Siyasət

Kim düşünür ki, Rusiya Qafqazı asanlıqla tərk edəcək... - GƏLİŞMƏ

Kim düşünür ki, Rusiya Qafqazı asanlıqla tərk edəcək... - GƏLİŞMƏ


Rusiyanın Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Denis Qonçar ölkəsinin Qafqazda konsulluq açmaq planı barədə bəyanat verib.
Qafanda İran konsulluq açıb, Fransa da növbəsini gözləyir, ardınca Rusiyadan belə bəyanat səsləndirilməsi belə bir məntiqi nəticə hasil edir:
Moskva-Tehran-Paris fərqli məntiqlə Qafana göz diksələr də, bu fərqlilikləri aradan qaldırıb, onu eyni qövsün içərisinə salmağa cəhdlər müşahidə edilir. Üçbucaq yaradılmasında Fransa-İran sövdələşmələrinin əsas təşəbbüskar rolu olduğu müəyyən oluna bilər.
İranın məntiqi Azərbaycanın və Türkiyənin Zəngəzur dəhlizi açıldıqdan sonra qazana biləcəyi strateji qazancları bloklamaqdan ibarətdir.
Fransanın strateji düşüncəsi qlobal arenada itirilən mövqelərini Cənubi Qafqazdakı vəziyyətə müdaxilə edib münaqişəli vəziyyət yaratmaq hesabına kompensasiya etməkdir. Bildirək ki, Parisin də məntiqində Bakı-Ankara strateji müttəfiqliyinə qarşı münasibət mənfidir.
Rusiyanın düşüncələri isə fərqli oktavadadır, o, əsasən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Qərbin aktivliyinə reaksiya olaraq Qafan faktorundan şantaj kimi istifadə edir.
Hərçənd, Rusiya Zəngəzur dəhlizinin açılmasının əleyhinə kəskin bir mövqeyə malik deyil. Moskvanın planındakı ştrixlər belədir ki, Bakı-İrəvan gündəliyindəki Qərb mərkəzli irəliləyişlərə cavab olaraq özünün iştirakı olan yeni faza yaratsın.
Denis Qonçarın başqa bir bəyanatındakı nöqtənin Azərbaycan-Ermənistan sülh gündəliyinin işığında böyüməsi belə demək üçün əsasdır.
Qonçardan sitatlar:
- Azərbaycanla Ermənistan arasında keyfiyyət nəzərə alınmadan və lazımi hazırlıq aparılmadan imzalanacaq sülh sazişi gələcəkdə regionda yeni münaqişə ilə nəticələnəcək;
- Vaxtaşırı Qərb paytaxtlarından Bakı və İrəvanın sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatlar eşidilir.
Burada Rusiya, necə deyərlər, “xoruzun quyruğu”nu göstərir, həm Azərbaycan, həm də Ermənistana mesaj verir ki, mümkün sülh sazişi Moskvanın inhisarında hazırlanmalıdır. Əks təqdirdə, Moskva regional təhlükəsizlikdəki odların üzərinə benzin tökəcək – məncə, Qonçarov məhz bu ismarışı ötürür.
Amma Rusiya bilir ki, sülh müqaviləsi Kremlin monopoliyası və diktəsi altında deyil, Qərbin də maraqlarının təmin edildiyi prinsiplərlə hazırlanmağa doğru gedir. Bu baxımdan Moskva təşəbbüsü ələ aldığını göstərməkdən ötrü müxtəlif kartları, o cümlədən “Qafanda konsulluq” məsələsini ortaya atır.
Bəs Rusiyanın Qafanda konsulluq açması mümkündürmü? Bu baş verə bilər, lakin nəzərə almaq lazımdır ki, Moskva bu topu Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizinin açılmasına qarşı yox, sadəcə, öz rolunu Bakı-İrəvan gündəliyinə təsir etmək üçün fırladır.
Rusiya üçün Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti kiçilməyib, çünki Moskva qlobal tədarük yollarında yeni alternativlər axtarır ki, regiondakı həmin layihə Kremlə məqbuldur.
Lakin Rusiyanın Qafanda konsulluq açmaq barədəki xəbərdaredici tondakı mesajlarından sonra Azərbaycan Moskvanı bu addımdan çəkindirə bilməkdə israr edə və Türkiyənin Moskva ilə strateji tərəfdaşlığı bu işdə rol oynaya bilər.
Çünki Rusiyanın Qafanda konsulluq açması dəhlizin açılmasına maneə yaratmasa da, Moskvanın Bakıya qarşı iştahasını qaldıra biləcək elementləri özündə daşıyır.
Moskvanın planı Azərbaycan-Ermənistan münasibətləri üzrə tənzimləmədəki Qərb aktivliyini sabotaj etmək məqsədlərinə söykənir.
Aqşin Kərimov