Siyasət

"Azərbaycan Zəngəzur dəhlizini açmağı hədəfləyir" - Başqa yolu YOXDUR!

"Azərbaycan Zəngəzur dəhlizini açmağı hədəfləyir" - Başqa yolu YOXDUR!


"27 Sentyabr 2020-ci ildə başlayıb 44 gün ərzində Azərbaycanın zəfəri ilə bitən II Qarabağ savaşından sonra həm Azərbaycan, həm də dünyada yeni dövrün əsası qoyuldu.
10 Noyabr 2020-ci ildən etibarən Azərbaycanın xarici siyasət strategiyada yeni konsepsiyaya keçməsi getdikcə öz məntiqi nəticəsini verməkdədir".

Bu barədə “Sherg.az”a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bildirib. O qeyd edib ki, Azərbaycanın seçdiyi xarici siyasi strateji xətt çoxşaxəli xarici siyasət strategiyasından ibarətdir:
" Azərbaycan bir tərəfdə Ermənistanı sülhə məcbur edib, Zəngəzur dəhlizini açmağı hədəfləyir. Digər tərəfdə Avropa ilə enerji sahəsində əməkdaşlığı dərinləşdirir. Naxçıvana keçid üçün İranla anlaşmaya imza atır. Ukrayna müharibəsindən öncə Rusiya ilə müttəfiqlik müqaviləsi imzalayır. Həmçinin Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının dialoq ortağı olaraq sammitə önəmli tərəf kimi qatılır. Avropa Siyasi Birliyinin Praqada keçrilən ilk sammitinə dəvət alır və orada 30 ildən sonra Avropanın gözü önündə Ermənistana Azərbaycanın ərazisini tanıtmağı bacarır.

Nəhayət, bütün türkdilli dövlətlərlə müttəfiqlik haqqında sənədə qol çəkir. Asiyada təhlükəsizlik və əməkdaşlıq platformasında aktiv şəkildə iştirak edir.

Azərbaycan ən çətin vəziyyətdə belə dünyanın mövcud şərtlərini nəzərə almaqla yanaşı, həm də balanslı xarici siyasət qurmaqla, öz təhlükəsizliyini təmin etməklə region və dünya dövlətləri ilə aktiv xarici siyasət yürüdür. Ən başlıca şərt siyasəti və onun şərtlərini bilməkdən asılıdır.

Azərbaycan prezidenti cənab İlham Əliyevin uzun dövlətçilik təcrübəsi və dərin siyasi savadı imkan verir ki, hətta kiçik dövlət olmağımıza baxmayaraq, əlimizdə olan maddi və mənəvi resurslarımızdan səmərəli şəkildə faydalanmaqla dünyanın nəhəng dövlətləri ilə bir masada nüfuz mübarizəsi apara bilək".

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib. Ölkəmizin başçısı Zəngəzur dəhlizi məsləsinə toxunaraq qeyd edib:
"Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Hörmətli həmkarlar, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir".