal ki, toplanışdan yayınan ermənilərə qarşı zor tətbiq edilir və onlara ermənilərə məxsus işgəncələr verilir.

Onlar yenidən separatçıları ayaqlandıraraq Şuşa-Xankəndi yoluna yürüşə çağırırlar. Əgər Rusiya sülhməramlıları buna maneə yaratmasalar, həmin erməniləri Azərbaycan polisi və Daxili Qoşunların hərbi qulluqçuları qarşılayacaq.

Onlar Azərbaycan təhlükəsizlik qüvvələrinin hüquqi müstəvidə atacağı addımlarla qarşılaşmaq istəmirlərsə, bu sevdadan əl çəkməlidirlər, çünki ölkənin güc strukturlarının işi asayişi bərqərar etməkdir.

Ruben-Arayik ikilisinin izdiham yaratmaq görüntüsü elə öz başlarında çatlayacaq və bu da onların ifşası üçün yeni vasitəyə çevriləcək.

Aqşin Kərimov