Rəsul Quliyev KİMİN ƏMİSİOĞLUDUR? - HƏQİQƏTƏN DƏ...
Oxu.az : - ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyev İran mövzusunda yenə Tehranın xeyrinə milli mənafeyimizə xələl gətirən sözlər deyib. Amma vaxtilə o, Azərbaycanın milli-demokratik düşərgəsinin liderlərindən sayılırdı. Qocaldıqca ağzından inci tökülmək əvəzinə, Rəsul Quliyev bu dəfə əvvəlki qalmaqallı fikirlərini LAF TV-nin efirində təzədən təkrarlayıb.
Yada salaq ki, onun öncəki müsahibəsi fars dilində alt yazıları ilə müşayiət olunurdu. Orada Quliyev İran-Azərbaycan mövzusunda danışaraq deyirdi ki, vətənimiz İrandır, 1812-ci ildə Rusiya Azərbaycanın yarısını İrandan qoparıb, ruslar belə etməsəydi, biz İran vətəndaşı olacaqdıq. Həmin fikirləri inkişaf etdirən eks-spiker İranda baş verən inqilabların heç də milli-azadlıq mübarizəsi xarakteri daşımadığını vurğulayıb. O, İranın güclü orduya malik dövlət olduğunu, ona müqavimət göstərməyin faydasızlığını, ABŞ və İraq kimi dövlətlərin İrana bata bilmədiyini qeyd edib.
Bu videomüsahibə artıq R.Quliyevin öz köhnə düşüncələrində qaldığını bir daha təsdiq edir. Onu da qeyd edək ki, İran və erməni mənbələri bu müsahibəni öz dillərinə çevirərək media qurumlarında intensiv və həvəsli şəkildə yayırlar. Onlar üçün bir Azərbaycan siyasətçisinin dilindən səslənən bu cür fikirlər göydəndüşmə təbliğat arqumentləridir.
Sabiq spiker nədən yenə Azərbaycan xalqını fars rejiminin ayağına verib? Niyə o, Azərbaycan dövlətinin deyil, 35 milyonluq soydaşımızın elementar haqlarını çeynəyən İran adlı dövlətin təəssübünü çəkir? Azərbaycanı dövlət kimi xəritədən silməyə çalışan məkrli qüvvələrin, burdakı İrana bağlı “5-ci kolon”un çörəyinin üstünə yağ sürtür?
AĞ Partiya başqanı Tural Abbaslı istənilən halda belə cümlələri qüsurlu sayır: “Rəsul Quliyevin fikirləri ilə bağlı digər partiyaların mövqe bildirməyinin tərəfdarı deyiləm. Hər bir partiya öz mövqeyinə, davranışlarına cavabdehdir. Amma bəzən ümummilli maraqlar söz konusu olur ki, orada cavab verməyə məcbur qalırsan. Düşünürəm ki, Rəsul bəy kifayət qədər təcrübəli siyasətçidir. Zamanında dövlətin kritik məqamlarında yüksək vəzifədə çalışmış şəxsdir. İran-Azərbaycan münasibətlərinin belə bir həssas dönəmində daha uyğun ifadələr seçə bilərdi. Əks tərəfin onun fikirlərindən şəxsinə qarşı istifadə etməmək kimi ifadələr işlədə bilərdi. Amma fikirlər onundur. Sadəcə, şəxsi düşüncəmə görə, uğursuz mövqedir. Azərbaycan müstəqil dövlətdir və heç kəsdən asılacağı yoxdur. İran, başqa hansı böyük dövlət olur-olsun, Azərbaycan öz qüruru ilə yaşayan bir dövlətdir”.
BAP sədri Elşad Musayev sərt danışdı: “Açığı, mən Rəsul Quliyevin İranla bağlı mövqeyi ilə tanış deyiləm. Ona görə də, bu barədə hansısa fikir bildirməyim doğru olmaz. Ancaq bütövlükdə İran ordusunun gücü barədə onu deyə bilərik ki, bu ordu İraq ordusuna qalib gələ bilmədi, dəfələrlə hədələmələrinə baxmayaraq İran İsraillə açıq döyüşə girməkdən həmişə qaçıb. ABŞ İranı zəif saxlamaqda maraqlıdır, amma onu birdəfəlik sıradan çıxarmır. Səbəb də odur ki, yeri gələndə Səudiyyə Ərəbistanı da daxil olmaq şərti ilə bir sıra ərəb ölkələrinə qarşı İrandan istifadə edir. İranın nüvə obyektlərini dağıtdılar, məşhur generalları Qasim Süleymanini amerikanlar öldürdülər. İranın cavabı nə oldu? Heç nə, boş sözlər. İran yalnız bir sıra Yaxın Şərq ölkələrindəki terror qruplarına silah verər, müəyyən gizli işlər çevirər. Köhnə silahları ilə iri güclərə, modern silahlara və yaxşı təlim görmüş orduya sahib olan dövlətlərə heç nə edə bilməz. Konkret indiki halda da İran rəhbərliyinin Azərbaycana yönəlik ağılsız və hədlərini aşan bəyanatlarının arxasında da boş söz yığınından başqa heç nə durmur. İran Azərbaycanın daxili işlərinə burun soxmağı, agentura şəbəkəsi yaratmağı dayandırmalı, özünü yığışdırmalıdır. Dünya dəyişir, İran rəhbərliyi də qəflət yuxusundan ayılıb mövcud reallıqları qəbul etməlidir”.
AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov Azərbaycanın nə ABŞ, nə də İraq olduğunu qeyd etdi: “Rəsul Quliyevin məlum fikirləri ilə tanışam və onun Şah İsmayıl Xətai haqqında və ümumiyyətlə, İranla bağlı dediklərini tariximizi saxtalaşdırmaq cəhdi kimi qiymətləndirirəm. Dili türk, ordusu türk, yazdıqları türk, dövlətinin paytaxtı türk xanədanlarının baş kəndi Təbriz olan və ümumiyyətlə Azərbaycan milli kimliyinin formalaşmasında böyük tarixi rol oynamış şəxsə İran şahı demək ya hansısa məqsədlərə xidmət edir, ya da intellektual dayazlığın nəticəsidir. İndi isə İranın güclü orduya malik dövlət olduğunu, ABŞ və İraq kimi dövlətlərin İrana bata bilmədiyini və elə bu səbəbdən də ona müqavimət göstərməyin faydasızlığını təbliğ etməyə başlayıb. Əslində bu cür zərərli təbliğat aparan birinin dedikləri ilə bağlı geniş müzakirələr açıb onu gündəmdə saxlamağın əleyhinəyəm. Amma Rəsul Quliyevin açıqlamalarının İran və erməni mənbələri tərəfindən tez-tələsik tərcümə edilərək öz media qurumlarında həvəslə tirajlaması onun dediklərinə münasibət bildirməyi zəruri edir.
Onun açıqlamalarından belə çıxır ki, əgər İranın güclü ordusu varsa, demək ki, biz susmalıyıq və İranın bütün dediklərinə “baş üstə” deməliyik. İran deyir ki, 30 illik status-kvonun dəyişdirilməsinin əleyhinədir, deyir ki, siz Gorus-Qafan yolundan çəkilin və ora yenə erməni işğalında qalsın ki, mən o yoldan ürəyim istədiyini daşıyım. Deyir ki, torpaqları işğaldan azad edəndə terrorçulardan istifadə etmisən və o terrorçular indi də Azərbaycandadır. Rəsul Quliyevdən soruşmaq lazımdır. İndi sən nə deyirsən? İranın güclü ordusu var deyə işğaldan azad etdiyimiz torpaqları ermənilərə qaytaraq? Ərazimizdən yenə də qaçaqmalçılıq məqsədləri ilə istifadə edildiyinə göz yumaq? Yoxsa separatçı rejiminin dəstəkləməsini cavabsız qoyaq?
İran mediası isə bu cür sərsəm açıqlamaları tirajlamaqdansa İran SEPAH-ının təlimlərdə istifadə etdiyi silah-sursata baxsa daha yaxşı olar. İranın, Rəsul Quliyevin dediyi o güclü ordusu 70-ci illərin texnikası isə silahlanıb, əsgərləri isə hətta təlim bölgəsində belə boz qurd salamı verib şəkil çəkdirirdilər. Azərbaycan nə ABŞ, nə də İraqdır. Çünki Azərbaycanın indiki İran ərazisində 30 milyonluq ordusu var".
R.Quliyevin Azərbaycandakı rəsmi nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlundan da mövqe aldıq. O bunları dedi: “Bu mövzunu təhrif edərək xüsusi sevgi ilə işıqlandıran media qurumlarını anlamaq çox çətindir. Birincisi, Rəsul Quliyev İranın deyil də, Azərbaycan dövlətinin maraqlarından çıxış edib və edir. Müsahibə ərzində Rusiya-Qacar savaşına toxunması da tarixi prosesdir. Bu tarixi savaşla bağlı hətta orta məktəb tədrislərində də bəhs olunur. Rəsul Quliyev də bu tarixə ekskursiya edərək bildirir ki, əgər bu savaş olmasaydı, Qacar Türk İmperiyası bütöv qalardı (bugünkü İran ərazisi daxil) və bu böyük dövləti də azərbaycanlılar idarə edərdi. Eyni zamanda, Rəsul Quliyev məlum müsahibəsində Azərbaycan xalqını imperiya quran xalq kimi qiymətləndirmiş və Qacar İmperiyasını da farsların deyil, azərbaycanlıların yaratdığını xüsusi vurğu ilə ifadə etmişdir. Çox təəssüflər ki, bu vurğu bir çoxlarının diqqətindən ”qaçır". Biz anlayırıq və bilirik bu tip yazıların xüsusilə qabardılaraq, hansı mətbəxtdən nə niyyətlə hazırlandığını. Rəsul Quliyevin İran agenturasını hədəf seçdikdən sonra sifarişli qara piar işinin necə və niyə təşkil edilməsindən də məlumatlıyıq... Allah bazar versin deməkdən başqa deyəcək söz yoxdur".
“Yeni Müsavat”