Deputatın şirkəti Şəhid anası ilə ÇƏKİŞİR - Borcu silən “Kontakt Home” yenidən PUL tələb edir
Vətən müharibəsinin Qaradağdan olan ilk şəhidi Ağabəy Məmmədquliyevin anası “Kontakt Home”dan şikayətlənib. İlahə Məmmədquliyevanın sözlərinə görə 2020-ci ilin dekabrında şirkətdən kreditlə mobil telefon və televizor alıb.
Bir müddət sonra şəhid ailələrinə olunan güzəştlərlə bağlı digərləri kimi onların da kreditə götürdükləri məhsulların ödənişi ləğv edilib.
Üzərindən 2 il keçəndən sonra Məmmədquliyevlər ailəsinə Qaradağ Rayon Məhkəməsindən qətnamə gəlib. Iddiaçı tərəf şəhid ailəsindən Samsung Galaxy A31 telefonuna görə 828 manat, Samsung LED televizoruna görə isə 1575 manat borcun ödənilməsini tələb edir.
Çarəsiz qalan şəhid anası Bizim.Media-ya müraciətində “Kontakt Home”un bu addımından gileylənib:
“İki il əvvəl “Kontakt Home”un 28 may filailından telefon və televizor almışdıq. Bir müddət sonra bütün şəhid ailələrinin kredit borclarının bağışlanması ilə bağlı elan verildi.
Elandan sonra biz də öz növbəmizdə şəhid oğlumun ölüm kağızı və digər lazım olan bütün sənədləri “Kontakt Home”a təqdim etdik. Bir neçə gün sonra şirkətdən bir xanım əlaqə saxladı və “borcunuz silindi” dedi. Üzərindən 2 il keçəndən sonra məhkəmədən məktublar gəlib və 2403 manat borcun ödənilməsi tələb olunur.
Oğlum şəhid olandan sonra Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Qurum məni süpürgəçi işinə düzəlti və ayda 284 manat əməkhaqqı alıram. Ödəməyə gücüm yoxdu və məcburam ki, məhsulları geri qaytarım. Amma “Kontakt Home” məni hədələyir ki, borc ödənilməsə, özləri əməkhaqqı kartımdan pulu çıxacaqlar.
Yeganə övladım şəhid oldu, onu qara torpağa verdim. Ürəyim dərddən qübar bağlayıb. Bu azmış kimi indi də məhkəmələrdə qalım?”
Məsələ ilə bağlı "Kontakt Home" mağazalar şəbəkəsinin mətbuat katibi Vəfa Rüstəmova Bizim.Media-ya açıqlamasında məsələnin araşdırılacağını deyib:
“Qətnamələrdə əks olunan müqavilələr müharibədən sonrakı borclarla bağlıdır. Qarabağ Proqramı çərçivəsində şəhid ailələrinin (birinci dərəcəli ailə üzvləri) Vətən müharibəsinə qədər alışları ilə bağlı borcların bağışlanması nəzərdə tutulub. Hər bir halda araşdırıb sizə geri dönüş edəcəyik”, - deyə şirkət rəsmisi əlavə edib.
Məlumat üçün bildirək ki, Vətən müharibəsinin Qaradağ rayonundan olan ilk şəhidi Ağabəy Zaur oğlu Məmmədquliyev 2020-ci il sentyabrın 28-də Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı 19 yaşında şəhid olub.
Bizim.Media